ABŞ prezidenti Donald Tramp Yəmənin şimalında fəaliyyət göstərən şiə “Ənsar Allah” (Husi) hərəkatının xarici terror təşkilatı kimi tanınması prosesini başlatan fərman imzalayıb...
Poliqon xəbər verir ki, Ağ Evin açıqladığı sənəddə husilərin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəkləndiyi və amerikalılar və regional sabitlik üçün təhlükə yaratdığı qeyd edilir.
Donald Tramp ABŞ dövlət katibinə husilərin 30 gün ərzində terror təşkilatı kimi tanınması prosesi ilə bağlı hesabat təqdim etməyi tapşırıb. Bundan sonra məsələnin nəhayət həlli üçün tədbirlər görüləcək.
Sərəncam, həmçinin ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) tərəfdaşları və podratçılarının husilərlə mümkün əlaqələrinin yoxlanılmasını tələb edir.
Sərəncamda qeyd olunur ki, 2023-cü ildən bəri husilər Qırmızı dənizdə Amerika hərbi gəmilərini dəfələrlə atəşə tutublar. Onlar 2014-cü ildən Yəmən hökumətinə qarşı döyüşərək ölkənin böyük ərazilərini ələ keçiriblər. Husilər həmçinin Səudiyyə Ərəbistanındakı mülki hədəflərə və BƏƏ hava limanlarına zərbələr endiriblər və sənədə əsasən, 2023-cü ildə İsrailə 300-dən çox raket atıblar.
Poliqon.info