AZ

Avropa ərzağı Bisfenol A maddəsində saxlamağı qadağan etdi- bilirsiz bu nədir?..

Image

Fərqanə Nağıyeva: “Qablaşdırma materialının tərkibində Bisfenol A varsa, təhlükəlidir”

Alimlər qida məhsullarının qablaşdırılması və ya hazırlanma proseslərində istifadə olunan 3600-dən çox kimyəvi maddənin insan orqanizmində aşkar edildiyini, bəzilərinin sağlamlıq üçün təhlükəli olduğunu, digərləri haqqında isə az məlumatın olduğunu açıqlayıb. 

Araşdırmalar zamanı zərərli kimyəvi maddələr siyahısına  Bisfenol A daxildir. Qeyd edək ki, Bisfenol A  maddəsi bir sıra Avropa ölkələrində qadağan edilib. 

Məlumat üçün bildirək ki, Bisfenol A maddəsi əsasən dəmir bankalar və plastik qabların tərkibində qeyd edilən maddə olur. Həmin qabların içərisi isə istehlak olunan müxtəlif növ məhsullarla dolu olur. Adətən dəmir qablarda müxtəlif növ sərinləşdirici içki, şirələr, plastik qablarda isə hazır yemək və digər təamlar olur. Maraqlıdır, ölkəmizdə də Bisfenol A maddəsinin istifadəsi  qadağan oluna bilərmi? 

“Bu maddə tərkibinə nüfuz etdiyi qida ilə bərabər orqanizmə düşdükdə zaman keçdikcə sinir sisteminə mənfi təsir edir, hormonal pozuntular yaradır”

Qida eksperti Fərqanə Nağıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qablaşdırma materialının tərkibində Bisfenol A varsa, təhlükəlidir: “Günəş şüası həmin məhsulun üzərinə düşərsə, istiliyə məruz qalarsa, qida ilə təmas edərsə, zərərli maddələr qidaya keçəcək. Bu da insan orqanizminə ziyandır. Bu maddə tərkibinə nüfuz etdiyi qida ilə bərabər orqanizmə düşdükdə zaman keçdikcə sinir sisteminə mənfi təsir edir, hormonal pozuntular yaradır. Plastikin tərkibindəki “Bisfenol A” maddəsi hava isti olduqda suya daha sürətlə keçir. Suyu qəbul etdikdə “Bisfenol A” maddəsi orqanizmdə xərçəng yaradır. Ərzaq məhsulları, qidalar qida üçün nəzərdə tutulan qablaşdırmada olmalıdır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Bisfenol A maddəsi plastik və epoksid qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir: “Bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur. Onu da deyim ki, bununla bağlı Amerikada araşdırma aparılıb. Belə ki, 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib və nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və bir sıra ölkələrdə bu maddə qadağan edilib. Yaxşı olar ki, bizim aidiyyəti qurumlar da bu məsələni diqqətə alsın”.

Günel CƏLİLOVA





Seçilən
17
10
baki-xeber.com

10Mənbələr