AZ

Erlinq Haland 2034-cü ilə qədər “Mançester Siti”də - Rəsmi

“Mançester Siti” “şəhərlilər”in “vuran ayağı”, norveçli qolçu hücumçu Erlinq Haland ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə “Mançester Siti”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Yeni müqavilənin müddəti 2034-cü ilə qədər – 9,5 il müddətinə qüvvədə olacaq.

“Erlinq qalmaq üçün buradadır! Erlinq Halandın “Mançester Siti” ilə müqaviləsinin müddətini 2034-cü ilə qədər uzatdığını elan etməkdən məmnunuq”, – “şəhərlilər”in rəsmi bəyanatında deyilir.

Daha əvvəl bildirilmişdi ki, köhnə müqavilə əsasında qüvvədə olan bütün satınalma müddəaları yeni müqavilədə yer almayıb. Halandın maaşı klubda ən yüksək maaş olacaq. Bunun idman tarixinin ən bahalı müqavilələrindən biri olduğu bildirilir.

“Nə olursa olsun, “Mançester Siti”də olacağam”

“Qolçu vikinq” yeni müqaviləsi ilə bağlı fikrini ifadə edib:

“Mən yeni müqavilə imzaladığım üçün və bu böyük klubda daha çox vaxt keçirmək imkanım olduğu üçün çox şadam. “Mançester Siti” fantastik insanlar və heyrətamiz azarkeşlərlə dolu xüsusi bir klubdur və bu, hər kəsin ən yaxşısını ortaya çıxaran bir mühitdir.

Mən həmçinin “Pep” Qvardiolaya, onun məşqçi heyətinə, komanda yoldaşlarıma və klubdakı hər kəsə təşəkkür etmək istəyirəm, çünki onların hamısı mənə son bir neçə ildə çox kömək ediblər. Buranı onlar xüsusi ediblər və indi mən nə olursa olsun, “Mançester Siti”də olacağam!

Mən tərəqqiyə davam etmək, öz üzərimdə işləmək və daha böyük uğurlar qazanmağımıza kömək etmək üçün mümkün olan hər bir xüsusu icra etmək istəyirəm”, deyə Haland vurğulayıb.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.

Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 21 qol vurub, 1 məhsuldar ötürmə verib.

Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 126 oyun, 111 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 39 oyuna 38 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu, Halandın dünyanın ən bahalı iki futbolçusundan biri olduğu deməkdir (digəri “Real”ın və Braziliya millisinin hücumçusu Vinisius Juniordur).

Seçilən
14
22
arena.az

10Mənbələr