Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri ilə bərabərhüquqlu tərəfdaş olmaq istiqamətində əməkdaşlıqlarını daha da genişləndirir. Bu istiqamətdə növbəti addım Böyük Britaniyanın De Montfort Universiteti ilə olub.
Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Ölkəmizdə işgüzar səfərdə olan Böyük Britaniyanın De Montfort Universitetinin nümayəndələri öncə UNEC-in infrastrukturu və tədris proqtamları ilə tanış olublar.
Sonra britaniyalı nümayəndələr UNEC-in rektoru professor Ədalət Muradovla görüşüblər. UNEC-in beynəlxalq standartlara uyğun fəaliyyətini yüksək qiymətləndirən xarici qonaqlar bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Görüşdə hər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətlərində müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq, UNEC ilə De Montfort Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandumda müəllim-tələbə mübadiləsi, tədqiqatla bağlı simpoziumların və konfransların təşkili, innovativ tədris və idarəetmə metodlarının mübadiləsi, birgə elmi və metodik nəşrlərin hazırlanması, ikili diplom, birgə magistr və bakalavr, eləcə də mini MBA proqramlarının reallaşdırılması nəzərdə tutulub.
Eyni zamanda, memorandumda ilk dəfə olaraq ənənəvi əməkdaşlıqla yanaşı, ömürboyu təhsil, inklüziv təhsil, ətraf mühitin menecmenti, ortaq proqram və fakültənin yaradılması ilə bağlı əməkdaşlıq da öz əksini tapıb.