Belə bir ifadə var: Bapbalaca boyu var, dam dolusu toyu var. Bu ifadə sanki Qətər dövlətinin boyuna biçilib.
Paytaxtı və ən böyük şəhəri Doha olan Qətər hal-hazırda dünyanın ən varlı ölkəsi sayılır. Orada adambaşına düşən illik gəlir 115 min dollardan çoxdur. 3 milyon əhalisi olan balaca bir ölkə, ancaq böyük işlərlə uğraşan bir ölkə...
Məsələn, Suriya ilə bağlı deyirik ki, Türkiyə Bəşər Əsədi və onunla da birlikdə Rusiya və İranı bitirdi. Şübhəsiz ki, bu, belədir...
Ancaq bu işin arxasında dayanan əsas ölkə Qətərdir. Bu ölkəyə
Təmim bin Həməd Al Sani (1980) rəhbərlik edir. Bu ölkənin əsas özəlliyi qaz və neftlə bağlıdır. Əsasən qaz ölkəsi kimi tanınır.
QatarEnergy LNG və ya Qatargas dünyada bir saylı qaz hasilatçısı və tədürkçüsüdür. Hər il 77 million metric ton qaz hasil edir. Məhz bu ölkə öz qazını Avropa bazarına çıxarmaq istəyirdi. Ancaq Bəşər Əsəd buna imkan vermirdi. Niyə imkan vermirdi? Çünki İran və Rusiya Qətər qazının Türkiyə üzərindən Avropaya nəql olunmasını öz maraqlarına zidd hesab edirdilər...
Qətər problemi həll etmək üçün Türkiyəyə 10 milyard dollarlarla pul buraxdı. Ölkənin rəhbərliyi yaxşı başa düşürdü ki, yalnız və yalnız Tayyib Ərdoğan Bəşər Əsədi devirə bilər. Ona görə də sonuncu prezident seçkisində Tayyib Ərdoğana aşırı səviyyədə dəstək verdilər. Təxminən Azərbaycan kimi. İlham Əliyev də başa düşürdü ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının o vaxtkı sədri Kamal Kılıçdaroğlu prezident seçilsə Azərbaycan erməniləri Dağlıq Qarabağdan çıxara bilməyəcək. Yəni İlham Əliyev cənab Ərdoğanın “qara qaşına, qara gözünə” vurulmamışdı. Konkret maraqlar konkret addımlar tələb edirdi...
Nəticə əla oldu, Tayyib Ərdoğan öncə Azərbaycanı, daha sonra isə Qətəri arzusuna çatdırdı...
İndi Qətər qazı Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən Türkiyəyə, oradan isə bütün Avropa ölkələrinə şaxələnəcək...
Sözümün canı o ki, Qətər kimi balaca bir ölkə o boyda Rusiya və İrana qarşı qaz müharibəsi apardı və həmin müharibəni uddu. Görürsüz? Balaca bir ölkə ağılla, təmkinlə öz hədəfinə doğru getdi və bu da nəticə...
Reallıq belədir ki, Qətər balaca da olsa, böyük maliyyə imkanlarına sahibdir. Türkiyənin isə hərbi qüdrəti günbəgün artır. Qətər Türkiyənin hərbi gücünə stavka etdi və oyundan qalib çıxdı. İndi Rusiya da, İran da başına döyə-döyə qalıb...
Ən çox itirən isə Rusiyadır. Rusiya qazını gül kimi Avropaya satırdı, özü də ən yüksək qiymətə. Ukraynaya qarşı müharibəyə başlamaqla bu nəhənglikdə bazarı və müvafiq olaraq nəhəng pul kütləsini itirdi. İndi Qətər həmin o nəhəng bazarın və pul kütləsinin xəyalını reallaşdırmaq üçün növbəti mərhələdə atılası addımları ölçüb-biçməklə məşğuldur...
Elbəyi Həsənli
visiontv.az