AZ

Suriya üsyançıları Putinlə Tartus sazişini ləğv etdilər...

Image

Ramil Hüseynov: “Bəzi məsələlər Rusiyanın Suriyadan tamamilə qovulmasını yubadır”

Suriya hökuməti Əsəd rejimi dövründə Rusiya ilə imzalanmış Tartus limanı müqaviləsini ləğv edib. Suriyanın Tartus Liman İdarəsi Rusiyanın “Stroytransqaz” şirkətindən limanın istismar hüququnu geri alıb. 

Tartus Gömrük İdarəsinin direktoru Cudi bildirib ki, limanın idarə olunmasından əldə edilən bütün gəlirlər bundan sonra Suriyanın dövlət büdcəsinə yönəldiləcək və limanın işçiləri yenidən yerli idarəetməyə tabe olacaq. Onun sözlərinə görə, Suriyanın yeni rəhbərliyi limandakı köhnəlmiş avadanlıqların bərpası ilə də məşğul olacaq. O qeyd edib ki, həmin avadanlıqlar müqavilədə nəzərdə tutulmuş yenilənmə tədbirləri həyata keçirilmədən Rusiya şirkəti tərəfindən istifadə olunurdu. Bu qərar Suriyanın iqtisadi müstəqilliyini bərpa etməklə yanaşı, ölkənin strateji əhəmiyyətli limanlarına nəzarəti tam şəkildə öz üzərinə götürmək cəhdinin bir hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, 12 iyun 2019-cu ildə Suriya parlamenti Tartus limanını 49 il müddətinə Rusiyaya icarəyə verən bir qanun qəbul etmişdi. Analitiklər isə bu addımın Rusiya ilə Suriyanın münasibətlərinə təsir edəcəyini istisna etmirlər. Göründüyü kimi, yeni Suriya hökuməti yavaş-yavaş Rusiya ilə bağları qoparır. 

“Növbəti mərhələlərdə həm Rusiyadan iqtisadi asılılıq minimuma endiriləcək, həm də Tartus və Hmeymim...”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bütün bunlar gözlənilən idi: “Çünki yeni Suriya hakimiyyətini Rusiyaya bağlayan şey çox azdır. Əvvəla, Əsəd rejimi dönəmində Rusiya hərbi hava qüvvələri İŞİD-i vurmaq adı altında həm də Suriya müxalifətini hədəf alıblar. Nəticədə bir sıra şəhərlər vəhşicəsinə bombalanıb, dinc mülki sakinlər hədəf alınıb. O zaman bu dağıcı müharibəyə Rusiya generealı Surovikin rəhbərlik edirdi. Rusiya imkan vermədi ki, müxalifət zamanında Əsəd rejimini devirsin. Belə olsaydı, vətəndaş müharibəsi bu qədər uzun çəkməzdi və ölkə viran qalmazdı. Ona görə də yeni Suriya hökuməti bütün bunları Rusiyaya bağışlamayacaq. Sadəcə, bəzi məsələlər Rusiyanın Suriyadan tamamilə qovulmasını yubadır. Məsələ ondadır ki, Suriya ilə Rusiya arasında yaxınlıq ötən əsrin 50-ci illərindən başlayıb. SSRİ o vaxt Suriya ilə yaxın əlaqələr qurmuşdu. 1974-cü ildə Rusiyanın Suriyada Tartus hərbi bazası quruldu. Suriyada bir sıra elektrik stansiyaları, zavodlar Rusiya texnologiyasına əsaslanır. Bütün bunları qısa müddətdə dəyişmək mümkün deyil. Üstəlik, Qərb ölkələri Suriyaya qarşı sanksiyaları hələ ləğv etməyib. Suriyanın ciddi iqtisadi yardıma ehtiyacı var. Ona görə də yeni Suriya hökuməti mərhələli şəkildə ölkədə Rusiyanın təsirini ortadan qaldırır. Hesab edirəm ki, bu hələ başlanğıcdır. Növbəti mərhələlərdə həm Rusiyadan iqtisadi asılılıq minimuma endiriləcək, həm də Tartus və Hmeymim hərbi bazalarından rus əsgərləri tamamilə çıxarılacaq”.

Vidadi ORDAHALLI





Seçilən
19
47
baki-xeber.com

10Mənbələr