AZ

Məxfi ABŞ-Azərbaycan danışıqları açıldı- Azərbaycana qarşı işləyən qurum bağlandı...

Image

ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID), eləcə də Amerikanın bir sıra  qeyri-hökumət təşkilatlarının  Azərbaycanda həyata keçirdiyi layihələrin ölkəmizin milli maraqları ilə ciddi ziddiyyət təşkil etməsi heç kimə sirr deyil. 

Bu fonda USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması vaxtaşırı aktuallaşan məsələlərdən biri kimi çıxış edir.

Xatırladaq ki, prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məsələyə toxunmuşdu. USAID, Bayden administrasiyası barədə danışarkən dövlət başçısı qeyd etmişdi: “Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil”. Bununal yanaşı, prezident demişdi ki, Tramp USAID- i birdəfəlik qadağan edə bilər. Hələlik isə ABŞ xarici siyasətində USAID-dən istifadə siyasətini davam etdirir. Belə vəziyyətdə Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən bu qurumun ölkəmizdə işini davam etdirməsi qeyri-mümkün hesab edilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fonda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında səsləndirdiyi fikirlər qeyd olunanlar fonunda xüsusi maraq doğurur. Nazir bildirib ki, Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə “cəzalandırıldı”. Onun sözlrinə görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi: “Bundan qısa müddət sonra biz ABŞ-dan beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”. XİN başçısı vurğulayıb ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi: “Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”. Nazir bəyan edib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. O xatırladıb ki, 2000-si ildən çərçivə sənədi mövcud idi: “Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərlə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik”.

C.Bayramov bildirib ki, bu sazişin xitam müddəti 2024-cü ilin fevral ayına təsadüf edirdi: “Bu ərəfədə ABŞ-dan Azərbaycana ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təkliflər yazılı şəkildə ABŞ-a göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi”. Nazir əlavə edib ki, USAİD-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: “Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”. Azərbaycanın belə yanaşması təsadüfi xarakter daşımır. Çünki USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri də müstəqil siyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onları maliyyələşdirməkdir. Müxtəlif istiqamətli, fərqli adlar altında yaradılan bu tip təşkilatlar ümumi məqsədə xidmət edir. Bu da belə demək olarsa, “sözə baxmayan” ölkələri ram etmək üçün onlara daxildən təzyiqlər etmək məqsədidir. Təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək vermək olub. Bu arada onu da xatırladaq ki, USAID Ermənistana son maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artırıb. Bu addım fərqli istiqamətlərə yozulsa da, əsl niyyət ortadadır - USAID-in arxasında duran beynəlxalq şəbəkələrin, mərkəzlərin erməni məsələsini, onların mövcudiyyətini Cənubi Qafqazda davam etdirmək və erməni kartından öz məqsədləri üçün istifadə etmək istəyirlər. USAID-in müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar məqsədli xarakter daşıyır. 2019-2020-ci illərdə keçmiş SSRİ ərazisindəki dövlətlərdə müxtəlif proqramlar üçün USAID 775 milyon dollar vəsait xərcləyib. Ən çox vəsait Gürcüstan və Ukraynaya ayrılıb ki, bu ölkələrdəki siyasi vəziyyət göz qabağındadır. Yardımlar vasitəsilə yaradılan təşkilatlar yalnız USAID tərəfindən verilən tapşırıqları icra edirlər. Bu gün müxtəlif ölkələrdəki destruktiv fəaliyyətini nəzərə alan milli hökumətlər USAID-i ölkədən qovublar. Son 5 il ərzində USAID Belarus, Rusiya, Türkmənistan, Zimbabve, Venesuela, Boliviya, Konqo və digər ölkələrdən çıxarılıb. Azərbaycan da analoji addım atmağa hazırlaşır.

Samirə SƏFƏROVA





Seçilən
10
50
baki-xeber.com

10Mənbələr