Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi qəzaya uğrayan AZAL təyyarəsinin pilotlarının internetə sızan danışıqlarının stenoqramını şərh etməkdən imtina edib.
Musavat.com xəbər verir ki, bu barədə “orda.kz” nəşri məlumat yayıb.
"Aviasiya hadisəsinin araşdırılması üzrə komissiya hadisənin səbəblərini müəyyən etmək üçün işini davam etdirir. İlkin hesabat dərc olunana qədər komissiya heç bir rəsmi mənbəyə əsaslanmayan internet məlumatlarını şərh etməyəcək", – deyə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
Nazirlik əlavə edib ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.
Qeyd edək ki, danışıqların stenoqramını “Baza Telegram” kanalı dərc edib.
İddialara görə, pilotlar uçuş istiqaməti olaraq Aktaunu öz qərarları ilə seçiblər. Bu məlumat sosial mediada geniş müzakirələrə səbəb olub, lakin rəsmi qurumlar məlumatın dəqiqliyinə dair heç bir təsdiq təqdim etməyiblər.
Musavat.com