Ünsiyyət uşaqların ən vacib tələbatlarından biridir. Lap körpəlikdən tutmuş hər bir yaş dövrünün özünəməxsus ünsiyyət tələbatı olur. Ünsiyyət sosial tələbatdır və uşaqların şəxsiyyətinin inkişafında mühüm rol oynayır. Ünsiyyət qurmaqda çətinlik çəkən, tək yaşamağı, özü ilə daha çox vaxt keçirməyi sevən uşaqlar asosial uşaqlar hesab edilir.Təəssüflər olsun ki, dövrümüzdə əksər valideynlər uşaqlarının asosial olmağından şikayətlənirlər. Övladlarının ancaq otaqlarında, kompüter, telefon ya da televizor qarşısında zaman keçirməsindən məyus olurlar. Belə uşaqlar məktəbdə, getdikləri yerlərdə heç kimlə danışmır və oynamırlar. Ailələri ilə fikirlərini bölüşməkdən belə qaçırlar. Bir çox ata və analar buna diqqət yetirməsə də, bəzi valideynlər çox narahat olurlar.Problemin səbəblərini və həlli yollarını öyrənmək üçün Psixoloq Gövhər Məmmədovaya müraciət etdik. O, Missiya.Az-a açıqlamasında deyib ki, uşaqlarda asosiallıq fərqli səbəblərdən qaynaqlana bilər:“Ana-atalar özləri asosial olduqda övladlarında da bu formalaşa bilər. Habelə ən böyük səbəblərdən biri də texnologiyadır. Hazırda texnologiya dövrü olduğuna görə biz onları çox kiçik yaşda telefon, planşetlər və s. tanış etdikdə sözügedən fəsadlar ortaya çıxır, azyaşlı ətraf mühitdən, cəmiyyətdən aralanır. Uşaq utancaq da ola bilər və həmin xarakter ona ünsiyyətdə çətinlik törədir”.
Psixoloqun sözlərinə görə, asosiallığın qarşısını bir çox üsullarla almaq mümkündür:“Valideynlər övladlarının maraqlarını çəkən hansısa fəaliyyətlər tapıb ona yönəldə bilərlər. Bunu da birbaşa yox, yavaş-yavaş etmək lazımdır. Məsələn, rəsm, rəqs kurslarına və s. Hansı ki, orada tək yox, öz yaşıdları ilə birgə vaxt keçirəcəklər. Uşaq utancaq olduğu zaman anası və atası ona anlayış göstərməli, utandığı məqamları izah etməlidir. Valideynlər uşaqlarını ətraf mühitlə tanış etməli, açıq havada daha çox vaxt keçirmələrinə şərait yaratmalıdırlar. Təbii ki, müəyyən qədər evdə də qala, kompüter, televizordan və s. istifadə edə bilər. Lakin bütün gününü bu cür şəkildə keçirmək yolverilməzdir".
Zərintac MayisqızıMissiya.Az