Bu həftə avrokubokların əsas mərhələsinin 7-ci tur matçları keçiriləcək. Bu çərçivədə meydana çıxacaq komandaları sırasında bizim “Qarabağ” da var. Avropa Liqasının yeni mövsümündə ürəkaçan nəticələrlə yadda qalmayan “köhlən atlar” ilin ilk avrokubok oyununda yerli futbolsevərləri qələbəylə sevindirməyə çalışacaq.
Rəqib Rumıniyanın adlı-sanlı komandalarından olan FKSB-di. Aşağıda bəhs edəcəyimiz məqamlar sayəsində aydın olacaq ki, ağdamlılar mövsümün növbəti çətin sınağıyla üz-üzədi və “doğma divarlar” arasında qazanılacaq mümkün qələbə tarixin şanlı səhifələrindən birinə çevriləcək. Matçı izləmək üçün “Tofiq Bəhramov”a xeyli azarkeşin gələcəyi bəllidi. Böyük həyəcanı evdə, kafe və restoranlarda yaşamaq istəyənlər üçün qeyd edək ki, görüş “CBC Sport”un efirində canlı yayınlanacaq.
Avropa Liqası
əsas mərhələ, 7-ci tur
23 yanvar
Qarabağ – FKSB (Rumıniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.
“Qarabağ”ın turnir cədvəlindəki acınacaqlı durumundan xəbərdarsız. Komanda ilk 6 matçın beşində uduzub, birində qalib gəlib. Bu üzdən 36 iştirakçının yarışdığı liqada 33-cü yerdədi. Təbii ki, “köhlən atlar”ın məqsədi son iki oyunda qələbə qazanıb pley-off mərhələsinə yüksəlməkdi. Xatırladaq ki, bunun üçün ilk “24-lük”də qərarlaşmaq lazımdı. Hazırda 24-cü pillədə olan “Elfsborq”un 7 xalı olduğunu nəzərə alsaq, hədəfə çatmaq imkansız görünmür. O başqa məsələ ki, vəziyyət qəlizləşə, hər iki qarşılaşmada mümkün qələbə belə işə yaramaya bilər. Deməli, ağdamlıların həm də şansa ehtiyacı var. Hər halda, “qorxan gözə çöp düşər” deyib sona qədər vuruşmaqdan başqa çarə yoxdu.
“Qarabağ” tarixində ilk dəfə avrokuboklarda Rumıniya təmsilçisiylə qarşılaşacaq. Amma bəzi klublarımızın bu yöndə təcrübəsi var. “Dinamo” UEFA kubokunun (indiki Avropa Liqası) 1-ci təsnifat mərhələsində “Arceş”ə hər iki oyunda uduzub (səfərdə 5:1, evdə 2:0). “Neftçi” 2008-ci ildə bu turnirin 3-cü təsnifat mərhələsində “Vasluy”a evdə qalib gəlsə də (2:1), səfərdən məyus qayıdıb (0:2). 2017-ci ildə “Zirə” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Astra”ya səfərdə uduzubsa (1:3), evdə heç-heçə edib (0:0). 2019-cu ildə “Səbail” bu turnirin 1-ci təsnifat mərhələsində “Universitatya Kluj”a həm evdə, həm də səfərdə eyni hesabla uduzub – 2:3. Göründüyü kimi, təmsilçilərimiz 8 matçın yalnız birində qalib gəlib. Üstəlik həmin qələbə mərhələ adlamaq üçün yetərli olmayıb. Yəni rumınlar bizimkilərə aman verməyib.
İndi intiqam zamanı deyilmi? Bunu FSKB ilə görüşdə bacarmaq, həm də pley-off xəyalını reallığa yaxınlaşdırmaq mümkündümü? Söhbət Çempionlar Liqasının və UEFA superkubokunun 1, çempionatın 27, Rumıniya liqa kubokunun 2, ölkə kubokunun 24 qat qalibindən, 42 milyon 380 min avro dəyərində olan komandadan gedir. Heyətdə 9 milli üzvü, 10 legioner var. Oyunçulardan Darius Olaru, Oktavian Popesku, Mihai Lixandru və Vlad Kirikeş zədəlidi. Yeri gəlmişkən, komanda 22 turdan sonra 38 xalla superliqada ikincidi və lider “Universitatya Kluj”dan cəmi iki xal geridədi. FKSB-nin Avropa Liqasındakı nəticələri də yaxşıdı. Dəqiq desək, Elis Karalampusun çalışdırdığı komanda ilk 6 matçda RFS-ni 4:1, PAOK-u 1:0, “Midtüllan”ı 2:0 hesabıyla məğlub edib, “Olimpiakos” və “Hoffenhaym”la qolsuz “sülh”ə razılaşıb, “Reyncers”ə 0:4 uduzub. 11 xalla 10-cu pillədə qərarlaşan rumınların azı pley-offa vəsiqə qazanacaqlarına şübhəylə yanaşan, demək olar ki, yoxdu. Hər halda, Buxarest təmsilçisinin futbolçusu David Mikulesku Bakıya azı bir xal üçün gələcəklərini deyib. Oyunçulardan Aleksandru Belutse isə turnirin finalına vəsiqə qazanmaq istədiklərini bildirib. Klubrəhbəri Cici Bekali Bakıya ən yaxşı heyətlə gələcəklərini vurğulayıb. Yeri gəlmişkən, FKSB bu gün axşam saatlarında Bakıya təşrif buyuracaq.
Bəs “Qarabağ”da vəziyyət necədi? Xarici mətbuatda tirajlanan xəbərlərə inansaq, Juninyonun gedişiylə hücum xəttində yaranan boşluq Avropadakı rəqibləri xeyli sevindirib. Hər halda, Qurban Qurbanov çatışmazlıqları ört-basdır etməyin yolunu tapmalıdı. “Köhlən atlar”ın iştirak ərizəsində qeyd olunan hücumçular Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadədi. Böyük ehtimalla, baş məşqçi start heyətində Musa ilə Addainin xidmətindən yararlanmağa çalışacaq. Qalan mövqelərdə isə ənənəvi futbolçuları görəcəyimizə şübhə yoxdu. O başqa məsələ ki, qapıçıyla bağlı sürpriz qərarın verilməsi mümkündü. Axı ağdamlıların son iki premyer-liqa matçında “çərçivə”də Şahruddin Məhəmmədəliyevi, bundan əvvəl isə Fabian Buntiçi görmüşük. Mateuş Koxalski sonuncu dəfə meydana dekabrın 12-də çıxıb. Həmçinin zədəlilər siyahısında yalnız Bədavi Hüseynov var. O, hazırda fərdi məşq edir.
Ümumiyyətlə, bizə “Qarabağ”a uğurlar arzulamaqdan başqa nəsə qalmır. Komandanı “ölüm-qalım” savaşı gözləyir və qələbədən başqa yol yoxdu!
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta