İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.
Görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb.
Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq etdiyi diqqətə çatdırılıb. Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, KOB və biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin nergetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla da görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiyi və ölkələrimizin xüsusilə enerji sahəsində bir çox mühüm layihələr həyata keçirdiyi vurğulanıb. Enerji sahəsində işbirliyinin təkcə iki ölkənin iqtisadiyyatına deyil, regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib. Ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.
"Report" xəbər verir ki, M.Cabbarov bu barədə "X"də yazıb.
"Biz tərəfdaşımızla birgə təşəbbüslərimizin müsbət nəticələrindən məmnun olduğumuzu bildirdik. Həmçinin bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və biznes potensialının açılması imkanlarını müzakirə etdik", - o bildirib.