AZ

“Qarabağ” Avropa Liqasında rəqiblərindən geri qalacaq oyun sərgiləmədi”

“Təəssüf ki, “Qarabağ” bu mövsüm qrupda cəmi 3 xal qazanıb. Bu, gözləntilərin aşağısında oldu. Fikrimcə bunun bir neçə səbəbi var. İlk öncə futbolçuların mütəmadi olaraq zədələnməsidir. Bəzi oyunlarda stoper mövqeyində Silvanı görürdük. Hətta “Araz Naxçıvan”la Premyer Liqa görüşündə məcburiyyətdən bu mövqedə Almeyda var idi”.

Bu sözləri İdmanxeber.az saytına azərbaycanlı məşqçi Zaur Həşimvov “Qarabağ”ın cari mövsüm avrokubok çıxışını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

“Bir neçə futbolçunun performanslarının aşağı düşdüyü görünür. Komandaya yayda qoşulan futbolçular istənilən oyunu sərgiləmədi. Başqa vacib amil oyunçular barədə çıxan transfer xəbərləridi. Belə olan halda onlar matçlara köklənə bilmir. Rəqibləri də unutmamalıyıq. Artıq “Qarabağ”a qarşı çox ciddi hazırlaşırlar. Komandamızdan çəkinmələri bu nəticələri gətirib çıxardı. Bütün bunlara baxmayaraq, “Qarabağ” Avropa Liqasında rəqiblərindən geri qalacaq oyun sərgiləmədi. Hətta bəzi matçlarda üstün oynayırdı. Ancaq bunu nəticəyə çevirə bilmədi.

İstənilən komandaya yenilənmək lazım olur. Bütün klublar transfer dönəmində bundan maksimum istifadə etməyə çalışır. “Qarabağ” sıradan transferlər edəcək komanda deyil. Səviyyəsi yuxarı olan futbolçular isə ölkəmizə az gəlir. Buna görə də “Qarabağ” transferdə çətinlik çəkir”.

Həşimov Qurban Qurbanovun artıq yorulduğunu iddia edənlərə də cavab verib:

“Qətiyyən belə düşünmürəm. Qurban Qurbanov illərdi Azərbaycan futbolunu tanıdan məşqçidi. “Qarabağ”ın bu il də ölkə çempionluğunu qazanacağı görünür. Əminəm ki, gələn mövsüm daha güclü “Qarabağ” görəcəyik”.

Həsən Quluzadə

 

Seçilən
30
50
idmanxeber.az

10Mənbələr