AZ

Sabiq vitse-prezident “Neftçi"nin uğursuzluğunun səbəbini açıqladı - Çıxış yolu nədir?

“İkincilik belə “Neftçi” kimi klub üçün uğursuzluq sayıldığı halda, 7-8-ci sıralarda olmaq rəzalətdir. Təəssüf ki, itirən “Neftçi” və komandanın sadiq azarkeşləridir”.

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış futbol funksioneri Tahir Süleymanov Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”nin nəticələrindən danışarkən deyib.

“Neftçi"nin sabiq vitse-prezidenti qış fasiləsindən sonra da toparlana bilməyən “ağ-qaralar”da dəyişikliklərə ehtiyac olduğunu bildirib: “Neftçi" ilə bağlı illərdi fikirləmizi bildirmişik, davamlı təkliflərimizi etmişik. İllərdi aparılan təhlillər özünü yüz faiz doğrultsa da, təəssüf ki, “Neftçi” nəinki müsbətə doğru dəyişmir, əksinə, tarixi klub ildən-ilə nüfuzunu, mövqeyini itirir. 5-10 il öncə deyilənlər bu gün də öz aktuallığını qoruyur. Bu mövsümlər ərzində dəyişən sadəcə saysız-hesabsız rəhbər heyət, məşqçilər korpusu, gətirilən-göndərilən futbolçular, havaya sovrulan milyonlardır. 10 il ərzində kluba minimum 100-150 milyon vəsait xərclənib. Azərbaycan futbolu şərtlərinə görə fantastik rəqəmdir. Müasir futbolda maliyyə vacib amil olsa da, istənilən sahədə peşəkarlıq, strateji planlaşdırma, düzgün kadr seçimləri, məsuliyyətli yanaşma olmadan ciddi uğur qazanmaq mümkünsüzdür”.

Beynəlxalq dərəcəli hakim hazırda turnir cədvəlində 7-ci sırada qərarlaşan “Neftçi” üçün çıxış yolundan da danışıb. Onun fikrincə, məsləhətlərə qulaq asmaq, nəticə çıxarmaq əvəzinə, dağıdıcı xətt davam etdirilir: T.Süleymanov söyləyib ki, “Neftçi” uçuruma yuvarlandıqca, klubda kimlərsə pul qazanır və belə şəxslər əlcək kimi bir-birilərini əvəzləyirlər: “Uğursuzluq bir, maksimum iki mövsüm olar. Kulub 10 ildir çöküb. Əgər “Neftçi”nin dirçəlişi istənilirsə son dərəcə qəti, radikal addımlar atılmalıdır. Çox gecikilib. “Neftçi” nə qədər zəifləsə də, gec-tez öz böyüklüyü ilə komandanı ağır duruma salanları əzib keçib. Bəhanələrlə, azarkeşləri aldatmaqla, vaxt udmalarla “Neftçi” liderlik mövqeyini geri qaytara bilməz. Klubun vəziyyətinə dar çərçivədə, məşqçi, futbolçular prizmasından deyil, əhatəli, kompleks şəkildə yanaşılmalıdır. “Neftçi”nin problemi sahələr üzrə deyil, daha qlobaldır. Bunu artıq klubun təsisçiləri, baş sponsor düşünməlidir”.

Qeyd edək ki, “Neftçi” 20 turdan sonra 10 komanda arasında 18 xalla 7-ci pillədə qərarlaşıb. “Ağ-qaralar” mövsümün əvvəlində ukraynalı mütəxəssis Roman Qriqarçuka tapşırılsa da, 10-cu turda baş məşqçi vəzifəsinə Samir Abasov gətirilib.


Müəllif: Röyanə Oğuz
Seçilən
17
50
teleqraf.com

10Mənbələr