Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunun “Çin mədəniyyəti” onlayn lektoriyasında “Huçjou fırçaları və Çin mədəniyyəti” adlı mühazirə keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin Çjetszyan əyalətinin Huçjou şəhərində istehsal olunan 2000 ildən artıq tarixə malik, mürəkkəb istehsal texnologiyası və nəfis materialları ilə dünyada məşhur olan yazı fırçalarının Çinin Qeyri-Maddi Mədəniyyət İrsi Siyahısına daxil edildiyini deyib. Bildirib ki, ənənəvi Çin sənətinin incisi olan Huçjou fırçaları iti ucu, zərifliyi və davamlılığı ilə digərlərindən seçilir. Bir fırça əldə etmək üçün 8 əsas və 128 kiçik proses tamamlanmalıdır. Rafiq Abbasov qeyd edib ki, Çin fırçası təkcə praktik tətbiqlərə deyil, həm də bir çox simvolik mənalara malikdir. Çin fırçaları Çin mədəniyyətinin mənəvi mahiyyətini çatdırmaqla yanaşı, həm də tarixin, təsviri sənətin və ədəbiyyatın ən mürəkkəb əsərlərini yaradıb. Məhz fırçalar sayəsində çinli ustalar öz yaradıcılıq potensiallarını reallaşdıraraq yaradıcılıqda həm mükəmməl texnikaya, həm də mənəvi azadlığa nail olublar.
Rafiq Abbasov ilk Çin yazı fırçasının yaradılması əfsanələrindən, Şan sülaləsi və Döyüşən dövlətlər dövründə fal sümükləri və keramika üzərində yazı fırçalarının istifadəsi haqqında da söz açıb. Qeyd edib ki, Min və Qin sülalələri dövründə Huçjou fırçaları o qədər yüksək qiymətləndirilirdi ki, həm də imperatorlara hədiyyə olaraq təqdim edilirdi. O, Konfutsi İnstitutunda tərəfdaş Huçjou Universitetinin müəllimləri tərəfindən mütəmadi olaraq Çin xəttatlığı üzrə ustad dərslərinin də keçirildiyini vurğulayıb.
Sonda məşhur Şanlyan markasının əl ilə hazırlanmış xəttatlıq və rəsm fırçalarının Huçjou şəhəri Hubi Fabrikinə və Fırça Mədəniyyəti Muzeyinə virtual ekskursiyası təşkil olunub.