AZ

“Bu Sənan həkim kimdir, nəçidir…” – Sosioloq üsyan etdi

Sosioloq Yusif Nəbiyev burnunda çəpər əyriliyi səbəbindən əməliyyat olunan Nəzrin Mansurlunun ölümü ilə bağlı yazıb. Tribunainfo.az yazır ki, Nəbiyev fikirlərini bölüşüb: “Şəxsən mənim özümün 30 yaşlı həyat yoldaşım və 3 yaşlı övladım var.
Özümü Nəzrin Mansurlunun yoldaşının yerinə qoyanda elə bilirəm dünya qaranlığa bürünür. Gənc yoldaşımı itirirəm. Bütün günü “ana-ana” deyib ortalıqda ora-bura qaçan 3 yaşlı körpə övladım da anasızlığın acı üzünü görməyə məcbur olur. Bir ömür bu reallığın fəsadlarını qucaqlamağa məcbur qalır.
Dəhşətdir sadəcə. Nəzrin üçün Allahdan rəhmət və behişt diləməklə bərabər, onun yoldaşına səbr və güc, bu körpə yaşda anasız qalan körpəsinə də nə bilim, bilmirəm nə arzu edirəm. Bu yaşda ona ən çox lazım olan şeyi – anasını əlindən alandan sonra Allahdan bunun qarşılığında nə istəyə bilərəm ki? Heç olmasa o körpəni xoşbəxt eləsin necəsə.
Bu zərbənin qarşılığında biz o qardaşa – Nəzrinin yoldaşına necə kömək edə bilərik? Daha da önəmlisi, nə edə bilərik ki, növbəti Nəzrinlər qurban getməsin və növbəti dəfə ailələr bədbəxt olmasın?
İlk olaraq hadisəni düzgün bilməliyik:
Nəzrin xanım burun çəpəri əyriliyindən əziyyət çəkirdi. Həkimlər əməliyyatı uyğun görmüşdülər. Sonra faktiki həkimi (Sənan Mehdiyev) tövsiyə edib ki, onsuz da, necə deyərlər, bıçaq dəymişkən, gəl burundakı kiçik nöqsan var, onu da aradan qaldıraq. Nəzrin xanımgil də deyiblər, necə məsləhətdir.
Sonra isə əməliyyat baş tutur və olanlar olur. Nəzrin xanım evə gedir, səhəri gün kəskin başağrısı və sıxılma hiss edir. Sənan həkimə zəng edib soruşurlar, Sənan həkim deyir ki, normaldır, olan şeydir. Bir gün sonra Nəzrin xanım özündən gedir və təcili yardımla başqa bir xəstəxanaya aparırlar. Xəstəxanaya çatandan cəmi 40 dəqiqə sonra orada şok keçirir. Qoyulan diaqnoz isə Septik Şok diaqnozu olur. Tibb anlayışı olanlar bilir ki, bu diaqnozun loru dildə izahı “Allah rəhmət eləsin” deməkdir.
Ailəsi min bir ümid gözləyirlər, 2 yoxsa 3 gün koma vəziyyətində qalandan sonra isə Nəzrin xanımın ürəyi də dayanır və ölümü tam təsdiqlənir.
Bu Sənan həkim kimdir, nəçidir, bunu dövlətin aidiyyatı orqanları araşdırsın. Onun əlindən can verən Leyla adlı başqa bir gənc xanım da olub. Bu adam peşə öhdəliklərini yerinə yetirə bilmirsə cəmiyyətin başına dikilmiş ətkəsən maşındırsa, bunu ifşa etməli, vəzifəsindən də birdəfəlik uzaqlaşdırmalıdırlar. Bu, işin dövlətin öhdəliyində və səlahiyyətində olan hissəsidir.
Bəs biz nə edə bilərik?
Bir vətəndaş olaraq mövqe qoyarkən maksimum doğru mövqe qoymalı, diqqəti yanlış məqamlara yayındırmamalıyıq. “Gül kimi qızdır, ona plastik əməliyyat nə lazım idi?”. Bu sual yersizdir. Hər şeydən öncə, dediyim kimi, xanım rinoplastika üçün getməyib ora, çəpər əyriliyini HƏKİM TÖVSİYƏSİ İLƏ aradan qaldırmaq üçün gedib. Amma lap rinoplastika üçün getmiş olsa belə, bu nə qeyri etik işdir, nə illeqal işdir. Bunun müzakirəsi dinc vaxtda, elə-belə kofe içərkən mümkündür. Ortada ölüm halı olarkən, o hənanın yeri deyil. Çünki bu halda problemi fərdilikdən çıxarıb sosial miqyasa qaldırırıq və Sənan həkim kimi şübhəli həkimlərin əppəyinə yağ sürtürük. Onların istədikləri elə budur ki, adları hallanmasın. Adı hallanan şey plastik əməliyyat olsun. İnsanlar hansısa tibbi prosesi söysünlər, o həkimi yox.
Buna bir vətəndaş olaraq yol verməməliyik. Həm cəmiyyət naminə, həm də o yuvası dağılmış qardaş və onun yetim qalmış körpəsi naminə. Çünki onun yerində sabah biz də ola bilərik. Bizim əzizlərimiz də ola bilər.
Burada üzərinə sadə vətəndaşdan daha çox öhdəlik və məsuliyyət düşən kəsim isə media nümayəndələridirlər. Onlar bu məsələni gündəmdə saxlamaq üçün – amma düz formada gündəmdə saxlamaq üçün səy göstərməli, çəkici bir mismara vurmağı bacarmalıdırlar.
Təəssüf ki, Azərbaycanda bəzi işlər yalnız o halda operativ şəkildə yoluna qoyulur ki, o hadisə ictimailəşir və rezonans yaradır. Media nümayəndələri buna çalışmalıdırlar ki, gündəmi hansısa müğənni, aktyor, hansısa düşük bir blogger zəbt edə bilməsin.
Gündəmdə bu suallar olmalıdır:
Sənan Mehdiyev kimdir? O niyə xəstəni əməliyyat etməzdən dərhal əvvəl analiz tələb etməyib və 1 ay əvvəlki analizlərlə kifayətlənməli olub? Əməliyyatdan sonra kəskin baş ağrısı olarkən o niyə deyib ki, “olan şeydir”? Xəstə Septik Şok diaqnozu ilə (“Allah rəhmət eləsin” diaqnozu) süni nəfəs aparatında yatanda niyə bu həkim zəng edib xəstə yaxınlarına “onun dəyərlərində heç bir problem yox idi, narahat olmayın” deyib? Niyə bütün narahatlıqlara baxmayaraq xəstə yaxınlarını razı salmaq üçün dəridən qabıqdan çıxıb ki, sanki hər şey qaydasındadır? Nəzrindən əvvəl bu həkimin əlində can verən Leyla niyə can verib? Xəstə əməliyyatdan 48 saat sonra evə buraxılmalı ikən, niyə tez-tələsik cəmi 12 saat sonra evə buraxılıb? Nədən qorxulub? Nə gizlədilməyə çalışılıb? Yoxsa Qroznıya uçan təyyarənin aqibətini bildiyi üçün onu Xəzərə yönəldən Rusiya kimi, bu həkim də olacaqları bildiyi üçün “xata başımdan uzaq olsun” deyərəkmi Nəzrini evinə göndərib?
Bax bu suallara cavab axtarmalıdır media nümayəndələri və jurnalistlər.

Seçilən
26
50
tribunainfo.az

10Mənbələr