AZ

Mendilibar: “Qarabağ”ı zəif komanda saymaq olmaz”

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Yunanıstan və Azərbaycan çempionları arasındakı qarşılaşma sabah “Olimpiakos”un meydanında baş tutacaq.

Bu gün oyundan öncə mətbuat konfransı keçirilib. Tədbirə qatılmış Xose Luis Mendilibar bunları söyləyib:

“Sabah qələbə qazanmaq vacib olmasa da, qalib gəlmək istəyirik. “Qarabağ”ın zəif komanda olduğunu düşünmürük. “Qarabağ” kimi bir neçə komanda var ki, onları zəif saymaq olmaz. İlk səkkizlikdə yer almaq bizdən asılı deyil. Qələbə qazanıb, digər oyunların nəticələrini gözləmək lazımdır. Rəqib komandanın künc zərbələri zamanı zəif olması ilə bağlı fikrə gəlincə, bu istiqamətdə işləmək üçün kifayət qədər vaxtımız olmayıb. Aydındır ki, onlar da bu problem üzərində işləyiblər. Biz qol vurmaq üçün bütün imkanlardan istifadə edəcəyik”.

Xose Luis Mendilibar Avropa Liqasının hazırki formatını bəyəndiyini bildirib. O, “Qarabağ”la oyunun heyətinin son məşqdən sonra müəyyənləşdirəcəyini deyib. İspaniyalı mütəxəssis heyətdə 2-3 dəyişiklik ola biləcəyini qeyd edib.

“Olimpiakos”un portuqaliyalı futbolçusu Kostinya da “Qarabağ”la oyundan əvvəl keçirilmiş mətbuat konfransında düşüncələrini dilə gətirib:

“Bizim qələbə qazanmaq şansımız var. Doğma azarkeşlər qarşısında oynadığımız üçün daha motivasiyalı olacağıq. Zəif rəqib olmur. Bütün oyunlar çətindir. Mübarizə aparmadan qələbə qazanmaq mümkün deyil. “Qarabağ”la oyunda uğurlu nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik”.

Xatırladaq ki, sabah keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Seçilən
0
7
arena.az

10Mənbələr