Hər zaman bir-birindən maraqlı layihələri ilə teatrsevərlərin marağına səbəb olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 2024-cü ili də uğurla başa vurub. Özünəməxsus və zəngin repertuar siyasətinə malik sənət ocağında ötən il müxtəlif janrlı 10 tamaşanın premyerası olub.
"Adamın adamı" (Vasif Adıgözəlov, Anar, quruluşçu rejissor Əsgər Əsgərov), "Palata" (Anton Pavloviç Çexov, səhnələşdirən B.Osmanov, quruluşçu rejissor Ər-Toğrul), "Qadınım" (Tuncər Çücənoğlu, quruluşçu rejissor İradə Gözəlova), "Əliqulu bu gün evlənir" (O.Rəcəbov, Sabit Rəhman, libretto müəllifi və quruluşçu rejissor İlham Namiq Kamal), "Aysedora" (Zinovi Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev), "Killerdən teleqram" (Pərviz Seyidli, quruluşçu rejissor Zaur Əliyev), "İnanıram" (Ülviyyə Heydərova, rejissor Leonid Klets) tamaşalarının premyeraları anşlaqla keçib.
Həm azərbaycan, həm də rus dilində hazırlanan "İki küpəgirən qarı" (Əli Əlizadə, Tatyana Karelina, Roman Sef, quruluşçu rejissor Əhəd Hacıyev) və Yeni il hədiyyəsi kimi "Evdə tək" (Kris Kolumbusun eyniadlı filmi əsasında, quruluşçu rejissor Zaur Əliyev) tamaşaları da balaca teatrsevərlərin ixtiyarına verilib.
Qeyd edək ki, "Əliqulu bu gün evlənir" tamaşası "Şöhrət" ordenli Xalq artisti İlham Namiq Kamalın 75 illik yubileyi münasibətilə təqdim olunub.
Teatrın yaradıcı heyəti yeni tamaşaları ilə həm müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, həm də ölkədaxili qastrollarda iştirak edib, müəyyən nominasiyalar üzrə mükafatlara layiq görülüb.
"Aysedora" Belarusun Brest şəhərində keçirilən 28-ci "Belaya Veja" Beynəlxalq Teatr Festivalında, "Killerdən teleqram" monotamaşası isə Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. "Qadınım" tamaşası isə həm Türkiyənin Konya şəhərində 16-cı dəfə keçirilən "Min nəfəs, bir səs" Teatr Festivalında, həm də Gəncə Dövlət Filarmoniyasının səhnəsində təqdim edilib.
Milli.Az