AZ

"Erməni müəllimin alnına telefonu çırpdım" - 35 il öncə nələr yaşanıb?

“İllər keçdikcə bir daha şahidi olursan ki, insanları acı xatirələr qədər, heç nə bir-birinə bağlaya bilməz".

 

Qanlı faciədən 35 il ötür... İllər keçir, gənc nəslin gözüylə görmədiyi hadisə hələ də ürəyini dağlayır. Qəribədir, sanki o vaxtlar bizim də ruhumuzu bədənimizdən çıxarıb, həyata gözümüzü əbədi yummuşdular... Qəribədir, görməsək belə hələ o anların şahidi olanları dinləyəndə ürəyimiz ağrıyla, acıyla çırpınır. Deyirlər insan yalnız başqasının ağrı-acısını duyanda əsl insan olur...

 

AzEdu.az Təhsil Portalı olaraq faciə şahidlərindən olan Nadir İsrafilov həmin günə getdik...

 

“Hər 20 yanvar günü və bu ərəfələrdə sanki, dünən olmuş kimi 90-cı illərin qanlı-qadalı, əzablı-açılı xatirələri gözünün önündə canlanır və istər-istəməz bir anlığa xəyallara qapılaraq, öz-özünə belə qənaətə gəlirsən ki, əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək. İllər keçdikcə bir daha şahidi olursan ki, insanları acı xatirələr qədər, heç nə bir-birinə bağlaya bilməz.

 

32 yaşım vardı. Məni Bakının mərkəzi rayonlarından birinə, o zamanlar Maarif şöbəsi adlandırılan Təhsil şöbəsinə müdir vəzifəsinə məsləhət bilmişdilər. Böyük arzu və ümidlərlə işə başladım. ETPEİ adlanan institutda qazandığım  təcrübə və apardığım tədqiqatlara əsaslanaraq, təhsildə ilklərə imza atmağı qarşıma məqsəd qoymuşdum.

 

Ancaq nə fayda, “sən saydığını say, gör fələk nə sayır” el məsəli sanki, məni gözləyirmiş kimi, bütün planlarımı pozdu. Məlum hadisələr başladı.Vətəndən didərgin düşmüş həmvətənlərimizi işlə təmin etmək, şəhərdə hələ də çoxluq təşkil edən mənfur düşmənlərimizin provokatorluq cəhdlərinin qarşısını almaq bütün vaxtımızı alırdı. Komendant saatının tətbiqi, daha sonra meydan hərəkatı gərginliyi pik həddə çatdırmışdı. Çox halda elə iş otağındaca gecələməli olurduq.

153614

Azərbaycan xalqının milli yaddaşına “Qara Yanvar”, “Qanlı Yanvar” və ya sadəcə “20 Yanvar” faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsində “Azneft meydanı” adlanan ərazidə idik. Daha doğrusu Rayon partiya komitəsinin tapşırığı ilə vəziyyəti öyrənib, raykoma məlumat vermək üçün ora göndərilmişdik. Prezident aparatının qarşısında böyük qələbəlik var idi. Dar ağacı qurulmuş və böyük tonqal qalanmışdı. 20-nə keçən gecə, saat 23:30 radələrində keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən  şəhərə yeridilərək, küçə və meydanlarda toplaşan əhaliyə amansızcasına divan tutmağa başladı. Nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirildi, yaralandı və yaxud itkin düşdü.

 

Canımızı güclə qurtardıq, evə deyil, iş yerinə qayıtdıq və səhəri gözümüzlə açdıq. Vəziyyəti sözlə izah etmək çətindir. İş yerimiz “Semaşko” adlanan xəstəxanaya yaxın ərazidə yerləşirdi.

 

Ardı-arası kəsilməyən təcili yardım maşınları xəstəxanaya yaralı və meyit daşıyırdılar. Ətrafa toplaşan insanların çoxluğundan maşınların hərəkətinə maneə yaranırdı. İnilti səsləri ətrafı bürümüşdü.

 

Həmin gecə xeyli sayda müəllimləri səfərbər edib, qanvermə aksiyasında iştirak etdik...Fövqəladə vəziyyət elan edildikdən sonra isə günümüz bürolarda, partaktivlərdə keçirdi. Erməni millətindən olan neçə müəllimin və şagirdin məktəbi tərk etməsi barədə gündəlik hesabat verməli idik. Erməni millətindən olan müəllim və şagirdin rayonu tərk edənlər üzrə göstəricilərimiz yüksək olduğundan, Şəhər partiya komitəsi bürosunun qərarı ilə mənə hətta, o zamanlar üçün ən ağır cəza – partiya şəxsi uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət elan edilmişdi. Bir müddət sonra isə hərbi komendantlıq tərəfindən həbs olunmaq təhlükəsi ilə üz-üzə qalmalı olmuşdum. Bunu millətlər arasında nifaq salmağa cəhd kimi protokollaşdırmışdılar.

 

Belə ki, hadisələrin ən qızğın çağında xidməti iş otağında növbəti qəbul keçirərkən, erməni millətindən olan bir qadın növbəsiz filansız, salamsız-kəlamsız kabinetə daxil olaraq, hikkəli bir tərzdə onun dərs saatlarının azlığı ilə bağlı problemini təcili həll etməyimi tələb etdi. Vəziyyəti həddən artıq gərginləşdirməmək üçün, məktəb direktoruna zəng etməli oldum və məlum oldu ki, mümkün olan dərslərdən 22 saatı bu dul qadına, 24 saatı isə öhdəsində 7 uşağı olan bir kişi müəllimə ayrılıb. Ədalətli bölgü aparldığını ona nə qədər başa salmağa çalışsam da cəhdlərim bir nəticə vermədi. Məndən onu komendatla birləşdirməyi tələb edərkən əhəmiyyət vermədiyimi görüb, masamın üstündəki telefon dəstəyinə əl atdı.

 

Ondan cəld tərpənərək dəstəyi əlindən aldım və artıq əsəblərimi cilovlaya bilmədiyimdən dəstəyi onun mənə tərəf əyilən alnına çırpdım.

 

Görünür dəstəyin ağırlığını nəzərə almamışdım. Üz-gözünü qan bürümüş halda, qaçaraq otaqdan çıxdı. Heç yarım saat belə keçməmiş komendant mənə zəng edib, təcili yanına gəlməyimi əmr etdi. Qəbul keçirirəm deyib, dəstəyi üzünə söndürdüm. Vəziyyətin bu qədər ciddi xarakter alacağına elə də bir gümanım yox idi, çünki Əfqanıstan müharibəsi qəhrəmanlarından sayılan Lebed soyadlı polkovnik və onun komendatura üzvləri bizim Təhsil şöbəsinə məxsus Tədris İstehsalat Kombinatının binasında yerləşdirilmişdi və o məni şəxsən yaxından tanıyırdı.

 

Alnı paralanmış erməni qadının şikayəti əsasında məni komendaturaya aparmaq üçün arxamca zirehli maşında bir zabit və iki hərbiçi göndərildi. Rus dilində söyüşünə elə öz dilində də cavab verdim. Mənə qarşı milli məsələni qızışdırmaq ittihamı irəli sürüldü və Salyan tərəflərdə yerləşən Xələc həbsxanasına göndərilməyim qərara alındı. Bu zaman hansısa tapşırığa görə bura gələn raykom işçilərindən birinin qulağına mənim tutulmağım barədə xəbəri I katibə çatdırmağı xahiş etdim. Katibin bütün səy və cəhdləri səmərə vermədi. Mənim təyin etdiyim məktəb direktorlarından biri, daxili işlər nazirinin yaxın qohumu idi. Onun vastəsi ilə xəbər nazirə çatdırıldı. Komendant poqon yoldaşı olan generalın sözündən çıxa bilmədi. Rus dilində növbəti söyüş qazansam da, bu vəziyyəti də belə keçirdim.

 

Dilə gətirdiyim bu olay o dövrlərdən xatirimdə qalanlardan yalnız kiçik bir epizoddur. “Ən gözəl vaxtlarım – vaxtım olmayan vaxtlardır”, ifadəsi mənə ona görə daha yaxın və əzizdir ki, vaxt olmayan vaxtlarda belə, vaxt tapıb, ideallarımızı qoruyurduq, əqidəmizə dönük çıxmadıq, nəzarətsiz illərdə də öz üzərimizdə nəzarəti saxlamağı bacardıq. Vaxt olmayan vaxtların gözəlliyi o oldu ki, bərkə-boşa düşməklə, bir növ həyat məktəbi keçmiş olduq, yaxşını pisdən, düzü yalandan ayırmağı, haqqa, ədalətə qiymət verməyi öyrəndik. 

 

20 yanvardan sonrakı ilk Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval-ruhiyyəsi hiss olunurdu.

 

Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər. Xəbər gəldi ki, təcili olaraq  adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Deyilən vaxtda “Qorkom”da oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi.

 

İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi səbatlılığını, uzaqgörənliyini itirdiyinə görə) və s. ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb susmuşdu.

 

Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivi şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən Sovet hərbiçiləri tərəfindən “yaxalanıbmışılar” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı rejimin “normativlərinə” zidd imiş…

153615

Yeganə müdafiəmə qalxan Raykomun I katibi mərhum Afiyəddin Cəlilov oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.

 

Bununla belə, fövqaladə rejim “aşiqləri” öz inadlarından da əl çəkmədilər. Rejimə sədaqətlərini nümayiş etdirmək və komendaturaya yarınmaq üçün bir neçə öndə gedən rəhbər işçini, o cümlədən bizim rayonun bir neçə məktəb direktorunu, onun müavinlərini, mədəniyyət klubunun müdirini tutduqları vəzifələrindən azad etdilər. Nə var, nə var klubun müdiri uşaqları milli geyimlə təmin etmiş və Novruz şənliklərinə hazırlaşmaq üçün onlara klubda şərait yaratmışdı. Deməyim odur ki, “Əsrlərin yaddaşı nəsillərin yaddaşından çıxmasın gərək...".

Seçilən
16
1
azedu.az

2Mənbələr