Latviyanın “Yelqava” klubunun ukraynalı mərkəz müdafiəçisi Vladislav Veremeyev bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb. Sözügedən klub müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə ilyarımlıq (2026-cı ilin 30 iyununadək) müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub. O, 2024-cü ilin iyul ayında müqavilə bağladığı “Yelqava”da 30 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi “Şamaxı”ya azad agent kimi keçib.
Vladislav Veremeyev daha öncə “Kalyu”, “Skoruk”, “Sumı”, “Mixalovçe”, “Zirka” kimi klublarda da forma geyinib.
Xatırladaq ki, “Şamaxı” Veremeyevdən öncə Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”), Andrey Tırkovyanu (“Pasifik”, Kanada) və Alfons Mabula Msanqanı (“Spartak”, Serbiya) da heyətinə qatmışdı. Əyalət klubu bu qış fasiləsində Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov və Conatan Benteke ilə yollarını ayırıb. Edqar Adilxanovla da yeni müqavilə imzalanıb.