AZ

ABŞ görüş üçün İSRAR EDİR – Rusiya isə Donbası “şumlayır”

“Son günlərdə Rusiyanın Donetsk vilayətinin Pokrovsk istiqamətində hərbi əməliyyatları intensivləşdirməsi və Ukrayna tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Rusiya ərazilərinə zərbələrin artırılması göstərir ki, hər iki tərəf mövcud vəziyyətdə üstünlük əldə etmək üçün hərəkətə keçib”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Rəşad Bayramov deyib.

Siyasi təhlilçi ABŞ-dən Ukrayna ilə bağlı danışıqlar üçün təkliflərin gəldiyi bir anda Rusiyanın Donbas cəbhəsində hücumlarını genişləndirməsinin səbəblərini izah edib.

R. Bayramova görə, belə bir gərginlik fonunda ABŞ prezidenti Donald Trampın təzyiqləri və təhdidləri hər iki tərəfi danışıqlar masasına oturmağa məcbur edə bilər:

“Lakin həmin zamana qədər hər iki tərəf masada daha üstün mövqe tutmaq üçün maksimum çalışacaq. Tramp administrasiyasının bu proseslərə təsiri xüsusi diqqət çəkir. Trampın ilk qərarlarından biri olaraq, xarici ölkələrə və təşkilatlara maliyyə yardımlarının 90 gün müddətində dayandırılmasını nəzərdə tutan sənəd Ukraynaya olan dəstəyin azaldılması istiqamətində bir siqnal kimi dəyərləndirilə bilər. Bu, gələcəkdə ABŞ-nin Ukraynaya maliyyə yardımlarını tamamilə dayandıracağı ehtimalını gücləndirir və Ukraynanı danışıqlar masasına oturmağa məcbur edə bilər. Əgər belə bir ssenari gerçəkləşərsə, Ukrayna çıxılmaz vəziyyətə düşə bilər”.

Onun fikrincə, digər tərəfdən, Rusiya daha da ciddi sanksiyalarla üzləşə bilər:

“ABŞ-nin Ukraynaya maksimum dəstək verməsi və Rusiyaya qarşı daha sərt iqtisadi təzyiqlər tətbiq etməsi Rusiyanı da danışıqlara məcbur edə bilər. Bu sanksiyalarla yanaşı, Ukraynaya hərbi və siyasi dəstəyin artırılması Rusiyanı zəiflətmək məqsədi daşıyır. Tramp administrasiyasının bu mövqeyi və atdığı addımlar hər iki tərəfi maksimum şəkildə üstünlük əldə etməyə vadar edir. Trampın özünəməxsus “Truth” sosial şəbəkə hesabında Putinə və Rusiyaya ünvanladığı mesajlarda da bu açıq şəkildə görünür. O, Rusiya ilə danışıqların baş tutmasını tələb edir və əks təqdirdə bunun Rusiya üçün ciddi nəticələrə səbəb olacağını bildirir. Ümumilikdə, bu intensiv hücumlar və siyasi təzyiqlər danışıqlara hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər. Hər iki tərəf daha güclü mövqeyə sahib olmaq üçün hücumlarını artırır, lakin danışıqlar masasında hansı tərəfin üstünlük əldə edəcəyi hələ ki, qeyri-müəyyəndir”.

Rafi Müslümov

Seçilən
7
50
yenicag.az

10Mənbələr