İlk olaraq yardımları dayandırdı, sonra isə Co Baydenin İsrailə 2000 funt sterlinqlik bomba satmaq qadağasını ləğv etdi. Özünü “sülh adamı” adlandıran ABŞ-nin yeni Prezidenti Donald Tramp qərəzli addım atmaqda davam edir.
ABŞ liderinin əsas məqsədi nədən ibarətdir?
Mövzu ilə bağlı BEY.AZ-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Tramp adminstrasiyası ziddiyyətlər təşkil edir.
“Bu, Tramp administrasiyasının siyasətində ən böyük ziddiyyətlərdən biridir. Yəni yeganə ziddiyyət deyil, yalnız biridir. Düşünürəm ki, bu, davamlı olacaq. Çünki bir tərəfdə dünyada sülh şüarını ortalığa atacaqsan, başqa bir tərəfdə digər dövlətlərin ərazisini işğal etməklə bağlı hədələyib, ABŞ-nin ərazisini genişləndirməkdən dəm vuracaqsan. Bu, bir ziddiyyət təşkil etmirmi? Yəni işğal və sülh bir yerdə olacaq ifadələr deyil. Başqa bir tərəfdən yeni ABŞ administrasiyası iddia edə bilər ki, zamanında ABŞ ilə İsrail arasında bu yöndə konkret müqavilə olub, sonradan bu müqaviləni dayandıran Bayden administrasiyası Netanyahu hökumətinə təzyiq xarakterli olaraq bu bombaların verilməsini dayandırıb. Onda ortaya başqa bir sual çıxır. Əgər həqiqətən də Bayden administrasiyasının yerinə yetirməli olduğu müqavilələrdən, qərarlardan söhbət gedirsə, onda məzlum ölkələrə, zərərçəkmiş insanlara ABŞ-nin yardımı ilə bağlı qərarı Donald Trap gələn kimi niyə ləğv etdi? Yəni üç aylıq da olsa, bu yardımlar dayandırıldı və burada da ilk ölkə, zərərçəkən Fələstindir”, – deyə siyasi şərhçi vurğuladı.
N.Mirinin sözlərinə görə, ABŞ-nin siyasəti yalnız daxili deyil, qlobal miqyasda da təhlükəli nəticələr doğura bilər:
“ABŞ Fələstində fəaliyyət göstərən BMT strukturunu maliyyələşdirirdi və bu yardım kontekstində fələstinlərə həm maliyyə, həm də humanitar yardımlar olunurdu. Artıq bu yardımlar kəsilib. Onda Donald Tramp əgər humanitar, yəni insanlıq nöqteyi nəzərdən olan qərarları görmürsə, bunu vacib bilmirsə, ancaq fələstinləri öldürəcək bir tonluq ağır tonnajlı bombaları yenidən İsrailə verilməsini vacib bilirsə, bu hansı məntiqi ortaya qoyur? Yəni burda ABŞ tərəfsizlik deyil, növbəti dəfə tərəf olduğunu ortaya qoyur və yanlış olan da budur və bu da gələcəkdə yeni şəkillənməkdə olan dünyaya hər hansı bir nizam vəd etmir? Ən böyük faciə də burdadır”.
Türkan İSGƏNDƏRLİ