AZ

İstanbulda TADEF-in VII Hesabat-Seçki Qurultayı keçirilib

İstanbul, 18 yanvar, Günel Karatepe, AZƏRTAC

İstanbulda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VII Hesabat-Seçki Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TADEF-in rəhbəri Ədalət Turan, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin sədrləri və üzvləri, QHT-lərin, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib.

Yanvarın 17-də işə başlayan qurultayın ilk günü TADEF-in illik fəaliyyəti, görülən işlərin hesabatı, gələcək fəaliyyətlər planı, diasporun fəaliyyətinə dair qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi kimi məsələlər barədə geniş məlumat verilib, federasiyanın illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Qurultayın ikinci günü mövzuya dair çıxışlar və hesabatların təqdimatı ilə davam etdirilib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun illik fəaliyyəti haqqında danışıb.

Bildirilib ki, ötən il ABŞ-ın doqquz böyük ştatının universitetlərində tələbə-gənclər təşkilatlarının yaranmasına dəstək verilib və bu fəaliyyət bu il də davam etdiriləcək. Qarşıdan gələn bir il üçün nəzərdə tutulan planlara toxunan sədr deyib ki, bunların arasında gənclər üçün mütəmadi olaraq keçirilən yay-qış məktəb və düşərgələrinin təşkili, nəşrlər və kitabların hazırlanması, araşdırmaların davam etdirilməsi, daha peşəkar forum və dərnəklərin qurulması, Almaniyada yaşayan və fəaliyyət göstərən həkimlərin bu il keçiriləcək üçüncü forumunun genişləndirilərək Avropa Həkimlər Forumu statusuna qaldırılması, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun fəaliyyətinin artırılması kimi məsələlər yer alır.

Qeyd edilib ki, dünyanın müxtəlif ölkələrində çox sayda azərbaycanlı elm adamı yaşayır, lakin, təxminən 40-a yaxın ölkədə yüzdən çox elm adamımız məhz alim kimi fəaliyyət göstərir, yaşadığı ölkədə fundamental elmə dəstək verir və bir çox nailiyyət əldə edib. Ötən il Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda 220 nəfərə yaxın alimimiz qeydiyyatdan keçmişdi. Bu alimlərdən yüzə yaxını forumda iştirak haqqı qazanıb ki, onların da böyük əksəriyyəti Türkiyədə yaşayan elm adamlarımızdır.

Fuad Muradov “Diaspor Akademiyası” layihəsi çərçivəsində artıq dördüncü belə qurumun fəaliyyətə başladığını bildirərək, Türkiyədə fəaliyyət göstərən dərnəklərin müraciət edərək qeydiyyatdan keçmələrini xahiş edib.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin hər sahədə olduğu kimi, diaspor fəaliyyətinə də verdiyi böyük dəstəyi xatırladan Fuad Muradov Türkiyənin də ölkəmizin yanında olduğunu, dünyanın bir çox yerində Türkiyə-Azərbaycan icmasının birgə hərəkət etdiyini deyib.

Bildirilib ki, Türk dövlətlərinin diaspor sahəsi üzrə rəhbər şəxslərinin görüşündə bir neçə yeni layihənin həyata keçirilməsi ilə bağlı həmrəylik ifadə edilib. Bu proqramlardan biri də Azərbaycanın və Türkiyənin təcrübəsindən istifadə edərək diaspor təşkilatları, dərnəklərlə bağlı yeni bir konsepsiya ortaya qoymaqdır və bütün türk dünyası dərnəkləri bu məsələ ilə yaxından maraqlanır.

TADEF-in Türkiyədəki Azərbaycan icmasının birliyi baxımından əhəmiyyətini vurğulayıb.

Digər çıxışçılar Ulu Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarını xatırladıblar.

Türkiyənin və Azərbaycanın hər sahədə olduğu kimi, diaspor fəaliyyətində də birgə addımladığını qeyd edən natiqlər dünyadakı diaspor təşkilatlarımızın əsas nümunəsi olaraq birliyimizi göstəriblər.

Toplantıda keçirilən səsvermə ilə federasiyanın yeni idarə heyəti müəyyən olunub. Ədalət Turan növbəti dəfə TADEF-in sədri seçilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində yanvarın 19-da Qars şəhərinə gedərək burada görüşlər keçirəcək. Yanvarın 20-də isə nümayəndə heyətimiz İğdır şəhərlərində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçiriləcək konfransda iştirak edəcək, bu şəhərdəki Azərbaycan icmasının üzvləri və diaspor təşkilatlarının rəhbərləri ilə görüşəcək.

 

Seçilən
43
5
azertag.az

10Mənbələr