AZ

Trampın fərmanı coğrafiyanı dəyişir: "Google Maps" adların yenilənməsinə hazırlaşır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Google" şirkəti populyar "Google Maps" xidmətində Meksika Körfəzi və Denali dağının adlarında dəyişiklik etməyə hazır olduğunu bəyan edib. Bu qərar ABŞ Prezidenti Donald Tramp tərəfindən bu coğrafi obyektlərin adlarının dəyişdirilməsi haqqında fərman imzalandıqdan sonra qəbul edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə şirkət nümayəndələri "X" sosial şəbəkəsində bəyan ediblər.
Fərmana əsasən, Meksika körfəzi Amerika körfəzi adlandırılacaq, Alyaskada yerləşən və Şimali Amerikanın ən yüksək zirvəsi olan Denali dağı isə 2015-ci ilə qədər olduğu kimi, yenidən Makkinli dağı adlandırılacaq. Dağın adının Denali olaraq dəyişdirilməsi (Alyaskanın yerli sakinlərinin dilində "böyük" mənasını verir) Barak Obama administrasiyası dövründə həyata keçirilmişdi.
"Google" vurğulayıb ki, xəritələrdəki dəyişikliklər rəsmi Coğrafi adların informasiya sistemində (GNIS) əks olunduqdan dərhal sonra tətbiq ediləcək.
"GNIS-də adlar dəyişdirildikdən sonra biz dərhal "Google Maps"i yeniləyərək Makkinli dağı və Amerika Körfəzini əks etdirəcəyik", - deyə "Google"dan bildiriblər.
Həmçinin şirkətdən qeyd edilib ki, coğrafi obyektlərin adları müxtəlif dövlətlər üçün fərqli olduğu hallarda həmin ölkələrin istifadəçiləri yalnız öz dövlətlərində qəbul edilmiş rəsmi variantı görəcəklər, digər ölkələrin sakinləri üçün isə hər iki ad göstəriləcək.
Xatırladaq ki, amerikalı milyarder İlon Mask isə İngiltərə ilə Fransanı ayıran La-Manş kanalının adının dəyişdirilməsi ilə bağlı gözlənilməz təklif irəli sürüb. O, boğazın Amerika Birləşmiş Ştatlarının ilk prezidentinin şərəfinə Corc Vaşinqton kanalı adlandırılmasını təklif edib.
Seçilən
30
50
oxu.az

10Mənbələr