AZ

İlham Əliyev həm tarixçilərə, həm də politoloqlara dərs keçdi - MÜSAHİBƏ

Əli Hüseynli: "1991-ci ildə təəssüf ki, heç kim Heydər Əliyevi eşitmək istəmirdi"

"Proporsional seçki sisteminin ybərpası geriyə addım olar"

"1990-cı illərin əvvəllərində hakimiyyətdə olan gerizəkalıların ağlına gəlmədi ki, müstəqillik aktında Qərbi Azərbaycanın adını qeyd etsinlər"



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Modern.az-ın qonağı olub. Komitə sədri bir sıra suallarımızı cavablandırıb. 

Əli Hüseynli ilə müsahibəni təqdim edirik:
 

- Əli müəllim, 2025-ci il “Konstitusiya və suverenlik ili” elan edilib. Bu il belə bir qərarın verilməsi nədən irəli gəlib?
 

- Niyə məhz bu ilin “Konstitusiya və suverenlik ili” elan edildiyi cənab Prezidentin sərəncamında açıqlanıb. Çünki 2023-cü ildəki antiterror əməliyyatından sonra Konstitusiyamız bütün ərazilərdə tətbiq edilməyə başlanıb. Yəni hüquqi baxımından suverenliyimiz bütün ərazilərimizdə bərpa olunub. Bu ilin “Konstitusiya və suverenlik ili” elan olunmasının səbəbi Vətən müharibəsində əldə etdiyimiz qələbə və sonrakı mərhələdə suverenliyimizin tam bərpa olunmasıdır.
 

- Bu il hansısa Konstitusiya dəyişikliyi ilə bağlı referendum gözlənilirmi?
 

- Mediada bununla bağlı müxtəlif fikirlər görürəm. Hətta referendumun keçiriləcəyi ilə bağlı proqnozlar da verilir. Mən bunların heç birini ciddi qəbul etmirəm. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi onu deyə bilərəm ki, “Konstitusiya və suverenlik ili” 5 illik qələbəmizin və 30 illik Konstitusiyamızın yubileyi ilə bağlıdır. Cənab Prezident tərəfindən Prezident Administrasiyasına tapşırıq verilib ki, bir ay ərzində tədbirlər planı hazırlasın. Söhbət Konstitusiya ilindən, yubileyindən gedir. Biz bu il keçdiyimiz yola, Konstitusiyamızın inkişafına  qiymət verir, yubiley illərini qeyd edirik. Konstitusiyaya hansısa bir dəyişikliklə bağlı referendum barədə mənim proqnozum yoxdur.
 


- Sizcə, Konstitusiyada hansısa dəyişikliklərə ehtiyac varmı?

 

- Azərbaycanda zaman-zaman Konstitusiya dəyişib. İlk müstəqillik aktı AXC dövründə qəbul edilib. Növbəti mərhələdə nə qədər paradoksal görünsə də, müstəqil Azərbaycan Sosialist Respublikasının 1921-ci ildə Konstitusiyası qəbul edilib. Həmin dövrdə hələ Azərbaycan SSRİ-nin tərkibində olmayıb. Sosialist respublika olsa da, Azərbaycan özünün Konstitusiyasını qəbul edib. 37-ci ildə və 78-ci ildə də yeni konstitusiyalar hazırlanıb. Müstəqillik bərpa edildikdən sonra da ilk illər elə 1978-ci ilin Konstitusiyası ilə işləmişik. O Konstitusiya mükəmməl hazırlanmışdı. Heydər Əliyev dövründə ora dövlət dilinin Azərbaycan dili olması və digər maddələr də əlavə edilib. 1991-ci ildə müstəqillik aktı qəbul ediləndə sənəddə hüquqi və dövlətçiliklə bağlı müddəalar öz əksini tapıb. Amma 1991-ci illə bağlı bir haşiyə çıxmaq istəyirəm: bu hadisə bizim üçün qeyri-adi olmamalıdır. SSRİ-nin dağılması nəticəsində bütün postsovet respublikaları müstəqillik aktı qəbul edirdi. Bu hamıda olub. Qeyri-adi olan o idi ki, Rusiya bunu bizdən qabaq edirdi. Çünki düşüncə baxımından belə təəssürat yaranırdı ki, respublikalar SSRİ dövründə dominant güc olan Rusiyadan ayrılır. Rusiya isə özü SSRİ-dən bizdən öncə ayrılmışdı. Söhbət o dövrdə rəhbərlikdə olan və rəhbərliyə iddialı Xalq Cəbhəsindəki gerizəkalı insanların nə qədər yanlış qərarlar verdiyindən gedir. Nəticə etibarilə Azərbaycan öz müstəqilliyini ən son elan edən ölkələrdən birinə çevrildi. Buna qədər başqa siyasi-ictimai hadisə baş vermişdi. Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev Azərbaycanın üçrəngli bayrağını qaldırmışdı. "Sovet sosialist respublikası"  ifadəsi Naxçıvan Konstitusiyasından çıxarılmışdı. Hüquqi baxımdan müstəqilliklə bağlı addımları Heydər Əliyev hamıdan əvvəl etmiş və Naxçıvanda reallaşdırmışdı. Heydər Əliyev Bakıda Ali Sovetdə də çıxışlar etmişdi.  Digər respublikalar müstəqilliklərini elan edəndə Heydər Əliyev də bəyan etmişdi ki, referendum keçirilsin və müstəqillik haqqında akt qəbul edilsin. Təəssüf ki, heç kim Heydər Əliyevi eşitmək istəmirdi. Çünki onların birgə  məqsədi Heydər Əliyevə qarşı mübarizə olub. Yeganə şəxs Heydər Əliyev idi ki, müstəqil ölkə qurub idarə edə bilərdi. Qalan bütün siyasi qüvvələr marionetlər idi. Bir hissəsi Qorbaçovun, digər hissəsi isə Qərbin əlində olan adamlar idi. Yeganə müstəqil şəxs Heydər Əliyev idi ki, ona qarşı Qorbaçov, Moskva, Qərb, eləcə də burada hakimiyyətdə olanlar, yəni öz əqidələrinə sadiq olmayan kommunistlər və qaragüruhçu Xalq Cəbhəsi mübarizə aparırdılar və onun müstəqillik aktı ilə bağlı referendum təklifini eşitmirdilər.

Beləliklə, 1991-ci ilin oktyabr ayında Konstitusiya qanunu ilə müstəqillik elan olundu. Müstəqillik aktında yeni Konstitusiyanın qəbul olunması da qeyd edilib. O dövrdə həmin iclaslardakı çıxışları araşdırsanız görərsiniz ki, Ali Sovetin həmin toplantısında hədəflərdən biri də təəssüf ki, Heydər Əliyev idi. Hansı Konstitusiyanın qəbulundan söhbət gedə bilərdi ki, hərc-mərclik, hakimiyyət uğrunda mübarizə, qanunsuz silahlı birləşmələr mövcud idi.

Konstitusiyanın qəbulu məsələsi ancaq Heydər Əliyevin dövründə aktuallaşdı.1995-ci ildə komissiya yaradıldı. Komissiyada tanınmış hüquqşünaslar olub, eləcə də Heydər Əliyev özü quruma rəhbərlik edib. Heydər Əliyev bu komissiyaya çox demokratik formada rəhbərlik edib. Azərbaycan dili ilə bağlı məsələni geniş formada dinləyib və bütün tərəflərin fikirlərini eşidib. O fikirlərin hamısına hörmətlə yanaşıb.  Sonda qərar qəbul olunub  ki, Azərbaycanın dövlət dili məhz Azərbaycan dilidir. Bu, çox müdrik qərar idi. Hüquqşünas kimi 1995-ci ildə qəbul olunan Konstitusiya barədə deyə bilərəm ki, o, öz dövründən çox-çox irəlidəydi. Ona görə ki, onun böyük hissəsi insan haqlarına həsr olunmuşdu. Konstitusiyanın elə müddəaları var ki,  insan hüquqları haqda beynəlxalq müqavilələrin üstünlüyünü qəbul edir. Bu, hər Konstitusiyada olmur. Misal üçün, insan hüquqları  baxımından ölüm cəzası ilə bağlı müddəanı xatırlatmaq istərdim. 1995-ci ildə biz Avropa Şurasının nə tam üzvü, nə də qonaq qismində üzvüydük. O dövrdə heç Türkiyə ölüm cəzasını ləğv etməmişdi. 1995-ci ildə artıq Heydər Əliyevin belə bir düşüncəsi vardı. Avropa Şurasına üzv ölkələr vardı ki, belə humanist düşünə, irəli baxa bilmirdilər. Bu cür müddəaları ilə Konstitusiya zəngin və öz dövrünə görə mütərəqqi idi.

Sonra Konstitusiyanın təbii ki, müəyyən inkişaf yolu oldu. Referendumlar yolu ilə Konstitusiyamız inkişaf etdi. Onları da xatırlamaq istəyirəm. Birinci referendum 2002-ci ildə keçirildi. Orada bir çox məsələlər həll olunsa da, mən onların içərisində mediada müzakirə olunanları xatırladacam.  2002-ci ildə mediada, ictimaiyyətdə ən çox müzakirə olunan məsələ tam majoritar seçki sisteminə keçid idi. Çünki opponentlər bunun siyasi həyatı zəiflədəcəyini düşünürdülər. Amma bizim arqument ondan ibarət idi ki, bu keçid vətəndaşla onu təmsil edən deputat arasında daha çox məsuliyyət yaradır. Biri var insanlar hansısa partiyanın ideyalarına səs verirlər, sonra isə bəlkə də arzulamadıqları insanı görürlər, seçici maraqlıdır ki, namizədi görə bilsin. Proporsional seçki sistemində namizədlərin siyahısını partiyahazırlayırdı. Biz hesab edirdik ki, təmsilçilik, deputatla vətəndaş arasındakı münasibət baxımından majorotar sistem daha düzgündür. Çox zaman proporsional seçki sisteminə keçidlə bağlı fikirlər səsləndirilir.

Mənə "proporsional seçki sisteminə keçilməlidirmi" sualı verilsə, mən deyərdim ki, bu, geriyə addım olar. Majoritar seçki sistemi özünü doğruldub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri kimi deyərdim ki, majoritar seçki sistemini dəyişdirməyə ehtiyac yoxdur. Proporsional seçki sisteminin olmadığı ölkələr az deyil. O zaman təcrübəni öyrənmişdik. Proporsional seçki sistemi parlament respublikaları üçün daha çox xarakterikdir. Bizdə prezidentli respublika idarə-üsuludu. Bu gün suverenliyimizdən, güclü prezident  institutundan danışırıqsa, onun özünü doğrultduğunun şahidi oluruq.

2009-cu ildə növbəti referendum oldu. O zaman da bir çox məsələlər vardı. Hərbi  vəziyyət zamanı səlahiyyətlərin uzadılması və  hüquqi baxımından bir çox məsələlər... Amma  diskussiyaya səbəb olan mövzu bir şəxsin iki dəfədən çox prezident seçilməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması idi. O zaman yerli və xarici opponentlərimiz deyirdilər ki, dünyada belə məhdudiyyətlər var. Bizim arqumentimiz isə aydın idi: biz o dəyişiklikləri etməklə, namizədə seçim imkanı yaratmırıq. Biz xalqa kimi və nə qədər istəsə, seçmək imkanı veririk. Azərbaycan tarixi göstərdi ki, 2003-cü ildən sonra Prezident İlham Əliyev, ancaq artan reytinqə mənsub olub. Dövlət quruculuğunda ciddi inkişaf olub və ərazi bütövlüyümüz bərpa olunub. Hesab edirəm ki, hətta opponentlərimiz belə onun Ali Baş Komandan kimi uğurunu qəbul etmək məcburiyyətindədirlər. 

Bir nəfərin iki dəfədən artıq namizəd olması və seçilməsi ilə bağlı məhdudiyyət praktikada özünü doğrultmadı. Onu da deyə bilərəm ki, qonşu ölkələrdə də bir sıra institusional dəyişikliklər olub. Gürcüstan, Rusiya və Türkiyəni nümunə göstərmək ola bilər. Bu ölkələrdə idarəetmə üsulları dəyişilib. Azərbaycanda bu baş verməyib. Bizdə birbaşa seçkilər keçirilib, xalq öz istədiyi namizədi seçib. Hüquqşünas kimi onu demək istəyirəm ki, 2009-cu ildə ictimaiyyətdə çox müzakirə olunan, xarici ekspertlər tərəfindən tənqid olunan bu dəyişiklik də bizim haqlı olduğumuzu göstərdi. Keçən ilin reytinqində İlham Əliyevin əldə etdiyi qələbə şübhəsiz idi. Bu da artan reytinq olmasında bizim haqlı olduğumuzu göstərdi. Layiqli namizəd dəfələrlə prezident seçilə bilər.

Nəhayət 2016-cı ilin  referendumunda da bir çox müddəalar vardı. Burada ən çox müzakirə olunan məsələ vitse-prezidentlik institutu ilə bağlıydı. Bu gün də Azərbaycan cəmiyyəti həmin institutun yaranmasından məmnundur. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Heydər Əliyev Fondunun rəhbəri kimi bir sıra sosial məsələlər məhz onun diqqətində olub. Nəticədə vitse-prezidentlik institutunun effektini də görməyə başladıq. Prezidentin fəaliyyət dairəsi genişdir, o, həm də Ali Baş Komandandır. 2018-2019-cu illərdən başlanan islahatların yeni mərhələsində ölkə prezidentinin nə qədər dünya miqyaslı layihələrdə aparıcı rol oynadığını görürsünüz. Hesab edirəm ki, vitse-prezidentlik institutu özünü doğrultmuş olur. Daxili məsələlər təbii ki, Prezidentlə razılaşdırılır, lakin bu institut sayəsində onun daha qlobal məsələlərə fokuslanma imkanı yaranır.

Beləliklə, bu illər ərzində Konstitusiyamız inkişaf edib, referendum və konstitusiya qanunu yolu ilə dəyişib. Hesab edirəm ki,  bu illər ərzində Konstitusiyamız kifayət qədər zənginləşib. Bu baxımdan Konstitusiya hər zaman inkişaf edən ana qanundur.
 


- Bəzi paradoksal məsələlər var. Məsələn, bizdə rayonların idarə olunmasında xüsusi nümayəndə və icra hakimiyyəti var. Eyni zamanda qeyd etdiyiniz kimi, vitse- prezidentlik və baş nazirlik var.  Bunlar hamısı bir sosial sifariş deyilmi ki, referendum keçirilsin, Konstitusiya dəyişikliyi olsun.

 

- Özbəkistan bu yaxınlarda yeni Konstitusiyasını qəbul etdi. Biz də müşahidə prosesində olmuşduq. Azərbaycan Konstitusiyasına nə zamansa dəyişiklik edilməsi ilə bağlı fikirləri istisna etmirəm. Söylədiyim kimi, bu, inkişaf edən prosesdir. Gələcək üçün bunu istisna etmirəm. Sadəcə olaraq, bu il “Konstitusiya və suverenlik ili”dir deyə prosesləri bağlamaq üçün məntiq görmürəm. Çünki "Konstitusiya ili" ilə bağlı sərəncamda niyyət aydın  şəkildə göstərilib. Bu, suverenliklə bağlıdır. Üstəgəl bu il Konstitusiyanın 30 illiyidir. Yaxın günlərdə tədbirlər  planı ilə bağlı məlumat alacaqsınız. Əminəm ki, həmin planda Konstitusiyaya əlavə də dəyişikliklər edilməlidir kimi müddəa görməyəcəksiniz. Çünki sərəncamın özü, mahiyyəti Konstitusiyamızın 30 illiyinə, qələbəmizin 5 illiyinə keçdiyimiz uğurlu inkişaf yoluna həsr olunub.  

Dediyiniz fikirlərə gəldikdə ki, bunlar ziddiyyət yaradırmı? Xeyr. Məsələn, səlahiyyətli nümayəndə yaratmaq Prezidentin səlahiyyətində olan məsələdir. Sual yarana bilər ki, xüsusi nümayəndə ilə icra hakimiyyəti orqanları arasında bu gün ziddiyyət yaranırmı? Xeyr. Çünki hər ikisinin əsasnaməsi var. Səlahiyyətli nümayəndə ərazi ilə məşğul olur. İcra hakimiyyəti isə əhali və sairlə məşğul olur. Demək istəyirəm ki, bunun üçün Konstitusiyaya dəyişiklik etməyə ehtiyac yoxdur. Prezident onsuz da Konstitusiyaya əsaslanaraq, onu yaradıb. "Dağlıq Qarabağ"ın statusu yoxdur, amma Naxçıvanın var, elə isə bu ziddiyyət yaradır demək də doğru deyil. Əksinə,  mən hesab edirəm ki, biz bu məsələyə fokuslanmalı deyilik. Daha çox Qərbi azərbaycanlıların Ermənistanda reinteqrasiyası ilə bağlı hansısa qanuni iddialarımız yaradılmalıdır. Fürsətdən istifadə edib 1991-ci ilə qayıdıram. Söylədiniz ki, Ermənistanda müəyyən müzakirələr gedir. Niyə? Çünki bizim Ali Baş Komandanımız bu məsələləri açıq söyləyir. Azərbaycan ictimaiyyəti də bu məsələləri dərindən bilmirdi. 1991-ci ilə Ermənistan öz müstəqillik aktını qəbul edir və ona mənsub olmayan, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa iddia edir və onu ora yazır. Dediyim kimi, 1990-cı illərin əvvəllərində hakimiyyətdə olan gerizəkalıların ağlına gəlmir ki, heç olmasa sənəddə bunlar da nəyəsə iddia etsinlər, özü də bu qanuni olsun. Cəmi iki il qabaq azərbaycanlılar Ermənistandan deportasiya olunub və bunların gözünün qarşısında olub. Heç olmasa müstəqillik aktında Zəngəzur və İrəvanın qaytarılması üçün alternativ iddia qoyaydılar. Bu gün hüquqi baxımından elə bir şərait yaranır ki, biz onlara deyirik ki, iddialarınızdan əl çəkin. Bu baxımından “Dağlıq Qarabağ”la Naxçıvanı müqayisə etmək fikrində deyiləm. Düşünmürəm ki, belə bir ziddiyyət yaranıb. Bunu biz etmək məcburiyyətində deyilik. Bu məsələ nə zamansa diskussiya oluna bilər.
 


- Bu il həm də "Suverenlik ili"dir. Azərbaycan vətəndaşı bu suverenliyi nə qədər yaşayır. Biz ona bu istiqamətdə nələri aşılamalıyıq?

- Keçdiyimiz yol göstərir ki, müstəqillik və suverenlik sadəcə bəyan olunan məfhumlar deyil. Bu baxımdan hesab edirəm ki, VI çağırış Milli Məclisdə qəbul etdiyimiz ən mühüm qərarlardan biri 1991-ci il 18 oktyabr tarixinin müstəqilliyin bərpa olunması günü kimi elan olunmasıdır. Nəyinsə elan olunması hələ onun əldə olunması demək deyil. Sərəncamda bizim tarixçilərimizin də çox zaman yaza bilmədiyi və ya yazmaq istəmədiyi çox düzgün siyasi qiymət verildi. 1991-ci ildə müstəqillik əldə olunub, amma torpaqlar işğal olunub. Həmin dövr itkilər dövrüydü. Suverenliyin, müstəqilliyin bəyan olunması onu əldə etmək demək deyil. Mənim təsəvvürümdə suverenlik yalnız sənəddə olmur. Onu hiss etmək lazımdır.

AZAL təyyarəsinin qəzasından sonra  ölkə başçısının həlak olunan ekipaj üzvlərinin ailələri ilə görüşündə  və AZAL hava limanında səsləndirdiyi fikirləri dinlədim. Mənim üçün suverenlik odur. Ölkə Prezidenti hər kəsin  hüququnu istənilən şəxsdən və ölkədən qoruya bilər. Son dövrdə bu hadisələrlə bağlı cənab Prezidentin Rusiya ilə bağlı söylədiyi fikirlər, haqlı tələblər, eləcə də İranla bağlı haqlı iradları var. Biz nəyi müşahidə edirik... O fikirlər əsaslıdır və  bizim iradlar qəbul olunur. Onların aradan qaldırılması üçün tədbirlər görülür. Mənim üçün suverenlik budur. Suverenlik güclü liderdir. Gənclər və əhalimizin böyük hissəsi suverenliyimizi anlayır. Sosial məsələlərlə bağlı qət edilən yollar, bugünkü vəziyyət müzakirə oluna bilər. Amma başa düşmək lazımdır ki, müstəqil olmaq həm də çətin bir şeydir. Bunun üçün öz resursların olmalıdır. Cənab Prezidentin də vurğuladığı kimi, Ermənistanın son addımları səbəbindən müdafiə xərcləri artırılmasaydı, həmin vəsaiti başqa istiqamətlərdə xərcləmək olardı. Bəzən milli qürur naminə hansısa maddi nemətlərdən imtina etməli olursan. O illərdə insanların bir fikri olub - müstəqillik. Mən xatırlayıram, 1994 və 95-ci illərdə dövlət çevirilişinə cəhdlər zamanı vətəndaşlar Prezident Administrasiyasının önünə toplaşmışdılar. Orada Heydər Əliyev çıxış edirdi.  Ora gələnlərin arasında qaçqınlar, məcburi köçkünlər üstünlük təşkil edirdi. Əminəm ki, həmin insanların hissi ancaq dövlətin müstəqilliyini qorumaqla bağlı olub. Özlərinin çətin maddi durumu barədə hətta unudublar.
 

- Konstitusiyamızda müasir Azərbaycan Respublikasını 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi elan etmişik. Hazırda Ermənistanın tərkibində olan Zəngəzur, Dərələyəz kimi ərazilər vaxtilə Azərbaycanın olub. Bu məsələ ilə bağlı hansı addımlar atıla bilər.
 

- Dövlətimizin mövqeyi bəllidir. Hər hansı dövlətin ərazisinə iddiamız yoxdur. Çünki bizim beynəlxalq hüquq tərəfindən tanınan ərazilərimiz var. Bir də bizim tarixi ərazilərimiz mövcuddur. Azərbaycan xalqı genetikası, dili, dini bizimlə eyni olan xalqın yaşadığı coğrafiya çox genişdir. Cənubi Azərbaycan, Dağıstan, Gürcüstanda Borçalı, Rusiyada Dərbənd, Türkiyədə Qarsa getsəniz eyni dilə, mədəniyyətə rast gələcəksiniz. Mənə elə gəlir ki, Azərbaycan xalqının sayı və yerləşmə coğrafiyası baxımından, qururverici hadisədir. Xəritədə baxsaq, çox geniş coğrafiya görəcəyik. İkinci məqamı da deyim ki, Azərbaycanda baş verən hansısa hadisələr, xüsusilə də Qarabağ məsələsi qürur yeridir. Bir də var beynəlxalq hüquqi çərçivə. Bizim heç bir ölkənin ərazisinə iddiamız yoxdur. O ki qaldı Zəngəzur məsələsinə, əlbəttə ki, artıq beynəlxalq hüquqi sənəd var. Bu sənəd 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatdır və onun 9-cu bəndidir. Azərbaycanın Qərb rayonlarının Naxçıvanla birləşməsi aydın şəkildə qeyd olunsa da, təəssüf ki, icra olunmayıb. Sonrakı dövrlərdə Ermənistan  bunu manipulyasiya edib. Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən digər, daha uzun yollarla da getmək olar. Amma sazişdə bu nəzərdə tutulmayıb. Azərbaycanın Qərb rayonları ilə Naxçıvanın birləşməsi, onun tarixi və zamanında mövcud olmuş kommunikasiya var. 10 noyabr sazişində məqsəd bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasıdır. Daha yaxın yolların açılması tələb olunur. Bu da "Zəngəzur dəhlizi" adlanır. Zəngəzurla bağlı bizim iddialarımız həm də 10 noyabr üçtərəfli bəyanatdan irəli gəlir. Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtması məsələsi var. Əlbəttə, o ölkənin də öz qanunları mövcuddur. Biz də ermənilərə reinteqrasiya ilə bağlı proqram təklif etmişdik. Amma azərbaycanlıların həm qanuni, həm də mənəvi haqqıdır ki, öz doğma torpaqlarına getsinlər. Kim istəyirsə, orada qalıb yaşasın, kim də istəyirsə, turist kimi getsin. Bu gələcəkdə təmin olunmalıdır.
 


- Azərbaycanda separatçıların - erməni hərbi cinayətkarların məhkəməsi keçirilir. Lakin bəzi beynəlxalq dairələr onları siyasi məhbus kimi göstərməyə cəhd göstərirlər. Bunun ifşası ilə bağlı komitəniz hansı işləri görməyi planlaşdırır?

 

- Prosesi mən də sizin kimi izləyirəm. Azərbaycanda yəqin çox az adam düşünərdi ki, onlar Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. Bu hadisənin özü Ali Baş Komandanın iradəsini nümayiş etdirir. Məlumdur ki, Azərbaycanın təhlükəsizlik və güc strukturları Ali Baş Komandanın rəhbərliyi altında nə qədər peşəkarlıq göstəriblər. Təbii ki, cinayətkarlar hazırda məhkəmə qarşısında cavab verənlərlə yekunlaşmır. Bir hissəsi dünyasını dəyişib, bir hissəsi də qaça bilib. Amma burada saydan çox faktın özü maraqlı olmalıdır. Bir neçə həbs olunmuş şəxs separatizmi təmsil edir və hadisənin mahiyyətini açır. Hətta istintaqın gedişində nə qədər məsələ ortaya çıxır. Kütləvi məzarlıqlar hamısı ortaya çıxır. Məhkəmə prosesində müəyyən etiraflar,  əməllərinə bəraət qazandırma cəhdləri, eləcə də peşmançılıqlarını dilə gətirənlər olur. Amma bunlar hadisənin mahiyyətini dəyişmir. Ona görə ki, bu əməllər müharibə cinayətləridir. İndiki məhkəmə prosesinə fərqli don geyindirmə cəhdlərinə gəldikdə, dünya mediasında bunu edirlər. Erməni lobbisi bunu təbii ki, təşkil edir. Ilk dövrdən Ermənistan hökuməti də onlara sahib çıxmayacaq. Onlar Rusiyanın hansısa dairələrinin təsiri altındadırlar, yaxud onları müdafiə etmək istəyirlər. Amma bununla bağlı açıqlama oldu. Rusiya Xarici İşlər Nazirliyi onların Rusiya yox, Ermənistan vətəndaşları olduqlarını açıqladı. Ermənistan rəhbərliyi öz mövqeyini bildirmişdi. Yəni onları yeganə qoruya biləcək şəxslər vəkilləridir. Erməni lobbisinin cəhdlərinin təbii ki, heç bir təsiri olmayacaq. Azərbaycanın hüquq sisteminə heç bir təsir ola bilməz. Hazırda medianın üzərinə düşən  əsas vəzifələrdən biri də onların etiraflarını mümkün qədər dünyaya çatdırmaqdır. Çünki Ali Baş Komandan yalnız Qarabağda separatizmə son qoymayıb, dünyada uzun illərdir davam edən erməni terrorizminə son qoyulub, erməni lobbisinə zərbə vurulub.
 

- 44 günlük müharibəyə, tarixçilər, ədəbiyyatçılar hərə bir cür qiymət verir. Bəs Azərbaycana bu qələbə hansı hüquqları verir?
 

- SSRİ dağılanda müxtəlif dairələrin öz maraqları olub. Bütün postsovet ölkələrində hakimiyyətdə olanlar və hakimiyyətdə olmaq istəyənlərin üzərinə biz vəzifə düşürdü: sosializmdən bazar iqtisadiyyatına keçiddən, sovet ittifaqının dağılması nəticəsində respublikaların ayrılması prosesindən mümkün qədər az ziyanla çıxmaq. Çünki hakimiyyətdə olanın üzərinə xalqın məsuliyyəti düşür. Azərbaycan o dövrdə ən yaxşı vəziyyətdən ən pis vəziyyətə düşüb. Torpaqlar işğal olunub, vəziyyət gərginləşib, suverenliyimiz, müstəqilliyimiz şübhə altına düşüb. O baxımından demək istəyirəm ki, o keçidi təmin edə bilməyiblər. Özbəkistan, Qazaxıstan, Belarus rahat keçid edib. Burada onların Ermənistan kimi qonşularının olmadığını söyləmək düzgün deyil. Hamının qonşusu ilə problemləri olur. Bugünkü suverenlik və müstəqilliyin mənim üçün əhəmiyyəti həm də ondan ibarətdir ki,  Prezident İlham Əliyev Azərbaycanı təkcə tarixi baxımdan yox, ideoloji baxımdan düzgün nöqtəyə qaytarıb.  Əslində Prezident İlham Əliyev həm də ən böyük tarixçidir. O, bu prosesləri həyata keçirərkən tarixçilərə, politoloqlara dərs keçib. Çünki yanlış tarixi ideoloji konsepsiyalar qoyulmuşdu. "20 Yanvarda həm də Xalq Cəbhəsinin əli qana batıb" fikrini İlham Əliyevin qətiyyətlə söyləyib. Heç bir tarixçi cəsarət edib bunu deməyib. Sovet qoşunları onların buradakı əlaltıları bunu edib. Necə ola bilər ki, hansısa prosesin önündə gedəsən, amma sonda zərər çəkməyəsən? Xalq Cəbhəsi liderlərinin 20 Yanvar faciəsindəki provakativ əməlləri danılmazdır. 1992-ci ildə Xalq Cəbhəsinin Şuşa və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlməsi ilə bağlı Prezident İlham Əliyevin söylədiyi fikirləri əvvəllər tarixçilər yazmamışdılar. Sonrakı mərhələlər aydındır. Kəlbəcər, Qarabağdakı strateji yüksəkliklər işğal olundu. Bundan sonrakı ətraf rayonların işğalı zamanın  məsələsi idi. Nəticədə özləri Heydər Əliyevi hakimiyyətə çağırdılar.

Bu gün Belarus və Qazaxıstana getsəniz, kənd təsərrüfatında, ağır sənayesə müəssisələr rekonstruksiya edilərək fəaliyyəti davam etdirilir. Amma Azərbaycanda nə etdilər, cəmi bir neçə il ərzində böyük potensial məhv edildi. Cənab Prezident müsahibələrindən birində deyib ki, Heydər Əliyevin 70-80-ci illərdə əldə etdiyi nailiyyətləri bir daha öyrənmək lazımdır. Jurnalist araşdırması etsəniz, görərsiniz ki, Heydər Əliyevin dövründə kənd təsərrüfatı, yüngül sənaye sahəsində nələr əldə edilib. Suverenlik  tək ərazi bütövlüyü deyil. O həm də dövlət quruculuğudur. Bu baxımdan suverenlik mənim üçün yalnız hüquqi məna ifadə etmir.
 


- Zavodları söküb satanlar da özümüzünkülər idi, ermənilər yox. Pərəstlik məsələsi var. Qərbpərəstlər, ruspərəstlər mövcuddur. Necə edək ki, pərəstlik məsələsini yox edək?

 

- Hesab edirəm ki, bu gün dövlət quruculuğunda xaricdən idarə olunan kiçik qrupları çıxmaqla Azərbaycan cəmiyyətinin böyük hissəsi dövlətçilik, suverenlik, iqtidarın siyasətinə qiymət məsələsində vahidlik təşkil edir. Biz bu sahədə ciddi nailiyyət əldə etmişik. Digər tərəfdən mən hesab edirəm ki, 91-ci ildə keçidin düzgün baş tutmamasına baxmayaraq, Azərbaycan xalqı özünü siyasi mədəniyyətinə görə postsovet, şərqi Avropa, türk-müsəlman dövlətləri arasında ən öndədir. Qafqazda ənənəvi olaraq gürcülər qurucu kimi təqdim olunurdular. Halbuki, yaradıcı bizik, Ermənistanı isə ümumiyyətlə, misal çəkmirəm, marionet olublar. O baxımdan qürur duya bilərik ki, Azərbaycan xalqının siyasi mədəniyyəti çox yüksəkdir. Bu məkanda ən öndədir.  Azərbaycan xalqı qurucudur. 90-cı illərin əvvəllərində baş verən dağıdıcı proseslər olmuşdu, onu xalqla bağlamıram, həmin dövrdəki iqtidarla və iqtidara iddialı qaragüruhla bağlayıram. Təkcə 80-ci illərin sonunda Azərbaycan mədəniyyətini götürün. Necə qurucu insanlar olublar. Kənd təsərrüfatı, qadınların cəmiyyətdə rolu hansı səviyyədə olub. Heydər Əliyevin vaxtilə "Sovet Azərbaycanı" adlı yazısı olub. Onu oxumağınızı tövsiyə edirəm. Görəcəksiniz ki, hansı nailiyyətlər əldə edilmişdi. Həmin nailiyyəti əldə edən xalq hansısa dağıdıcı fəaliyyətlə məşğul ola bilməzdi. Dağıdıcı qrup məlumdur. Onun xalqa aidiyyəti yoxdur. Mənim yeganə siyasi iradım keçidin təmin olunmamısıdır. Buna görə çəkdiyimiz çox ağır ziyanlar və itkilər olub. Qazaxıstan, Belarus və digər postsovet ölkələri keçid dövrünü müxtəlif formada keçiblər. Bir tək SSRİ-də yox, dünya miqyasında tanınan şəxsiyyət Azərbaycanda, Naxçıvanda olduğu halda təcrid edilib. Biz onlardan istifadə edərək keçid dövrünü idarə etsəydik, Azərbaycan özünün 70-80-ci illərdə qurduğu bütün potensialı saxlayırdı. Biz sadəcə  sosializmdən bazar iqtisadiyyatına keçirdik. Onlar isə Heydər Əliyevi keçmiş SSRİ rəhbərliyində və DTK  generalı olmağı bəhanəsilə təcrid edirdilər. Heydər Əliyev idarəçiliyi isə bütün dövrlərdə demokratik üslubda olub. 1990-cı illərin əvvəllərində ən yaxşı vəziyyətdə biz ola bilərdik, amma ən acınacaqlı vəziyyətə düşdük. Sonrakı dövrdə xalqımızın Heydər Əliyevə və İlham Əliyevə etimadı sayəsində biz yenə də öndəyik. Bu qururverici haldır. Xalq-iqtidar birliyi olmasaydı, bu nailiyyətlər olmazdı.
 

- Dövlət quruculuğunda idarəçi formada qadınları nə qədər aktiv görürük? Onların sözü nə qədər keçərlidir? Bu yöndə sizin komitə tərəfindən fəaliyyət olacaqmı?
 

- Dünyəvilik bizim ən böyük nailiyyətimizdir. Ölkələr özlərini hüquqi və demokratik adlandırırlar. Dünyəvilik isə fərqli anlayışdır. Burada din dövlətdən ayrıdır. Dünyəvilik prinsipinə görə qadın idarəedicilikdə iştirak edir. Bu da qürurvericidir. Azərbaycan Xalq Cümhuriyyətində qadınların rolu bəyan olunub. Səs vermək hüququ verilib.  Sonrakı mərhələdə, yəni sovet dövründə bu, çox sürətlə inkişaf edib. Azərbaycan qadını çarşabını çıxarıb, təhsilə yönəlib. Rəsmi statistikaya görə, 1971-ci ildə Azərbaycan xalqının 99,9 faizi təhsilli olub. Siz 70-ci illərin Türkiyə, İran və yaxud digər müsəlman respublikalarının heç birində bu göstəricini tapmazsınız. 70-80-ci illərdə - Heydər Əliyevin dövründə qadınların dövlətin idarə olunmasında, mədəniyyətimizdə, iqtisadiyyatımızda rolu çox artıb. Hesab edirəm ki, müasir dövrdə də bu tendensiya artmaqdadır. Birinci vitse-prezident xanımdır. Onun rolu yüksəkdir. Dövlət idarəetməmizdən qadınların rolu böyükdür. Milli Məclisin sədri, İnsan hüquqları üzrə müvəkkil qadındır. Ali hakimiyyət idarəetmə orqanlarında qadınlar kifayət qədərdir. Məsələn, bizim komitəmizdə üzvlərdən biri xanımdır. O, çox aktivdir. Bunun faizi daha da artmalıdır. Amma bu təbii olmalıdır. Qadınlar idarəetmyədə müsbət spesifika gətirirlər. Statistikaya baxın, məhkəmə sistemində 90-cı illərin əvvəlində epizodik olaraq bir neçə xanım hakim vardı. İndi isə hakimliyə namizəd olmuş şəxslərin minimum üçdə biri xanımlardır. Tək Bakıda yox, regionlarda xanım prokurorlarımız var. Polis orqanlarında vəziyyət fərqli ola bilər, amma orada da xanımlar təhsil alır və çalışırlar. Bu nailiyyətlər qadınların arzuladığı qədər deyil. Amma məhkəmə-hüquq sistemində bu tendensiya ciddidir və uğurludur.
 


- İmişlidə baş verən qəza hadisəsindən sonra rayonda yaşananlara sizin münasibətinizi  bilmək istərdik…

- Məlum olduğu kimi, İmişlidə törədilmiş iğtişaşlarla bağlı məsələyə də hüquqi qiymət verilməsi gündəmdədir. Respublikanın hüquq-mühafizə orqanları tərəfindən hadisəyə çevik reaksiya verilib, dərhal araşdırmalara başlanılıb, əraziyə DİN-nin tədqiqat qrupu ezam olunub. Xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində 3 ay müddətində həbs-qətiimkan tədbiri seçilib. Hesab edirəm ki, bu iğtişaşlarda nümayiş etdirilən hüquqazidd əməllərin mahiyyəti asayişi qorumağa cavabdeh olan dövlət orqanı kimi polislə vətəndaş arasındakı münasibət kontekstində baxarkən daha aydın görünür. Yəni vətəndaşların haqlı tələbləri nə dərəcədə diqqətə alınardısa, asayişi qoruyan polisin qanuni addımlarına da o dərəcədə hörmətlə yanaşılmalıdır. Sivil dövlət-vətəndaş münasibətlərinin əsas meyarlarında biri də budur. Unutmaq olmaz ki, Azərbaycan polisi tarix boyu dövlətçiliyimizin əsas sütunlarından biri olub və bu gün də belədir. Xatırlayırsınızsa, hələ 1987-ci ildə baş qaldırmış erməni terrorizminə qarşı silahlı mübarizəni ilk olaraq, məhz onlar aparıblar. Müstəqilliyin ilk illərində-Birinci Qarabağ müharibəsində Azərbaycan polisinin 930-dan çox əməkdaşı şəhid, 700-ə yaxın isə əlil olub. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb. Təəssüf ki, 1992-93-cü illər ərzində, AXC rəhbərliyi dövründə polis orqanlarına rəhbərlik edənlər özləri də kriminal təfəkkürlü olub, Azərbaycan polisini də qanunsuz hərəkətlər etməyə vadar ediblər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətində Azərbaycan polisi ölkədə ictimai sabitliyin bərpa olunmasında digər hüquq-mühafizə orqanları ilə birgə ciddi fəaliyyət göstərib. Ümummilli liderimiz deyirdi ki, “Müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri Ordudursa, digəri, müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır".

Azərbaycan polisi hər zaman, o cümlədən son onilliklər ərzində də özünün fədakar fəaliyyəti ilə ictimai asayişin qorunmasında, mütəşəkkil cinayətkarlıqla mübarizədə öndə olub. 2000-ci illərdə xarici qüvvələrin və milli xəyanətkarların birləşərək ölkədə “məxməri inqilab”la hakimiyyətin zorla ələ keçirilməsi cəhdlərinin qarşısı ilk növbədə polisin çevik addımları sayəsində qətiyyətlə alınıb. Onun ən bariz nümunələrindən biri 2003-cü ilin oktyabr hadisələridir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Silahlı Qüvvələrin tərkibində 44 günlük Vətən müharibəsində və Qarabağda ölkənin suverenliyinin təmin olunmasında fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər. Müqəddəs savaşda bu qurumun 66 hərbçisi şəhid olub, 346 nəfər isə yaralanıb. Vətən fədailəri kimi  mərdliklə döyüşmüş 1400 nəfərə yaxın hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Hazırda da Azərbaycan polisi Qarabağda və Şərqi Zəngəzurda nümunəvi xidmətini davam etdirir, orada qanunçuluğun təmin olunmasına öz töhfəsini verir. Ona görə də polis Azərbaycan xalqının keşiyində durduğu kimi, ictimaiyyət də polisin nüfuzunu qorumalıdır. Azərbaycan polisinin İmişlidə baş vermiş iğtişaşların qarşısını alması isə tamamilə qanunidir, təxribatlara adekvat cavab verilib, son nəticədə sakinlərin özlərinin asayişii qorumaq məqsədinə xidmət edib.

Seçilən
22
33
modern.az

10Mənbələr