YANVARIN 29-da UNUDULMAZ AZƏRBAYCAN HAKİMİ TOFİQ BƏHRAMOVUN 100 YAŞI TAMAM OLUR
“Old Trafford”da “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Fergüssonun, “Uembli”də 1966-cı ildə dünya çempionatının qalibi olan İngiltərə millisinin kapitanı Bobbi Murun heykəli var. Futbolçu və ya məşqçilərin xatirəsinin bu cür ədədiləşdirilməsi, onların adlarının stadionlara verilməsi ilə bağlı nümunələrə çox rast gəlmək olur. Ancaq hələ ki, hakimliyin zirvəsinə ucalan dünya şöhrətli azərbaycanlı Tofiq Bəhramovdan başqa adına futbol arenası olan referi yoxdur".
2019-cu ildə Britaniyanın “The Sun” nəşrində Tofiq Bəhramov haqqında dəcr olunan məqalədə belə bir abzas yer alıb. Bu fakt Tofiq Bəhramovun Azərbaycan futbolu üçün nə qədər yüksək əhəmiyyətli bir sima olduğunun növbəti göstəricisidir.
Sabah – yanvarın 29-da T.Bəhramovun 100 illik yubileyidir. 1925-ci ildə Ağdamda doğulan və sonradan Bakıda - İçəriçəhərdə yaşayan Tofiq Bəhramov hakimlik adına ən yüksək zirvəyə ucalmağı bacarıb.
1966-cı il dünya çempionatının final matçı - İngiltərə - Almaniya oyunundan sonra (4:2) sonra Böyük Britaniya kraliçası 2-ci Elizabetin şəxsən təqdim etdiyi “Qızıl fit” və “Qızıl ilahə” mükafatının surətinə layiq görülən bu azərbaycanlı hakim heç kimin bacarmadığını edib. Çünki həmin vaxtlar “Qızıl fit” mükafatı yalnız baş hakimlərə verilirdi. Tofiq Bəhramov isə yan xətt hakimi kimi işinin öhdəsindən əla gəldiyinə görə bu hörmətə layiq görülmüşdü.
Kraliça Tofiq Bəhramovu mükafatlandırır
Tofiq Bəhramovun adı gələndə ilk olaraq yada 1966-cı ildə keçirilən dünya çempionatıın final matçı düşsə də, 1970-ci ildə Meksikada təşkil edilən mundialda, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda (“Estudiantes” - “Mançester Yunayted” oyununda yan xətt hakimi, “İndependyente” - “Ayaks” matçında baş hakim) ədaləti təmin edib. 1972-ci ildə UEFA kubokunun final matçı (“Vulverhempton” - “Tottenhem”) da Tofiq Bəhramova tapşırılıb. Bütün bunlar Azərbaycan hakimliyi adına çox böyük uğur və növbəti hakim nəsli üçün yaxşı bir nümunədir.
"Həmin qərardan sonra FİFA-dan SSRİ hakimlərinə təyinatlar artmağa başladı"
Tofiq Bəhramovla 20 ilə yaxın birlikdə çalışmış, SSRİ dövründə FİFA referisi olmuş başqa bir azərbaycanlı Rüstəm Rəhimov Azərbaycanın 20-ci əsrdə ən yaxşı hakimlərindən biri sayılır. Əfsanəvi hakimi uşaqlıqdan tanıdığını deyən Rəhimovun onunla bağlı xatirələri az deyil. “İçərişəhərdə bir məhlədə yaşayırdıq, qonşu idik. Biz məhlədə futbol oynayanda Tofiq müəllim əlində çanta ilə yanımızdan keçirdi. Onda o qədər də tanınmırdı. Mən danışıram 1958-1960-cı illərdən. Tofiq müəllim hakimliyə başlayanda mən futbol oynayırdım, tez-tez görüşürdük.
Rüstəm Rəhimov
1966-cı ildə keçirilən dünya çempionatına qədər Tofiq Bəhramov SSRİ çempionatında yüksək liqanın oyunlarını idarə edirdi və artıq bizdə tanınırdı. Amma 1966-cı ildəki dünya çempionatından sonra dünyada tanındı. Həmin vaxt dünya çempionatında SSRİ-dən yalnız Tofiq Bəhramov var idi. O zaman mundialda qabaqcıl ölkələrin hakimlərini dəvət edirdilər. Final mərhələsində yan xətt hakimliyi üçün SSRİ-dən 3 namizəd olub. Rusiyadan Sergey Alimov, Gürcüstandan Karlo Kolaşvili və Azərbaycandan isə Tofiq Bəhramov. O boyda SSRİ-dən təkcə Tofiq Bəhramovu seçiblər. Onu da qeyd edim ki, o vaxta qədər bizim hamımızın müəllimimiz olan Nikolay Latışev 1962-cı ildə dünya çempionatının final matçını idarə etmişdi. O, SSRİ Hakimlər Komitəsinin sədri və FİFA-da hakimlərin rəhbəri idi. Onlar ikisi SSRİ-də yeganə hakim olmuşdular ki, iki dəfə ardıcıl dünya çempionatının final mərhələsində iştirak etmişdilər. Yəni 1958, 1962-cı illərdə Nikolay Latışev və 1966, 1970-ci illərdə Tofiq müəllim. O dövr üçün bu, böyük nəticə idi.
1966-cı ildə dünya çempionatının finalında İngiltərə ilə Almaniya oyunundakı qərarı ilə Tofiq müəllim dünya futbolunun tarixinə düşdü. Biz həmişə onunla fəxr edirdik. Təbii ki, almanlar bu qərardan narazı qalıblar. Ancaq dünya çempionatı bitəndən sonra təşkil edilən böyük ziyafətdə Almaniya millisinin kapitanı Uve Zeeler Tofiq Bəhramova yaxınlaşıb və qərarına hörmətlə yanaşdığını deyib. Bunu Tofiq müəllim özü mənə danışıb. Oyun zamanı təbii ki, hərə bir söz deyə bilərdi. Çünki final oyunun gedişində hamı emosional olur. Ancaq daha sonra hər kəs qərarın düz olması faktı ilə razılaşıb. Tofiq müəllimin təkcə bu qərarı Azərbaycan hakimliyinə çox böyük təkan verdi. Məsələn, elə bir faktı deyim. O vaxtlar SSRİ ilə digər böyük dövlətlərin münasibəti elə də yaxşı deyildi. Bu, futbolda da özünü göstərirdi. FİFA-nın münasibətində də bunu görmək olurdu. SSRİ hakimlərinə az təyinat verirdilər. O vaxt FİFA-nı prezidenti ingilis Stenli Rouz idi. Tofiq müəllim həmin qərarından sonra uzun illər diplomatların edə bilmədiyi işlər oldu. Bundan sonra FİFA tərəfindən SSRİ hakimlərinə də təyinatlar verildi. Yəni əvvəllər il ərzində 2-3 təyinat olurdusa, 1966-cı ildən sonra bu rəqəm 8-10-a yüksəldi. Bizim orada nüfuzumuz artdı. Bundan sonra FİFA hakimlərimizin də sayı çoxalmağa başladı”.
Tofiq Bəhramovun 1966-cı ilin İngiltərə - Almaniya matçında geyindiyi və indiyədək onun doğmalarının qoruyub saxladığı forma
R.Rəhimovun fikrincə, Tofiq Bəhramov adı Azərbaycanın indiki hakimləri üçün əsl motivasiyadır: “Mən 20 ilə yaxın Tofiq müəllimlə işləmişəm. Biz xeyli işlər gördük ki, hakimlərimiz SSRİ çempionatında iştirak etsinlər. Biz heç vaxt Tofiq Bəhramovu yaddan çıxara bilmərik. Musiqiçilər dahi Üzeyir Hacıbəyovdan necə öyrənməlidirlər? Öyrənməlidirlər ki, Üzeyir bəy bu əsəri necə yazıb. İndiki hakimlər də Tofiq müəllimə belə baxmalıdırlar. İndi hakimlik dəyişilib. VAR da var. O vaxt bunlar yox idi. Yəni indi hakimlik asanlaşıb. Çünki bir neçə yeni texnologiya var ki, hakimlərə çox kömək edir. Ancaq ümumi götürəndə Tofiq müəllimin nəticələri bir etalondur. Çalışıb elit dərəcə almalıdırlar. Sevindirici haldır ki, bu gün hakimlərimiz Əliyar Ağayev və Elçin Məsiyev artıq UEFA-da birinci qrupundadırlar. Qarşılarına məqsəd qoymalıdırlar ki, dünya çempionatına düşsünlər. Necə ki, bir vaxtlar Tofiq Bəhramov bunu etmişdi”.
"Mənim sözümə görə 1-2 dəfə durub səhərlər qaçdı və xəstələndi"
R.Rəhimovun Tofiq Bəhramovla bağlı xatirlərində onun meydandan kənarda mülayim bir insan olduğunu görmək olur: “Tofiq müəllim çox ehtiiyatlı adam idi. Yəqin ki, məsuliyyətdən irəli gəlirdi. Amma bir az çox ehtiyatlanardı. Biz Soçidə təlim-məşq toplanışında idik. O da həmişə qapı-pəncərəni bağlayardı ki, soyuq olmasın. Səhərlər bütün hakimlər durub qaçırdı. Orda da hamısı korifey hakimlər idi.
Mən də ona deyirdim ki, Tofiq müəllim, siz də səhərlər Qara dənizin sahilində gəzin, qaçın. Görürsünüz, o biri hakimlər axşam içsələr də, səhərlər durub qaçırlar (gülür). O da mənim sözümə görə 1-2 dəfə durub səhərlər qaçdı və xəstələndi. Mənə dedi ki, görürsən, sənə qulaq asdım, belə oldum. Həmişə soyuqdan qorxurdu. Bu mülayim xasiyyəti insanlara qarşı münasibətində də görünürdü.
Səhv etmirəmsə, 1991-ci il idi. Moskva “Torpedo”su Daşkənddə “Paxtakor”la qarşılaşaqdı. Oyunun baş hakimi gücrüctanlı olmalı idi. Hakim İnspektor isə Tofiq Bəhramov idi. Sonra elə oldu ki, baş hakimi dəyişdirdilər və mən təyinat aldım. Bunu Tofiq müəllimə bildirmədim. Çünki bilirdim ki, bundan narazı olacaq. Həlledici oyun idi. Hər iki komandaya qalib gəlmək vacib idi. Biri çempion olmaq, digəri isə yüksək liqada qalmaq üçün ölüm-dirim mübarizəsi aparırdı. Bir ölkədən həm inspektor, həm də baş hakim təyinatı da olmurdu. Məhz bu səbəbdən Tofiq müəllimin mənim təyinatıma etiraz edəcəyini bilirdim. Ona görə də səfərə yola düşənə qədər ona bu barədə demədim. Hava limanında məni görəndə təəccübləndi. Həm də düşünürdü ki, idarəçəliyim yaxşı olmasa, mənə necə aşağı qiymət verəcək. İstəmirdi ki, tələbəsinə aşağı qiymət yazsın.
Mən də ona dedim ki, narahat olma, necə idarə etsəm, o qiyməti də yaz, səndən inciməyəcəm. Elə oldu ki, mən də oyunu yaxşı idarə etdim, qonaqlar 3:1 hesabı ilə qalib gəldi. Tofiq müəllimə dedim ki, 5 yazma, 4.5 bal bəsdi. O da elə yazdı ki, deməsinlər, eyni ölkədəndirlər deyə yüksək bal verir. Yəni hər işə çox böyük məsuliyyətlə və ehtiyatla yanaşırdı. Meydanda, verdiyi qərarlarda nə qədər sərt olsa da, insanlara münasibəti yumşaq idi. Böyüklə böyük, kiçiklə kiçik kimi davranmağı yaxşı bacarırdı. Bu, onun böyüklüyü idi”.
Tahir Süleymanov
Müstəqil Azərbaycanın ilk FİFA dərəcəli hakimlərindən olan Tahir Süleymanov da Tofiq Bəhramovdan bu peşənin bir çox sirrini öyrənib. O da unudulmaz referini özünə ustad sayır: “Hakimlikdə dahilik zirvəsinə ucalmış Tofiq Bəhramov Azərbaycan futbol tarixində öz layiqli yerini tutur. Tofiq müəllim futbolun bütün sahələrindən keçərək zirvələrə ucalıb. Qısa futbolçu karyerasından sonra hakimlik, "Neftçi" klubunda rəis, pedaqoji fəaliyyət və ömrünün sonuna kimi, müstəqilliyimizin ilk illərində yeni yaranan AFFA-da məsul baş katib vəzifəsi.
"Şəhər telefonu ilə evə zəng edər, saatlarla idarə etdiyim oyunları müzakirə edərdik"
Tofiq Bəhramovun uğurlarını geniş sadalamağa ehtiyac yoxdur, qısa xatırlatma kifayət edər. İngiltərədə dünya çempionatının finalı, Meksika-70-də hakimlik, 1972-ci ildə UEFA kubokunun final matçı, qitələrarası klub qarşılaşmasında baş hakim.
Tofiq müəllim dəfələrlə SSRİ çempionatının ən yaxşı referiləri sırasında yer alıb, sonrakı dövrlərdə hakimlərin hazırlıq mərhələsinə rəhbərlik edib. Dünyada yeganə hakimdir ki, adına stadion verilib.
Tofiq Bəhramov alicənab, gülər üzlü, mülayim xarakterli, sakit təbiətli, hər kəsə yaxşılıq arzulayan xeyirxah, əsl ziyalı insan idi.
Bizim hakim kimi yetişməyimizə həmişə dəstək verib, məsləhətlərini əsirgəməyib. İstedadlara xüsusi münasibəti var idi, onları qoruyardı. AFFA rəhbərliyində təmsil olunması, o dövrdə biz gənc hakimlər üçün edilməz dəyər idi. Qapısı hər birimizin üzünə açıq olardı. Çətin illər olsa da, Tofiq Bəhramovun müsbət aurası ətrafa yayılırdı, səmimi mühit formalaşırdı.
Heç kimin qəlbinə dəyməzdi. Xatirələr çoxdur. Hər dəfə yanına dəvət edər, hakimliyin sirlərini aşılayar, səbrli olmağı tövsiyə edərdi. Hakimlikdə əsas diqqəti psixoloji hazırlığa yönəldərdi. O dövrlər texnoloji inkişaf indiki kimi deyildi. Nüfuzuna, böyüklüyünə baxmayaraq, dəfələrlə axşam saatlarında şəhər telefonu ilə evə zəng edərdi, saatlarla idarə etdiyim oyunları müzakirə edərdik, bir-bir epizodları mənim üçün təhlil edərdi, yorulmazdı. Bu sadəlik Tofiq Bəhramov şəxsiyyətinin böyüklük zirvəsi idi. Belə qayğıkeşlik bizi daha da ruhlandırırdı. Ümumiyyətlə, o dövrdə hakimlər arasında böyük-kiçik yerinə, qarşılıqlı hörmətə mütləq riayət olunurdu.
Eldar Əzimzadə, Rüstəm Rəhimov, Orucəli Durmuşev, Xalid Novruzov, Tofiq müəllimin daimi köməkçiləri olmuş Rauf Adıgözəlov, Əliskəndər Nağıbəyov və digər təcrübəli hakimlərimiz biz gəncləri qoruyurdular, tez inkişaf etməyimizi istəyirdilər.
Sakit, təmkinli Tofiq Bəhramovun 1992-ci ildə ilk və son dəfə mənə qarşı hirsləndiyini gördüm. Çox gənc idim, hakimliyi atmışdım, ölkə xaricinə yollanırdım. Bu seçimimdən çox narazı qalmışdı, belə addım atmamağı israrla tövsiyə edirdi. Hər dəfə Bakıya qayıtdıqda baş çəkərdim, inadından dönmürdü, geri qayıtmağımı nəinki məsləhət görür, tələb edirdi. Sonda elə də oldu. Tofiq Bəhramovun və müəllimlərimizin sözünü yerə sala bilməzdim.
Ən böyük arzularından biri, tez bir zamanda müstəqil Azərbaycanın FİFA referilərinin olması idi. AFFA-nın baş katibi, beynəlxalq nüfuzu olan şəxs kimi buna çox çalışırdı. Nəhayət, 1994-cü ilin sonunda FİFA-dan xoş xəbər gəldi, biz (Tahir Süleymanov, Xaqani Məmmədov, Asim Xudiyev – red.) ilk beynəlxalq dərəcəli hakim adını qazandıq.
Təəssüf ki, Tofiq Bəhramov sıralarımızı çox tez tərk etdi. Onun yoxluğunu uzun illər öz üzərimizdə hiss etdik. Ruhu şad olsun, Tofiq müəllimin özü görməsə də, azərbaycanlı hakimlərin beynəlxalq səviyyədə olması istəyi, arzusu həyata keçmişdi. Bu gün də davam etməkdədir... Tofiq Bəhramov adı daim qəlbimizdə yaşayacaq!”
Sonda Tofiq Bəhramovun hakimlik zirvəsinə yüksəlməsini və bu peşədə necə bir şəxsiyyət olduğunu qısa şəkildə xatırlatmaq istəyirəm.
SSRİ çempionatında 146 oyunda baş hakim olub.
1963-cü ildən 13 il ardıcıl SSRİ-nin 10 ən yaxşı hakimi siyasısına düşüb.
SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi olub.
Avropa çempionatının final matçını idarə edən birinci sovet hakimi olub.
Nikolay Latışevdən sonra dünya çempionatının final mərhələsində hakimlik etmiş ikinci sovet hakimi olub.
SSRİ-də iki dəfə ardıcıl dünya çempionatının final mərhələsində iştirak etmiş iki hakimdən (digəri Nikolay Latışev – red.) biri olub.
Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb. Həmin il “Neftçi”yə qayıdaraq məşqçi, daha sonra komandanın rəisi kimi işləyib. O, 1992-ci ildə yeni yaranan AFFA-da Hakimlər Komitəsinin sədri, daha sonra isə baş katib vəzifəsində çalışıb.
1993-cü ilin martın 26-da, 68 yaşında dünyasını dəyişib.
Sizi unutmuruq, böyük hakim!
Ramiq Ağaməmmədov