Ankara, 28 yanvar, AZƏRTAC
Fələstin sakinləri üçün 871 ton humanitar yardım daşıyan daha bir gəmi Türkiyənin Mersin limanından yola düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 28-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, humanitar yardıma 10 460 çadır, 14 350 adyal, 20 duş-tualet və 300 generator daxildir. Bütün yardımlar Qəzza zolağının sakinləri arasında bölüşdürüləcək.
“Türk xalqı ehtiyacı olan hər kəsə hər cür yardım göstərməyə davam edəcək. Biz Fələstindəki qardaşlarımızın yanındayıq” -deyə Yerlikaya yazıb.
Nazir Fələstinə yola salınan gəminin fotolarını da paylaşıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara