AZ

Böyük Britaniyanın xarici işlər naziri: ABŞ-ın Çaqos adaları razılaşmasını yenidən nəzərdən keçirməsi doğrudur

London, 20 yanvar, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ABŞ-ın yeni administrasiyasının Hind Okeanındakı Çaqos adaları üzərində ABŞ-Britaniya hərbi bazasının gələcəyinə dair Mavriki ilə bağlanmış razılaşmanı nəzərdən keçirmək hüququna malik olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Devid Lemmi “BBC Radio”suna açıqlamasında qeyd edib: “Yeni administrasiyanın bunu nəzərdən keçirməsi doğru və zəruridir”.

Razılaşmaya əsasən, 1814-cü ildən bəri bu bölgəyə nəzarət edən Böyük Britaniya, 1968-ci ildə müstəqillik əldə etmiş keçmiş müstəmləkəsi olan Çaqos adaları üzərindəki suverenliyini Mavrikiyə təhvil verəcək. Bununla belə, Britaniya 99 illik icarə əsasında Dieqo Qarsiya adasında yerləşən hərbi bazaya nəzarəti davam etdirəcək. ABŞ-ın keçmiş prezidenti Co Bayden bu razılaşmanın hərbi bazanın effektiv fəaliyyətini növbəti əsrə qədər təmin edəcəyini bildirmişdi.

Lakin ABŞ-ın dövlət katibi vəzifəsinə yeni prezident Donald Tramp tərəfindən seçilmiş Marko Rubio bu razılaşmanın ABŞ-ın təhlükəsizliyinə təhdid olduğunu deyib. O, arxipelaqın – ABŞ-ın uzaqmənzilli bombardmançı təyyarələri və hərbi gəmiləri üçün istifadə etdiyi bazanın – Çinin müttəfiqi olan bir ölkəyə verilməsinin təhlükəli olduğunu vurğulayıb.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
8
50
azertag.az

10Mənbələr