AZ

Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət edilib

Lənkəran, 21 yanvar, İlkin Adıyev, AZƏRTAC

20 Yanvar faciəsinin 35-ci ildönümü Lənkəranda da dərin hüznlə yad edilib. Səhər saatlarından başlayaraq rayon sakinləri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gəlib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri Şəhidlər abidə kompleksini ziyarət edib, abidə önünə və şəhid məzarlarının üzərinə tər güllər düzüblər.

Tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan bədii-kompozisiyaya tamaşa ediblər.

Qeyd edək ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar rayon ərazisində mədəniyyət, təhsil, səhiyyə və digər qurumlarda silsilə tədbirlər, kitab və rəsm sərgiləri keçirilib, 20 Yanvar şəhidlərinin qəhrəmanlıqları səhnələşdirilərək tamaşalar nümayiş etdirilib. Şəhidlər abidə kompleksi gün ərzində ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunub.

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

Seçilən
20
2
azertag.az

3Mənbələr