AZ

Hay sevdalı USAID-in də “kitab”ı bağlanır

Ağ ev agentliyin bölgənin inkişafına deyil, militarizmə yönəlik “missiyası”na veto qoydu

ABŞ-ın respublikaçı 47-ci prezidenti Donald Tramp hər gün qəbul etdiyi qərarlar, verdiyi sərəncamlarla dünyanı təəccübləndirməkdə davam edir. Onun maraq doğuran qərarlarından biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in vasitəsi ilə xarici ölkələrə edilən maliyyə yardımlarının dondurulması ilə bağlıdır. Bu barədə açıqlamasında D.Tramp bildirib ki, əgər agentlik  əməkdaşları xarici yardımın dondurulması qərarına məhəl qoymasalar, onları “ciddi intizam cəzası” gözləyir. 

Ağ Evin yeni administrasiyası prezidentin “Öncə Amerika!” siyasətinə uyğun olaraq, USAID-i ABŞ-ın humanitar yardımının dünya üzrə bölüşdürülməsini transformasiya etmək üçün Vaşinqtonun səylərinə qoşulmağa çağırıb. Bu barədə “Reuters” məlumat yayıb. Yanvarın 25-də USAID-in 10 mindən çox əməkdaşına göndərilən təlimatda Birləşmiş Ştatların bütün dünya üzrə xarici yardımının yanvarın 24-də dondurulmasından sonra əlavə göstərişlərin olacağı bildirilir. Mediaya sızmış bəyannamədə deyilir ki, xarici yardım xərclərinin dayandırılması “ümumi dondurulma”, rəsmi Vaşinqtonun bu fəaliyyətə veto qoyması deməkdir. Burada yeganə istisna fövqəladə hallar zamanı humanitar ərzaq yardımı və dövlət məmurlarının xidməti və ezamiyyə xərcləridir. Yanvarın 20-də prezident kimi səlahiyyətlərinin icrasına başlayan Donald Tramp ABŞ-ın xarici yardımlarının onun xarici siyasət prioritetlərinə uyğun olub-olmadığını yoxlamaq üçün 90 gün müddətinə dondurulmasını əmr edib. Buna görə Dövlət Departamenti USAID-ə hətta mövcud və ayrılmış yardımların icrasını dayandırmağı tapşırıb.

* * *

ARAYIŞ: ABŞ dünyanın ən böyük yardım donorudur. Vaşinqton 2023-cü maliyyə ilində müxtəlif ölkələrə 72 milyard dollar yardım ayırıb. 2024-cü ildə təbii fəlakətlərlə üzləşən ölkələrə BMT tərəfindən ayrılan bütün humanitar yardımın 42 faizi ABŞ-ın payına düşüb. USAID-in büd-
cəsi 27 milyard dollara yaxındır.

Rəsmi Vaşinqtonun maliyyəsi və göstərişi ilə fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi – USAID dünyanın ABŞ-a loyal ölkələrinə yardımlar göstərən qurum kimi Azərbaycana yaxşı tanışdır. İnkişafa deyil, maliyyə inhisarçılığına, xüsusilə, Cənubi  Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin yaranmasına qarşı çıxan qüvvələrdən biri məhz USAID-dir. Ən azı, son 4 ildə bu təşkilat açıq-aşkar erməniləri dəstəkləyib, onların maraqlarına xidmət edib. Agentliyin belə “inkişaf strategiyasının” əsas səbəbi demokrat Bayden Administrasiyasının bölgədə yürütdüyü bölücülük siyasətidirsə, digər səbəbi onun rəhbərinin – Samanta Pauerin qatı ermənipərəst mövqeyi ilə bağlıdır. 

Xeyli vaxtdır ki, bu quruma başçılıq edən xanım Pauer, faktiki olaraq, Cənubi Qafqazda “rəngli inqilablar”, çevrilişlər, süni böhranlar törətməyə çalışanların “maşa”sı rolunda çıxış edir. Keçən ilin sentyabrında USAID Ermənistana maliyyə yardımını iki dəfədən çox – 120 milyon dollardan 250 milyon dollara qədər artırmasını “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcəyi” ilə izah etmişdi. 

Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19–20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən dərhal sonra – sentyabrın 25-də Samanta Pauerin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə birlikdə İrəvana səfərini, baş nazir Paşinyana prezident Baydenin məktubunu çatdırmasını, sərhədyanı kəndlərə gedərək, burada Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşməsini də unutmamışıq. Haypərəst Pauer bu səfərlə bağlı “X” sosial platformasında etdiyi paylaşımında ermənilərə “tükənməz sevgisindən” bəhs etmişdi. Həmin ilin noyabrında USAID-in Ermənistan ofisi ABŞ-ın “Qarabağ hadisələrindən zərər çəkənlərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını elan etdi. Üstəlik, xanım Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdi.

USAID-in yerli missiyasının direktoru C.Allelo isə agentliyin Ermənistana artan maliyyə yardımını belə qiymətləndirmişdi: “Bu yardım bizim Ermənistanla tərəfdaşlığımıza sadiqliyimizi göstərir. Maliyyənin həcmini artırmaqla, proqramlarımızı genişləndirməklə biz Ermənistanın inkişafına və uğur qazanmasına (?) kömək edirik. Ümumi məqsədlərimizə çatmaqda Ermənistan hökuməti ilə işimiz həlledici rola malikdir”. Aydın məsələdir ki, haylara “uğur qazanmaq” üçün şəraitin yaradılmasını dedikdə cənab Allelo haylarda revanşist hisləri qızışışdırdıqlarını, İrəvanı militarizmə sürüklədiklərini nəzərdə tuturdu. D.Trampın Ermənistan hakimiyyətini şoka salan bu qərarının hələ uzun müddət müzakirə mövzusu olacağı şübhə doğurmur.  

* * *

Donald Trampın ABŞ Prezidenti kimi ilk fərmanlarından biri də ölkəsini Paris İqlim Sazişindən rəsmən çıxarmaq barədə olub. Birinci prezidentlik dövründə də D.Tramp ölkəsinin Paris Sazişindən çıxması qərarını vermişdi. Amma 2021-ci ilin əvvəlində Ağ evdə onu əvəzləyən Co Bayden bu beynəlxalq razılaşmaya yenidən qoşuldu. Diqqəti çəkən məqam odur ki, Paris razılaşmasından çıxmaq qərarı Kaliforniyada dəhşətli yanğınların tüğyan etdiyi bir vaxta təsadüf edir. Əslində, Trampın bu qərarı təkcə atmosferə sənaye emissiyalarının azaldılması və onların nəticələrinin aradan qaldırılması prosesini ləngitmir, eyni zamanda, dünyada yaşıl enerjinin inkişafına mənfi təsir göstərir.

Donald Trampın qərarının mənfi nəticələrdən biri də iqlim dəyişikliyi ilə bağlı tədbirlərin, o cümlədən Bakıda – COP29-da qəbul edilən qərarların maliyyələşdirilməsinin dayandırılması olacaq. Barak Obama dövründən başlayaraq ABŞ inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edən Yaşıl İqlim Fonduna (GCF) 3 milyard dollar ayırıb. Yerli ekspertlərin fikrincə, Paris Sazişindən çıxmaq ABŞ daxilində yüzlərlə ekoloji standartın geri qaytarılmasına, avtomobillər üçün yanacaq səmərəliyindən tutmuş elektrik stansiyalarından emissiyaların məhdudlaşdırılmasına qədər məsələlərə mənfi təsirini göstərəcək.

Amma vəziyyət o qədər də acınacaqlı deyil. Bakı iqlim konfransında, eləcə də iqlim dəyişikliyi ilə bağlı digər forumlarda qəbul edilmiş sazişlər Vaşinqtonun maliyyəsi olmadan də həyata keçirilə bilər. Dünyada ətraf mühitin mühafizəsi üzrə tədbirlərə dəstək verən aparıcı ölkələr var. Sadəcə, ümid edək ki, həmin dövlətlərin başçıları bu məsələdə Donald Trampdan nümunə götürməyəcəklər. 

İ.HƏSƏNQALA 
XQ

Seçilən
25
7
xalqqazeti.az

10Mənbələr