AZ

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin görüşü olacaq

Yanvarın 29-da Ankarada keçirilməsi nəzərdə tutulan Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü Türkiyə mediasının diqqət mərkəzindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qardaş ölkənin telekanalları, xəbər agentlikləri, qəzetləri və xəbər portalları çoxmilyonlu auditoriyaya qarşıdakı müzakirələrin əhəmiyyətindən danışır, bu görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun təmsil edəcəyini bildirirlər.

“CNN Türk” telekanalı izləyicilərin diqqətini Ankara toplantısının gündəmindəki üç əsas mövzuya yönəldib.

Telekanalın məlumatına görə, üç türk dövlətinin nazirləri xarici siyasət və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyət, o cümlədən nəqliyyat və kommunikasiya sektorlarında əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Digər məsələlərlə yanaşı, görüşün yekunlarına dair üç ölkə arasında gələcək əməkdaşlıq istiqamətində Yol Xəritəsinin dəqiq həyata keçirilməsini nəzərdə tutan Ankara Bəyannaməsinin imzalanması planlaşdırılır.

Reportajda qeyd olunur ki, Türkiyənin xarici işlər naziri çıxışında dünyada artan qeyri-müəyyənlik, rəqabət və münaqişələr fonunda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin geosiyasi əhəmiyyətinin artdığını vurğulayıb.

Telekanal vurğulayıb: “Hakan Fidan türk dövlətlərinin səylərinin daha sıx konsolidasiyası və onların birliyinin vacibliyini qeyd edəcək, habelə qlobal iqtisadiyyat üçün Orta Dəhlizin prioritetini vurğulayacaq”.

“Haber Global” telekanalı xatırladıb ki, üçtərəfli formatda nazirlərin ilk görüşü 2022-ci il avqustun 2-də Daşkənddə üç ölkə arasında çoxsaylı çağırışlar, o cümlədən koronavirus pandemiyası, Ukraynadakı müharibə və onun nəticələri fonunda qlobal təchizat zəncirlərində dəyişikliklərlə bağlı əlaqələri gücləndirmək məqsədi ilə keçirilib.

Media orqanları Türkiyənin xarici işlər nazirinin Ankarada keçiriləcək görüşdə çıxışının əsas tezislərinə də istinad ediblər.

Seçilən
8
42
operativmm.az

10Mənbələr