Bazar ertəsi ABŞ prezidenti kimi vəzifəsinin icrasına başlayacaq Donald Tramp Suriyadan qoşunlarını çıxaracağını açıqlayıb. Lakin iddialara görə, ABŞ YPG-nin nəzarətində olan Kobanidə iki yeni hərbi baza açır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusuna yaxınlığı ilə tanınan “Military Times” və “The War Zone” nəşrləri yazıb.
İddialara görə, artıq baza üçün zəruri olan materiallar hər gün yük maşınları ilə daşınır.
ABŞ-ın həmçinin Suriyanın şimalında 4 əsas hava və 2 zirehli mexanikləşdirilmiş bazası var.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun paylaşdığı məlumata görə, ABŞ Suriyanın şimalındakı mövcud hərbi bazalarında da gücünü nəzərəçarpacaq dərəcədə artırır.