AZ

Azərbaycan müasir nəqliyyat–kommunikasiya ölkəsinə çevrilir

Bu sahə daxildə əhalinin rahatlığına, xaricdə beynəlxalq daşımaların səmərəliliyinə xidmət edir 

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafının müzakirə edilməsinin təsadüfi olmadığını, buna zəruri ehtiyac duyulduğunu bildirib. Dövlət başçısı son illər ərzində bu istiqamətdə bir çox işlər görüldüyünü, böyük infrastruktur layihələrinin icra edildiyini, lakin buna baxmayaraq Bakı şəhərində yenə də tıxacların müşahidə olunduğunu və onun sayının ildən-ilə artdığını vurğulayıb. 

Ölkə rəhbəri çıxışında belə bir vəziyyətin təbii səbəblərlə bağlılığını da açıqlayıb: “Respublikamızın, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir”.

Prezidentin vurğuladığı kimi, Azərbaycanda nəqliyyat məsələləri həmişə diqqət mərkəzində saxlanılıb və son 15 ildə Bakı şəhərində bir sıra mühüm layihələr reallaşdırılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb: “Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”.

Müşavirədə son illər ərzində ölkədə bir sıra nəqliyyat layihələrinin uğurla icra edildiyini – kənd, şəhərlərarası və magistral yolların salındığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, illər keçdikcə əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi: “Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi, təqribən, 85–90 ­faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq”.

“Bir kəmər, bir yol”un alternativi yoxdur

Müşavirədə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri haqqında da ətraflı danışılıb və bu gün Avrasiyanın nəqliyyat xəritəsinin Azərbaycanın nəqliyyat infrastrukturu olmadan təsəvvür etməyin mümkünsüzlüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda ərazimizdən Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır və ortaq, müştərək müəssisələr qurulur. Bir sözlə, bu gün haqlı olaraq Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri hesab edilir.

Beləliklə, istər ümummilli lider ­Heydər Əliyevin, istərsə də Prezident ­İlham ­Əliyevin Azərbaycana rəhbərliyinin bütün dönəmlərində respublikamızda nəqliyyat sektorunun inkişafı ilə bağlı ardıcıl siyasət aparılıb, infrastrukturun dövrün tələbatına uyğun olaraq tam modernləşdirilməsi diqqətdə saxlanılıb, ölkəmizin beynəlxalq yükdaşımalarda fəaliyyəti getdikcə gücləndirilib. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşıyıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilməsi, bəzilərinin isə daxili bazardan beynəlxalq bazara keçidinin reallaşması ilə bağlı olub. Bundan savayı, yükdaşımalarda qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verilib. 

Hazırda yükdaşımaların artmasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Xatırladaq ki, Orta Dəhliz Çindən Avropaya quru yolla daşınan yüklərin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsini nəzərdə tutur. Çin yükləri Qazaxıstanın sərhəddə yerləşən Dostık dəmir yolu stansiyasından daxil olaraq birbaşa Xəzərdə yerləşən Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Belə ki, Rusiya–Ukrayna müharibəsi başlayandan indiyədək dünyanın ən böyük yükdaşıma şirkətləri tərəfindən Azərbaycan üzərindən daşımaları şərtləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazisindən tranzit yükdaşımaların həcmində kəskin artıma gətirib çıxarıb. Orta Dəhlizin tam gücü ilə işə düşməsi üçün gömrük sənədləşdirilməsinin unifikasiyası, “vahid pəncərə” sistemi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanması da sürətlənib. Bütün bunlar isə marşrutun həm kommersiya dəyərini, həm də geosiyasi önəmini artırmağa hesablanıb. 

Beləliklə, Orta Dəhliz yalnız Azərbaycanın yox, bütün regionun iqtisadi inkişafına təkan verəcək, bölgədə sülh və sabitliyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Avropa İttifaqı (Aİ) ölkələrinə yükdaşımaların fasiləsizliyini təmin edəcək. Hazırda Çinlə Aİ arasındakı 3 ticari marşrutdan biri məhz Orta Dəhlizdir ki, onun uzunluğu avtomobil və dəmir yolu ilə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Bu marşrut ilə hərəkət edən standart konteyner qatarı Çindən Aİ-yə yükləri orta hesabla 20–25 sutkaya çatdırır. Müqayisə üçün deyək ki, Çindən və Cənub-Şərqi Asiya ölkələrindən Aİ-yə yüklərin əhəmiyyətli hissəsi indi Süveyş kanalından keçilməklə 35–42 sutkaya daşınır.

Xəzər dənizində ən böyük ticari donanmaya malik olan Azərbayan Avropa və Asiya qitələrinin qovşağında yerləşdiyindən beynəlxalq miqyasda nəqliyyat habına çevrilib. Belə ki, ötən il ölkəmizdən keçən tranzit yükdaşımaların həcmi 75 faiz artıb. Artım bu ilin əvvəlindən bəri sürətlə yüksəlməkdədir. Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur.

Bu istiqamətdə görüləsi işlərin hələ də çox olduğunu vurğulayan ekspertlər bildirirlər ki, Şimal–Cənub və Şərq–Qərb dəhlizləri boyunca, Azərbaycan daxilində TIR avtomobillərinin parklanması və sürücülərin istirahəti üçün, texniki baxış və xidmətlər üçün xüsusi məntəqələrin yaradılması zəruridir. Regional nəqliyyat qovşaqlarında intellektual idarəetmənin tətbiqi ilə daşıma sifarişlərini qəbul edən və tənzimləyən xüsusi mərkəzlərin formalaşdırılması isə dəhliz boyunca aktivliyi artıra bilər. Bütün bunlarla yanaşı, özəl sektorda yerli və beynəlxalq bazarda daşımaları həyata keçirməyə qadir milli daşıyıcı şirkətlərin fəaliyyətinin dəstəklənməsi vacibdir.

Yeri gəlmişkən, dövlətimizin başçısının müşavirədə qeyd etdiyi maraqlı bir məqama da diqqət çəkmək istərdik. Ölkə rəhbəri bildirdi ki, nəqliyyat mərkəzləri statusuna malik ölkələrin açıq dənizlərə çıxışları olur. Azərbaycanın isə dünya okeanlarına çıxışı yoxdur. Amma buna baxmayaraq, görülən işlər nəticəsində Azərbaycan hazırda dünyada əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri kimi tanınır. Lakin bu sahədə layihələrin icrası davam edir, həm Şimal–Cənub, həm Şərq–Qərb nəqliyyat dəhlizlərinin inkişafı məqsədilə əlavə tədbirlər görülür. Bu isə adları çəkilən nəqliyyat dəhlizləri ilə vaxtilə daşınmasına hesablanan yüklərin hazırda artan həcminin ödənilməsinin qarşılanması ilə bağlıdır. İndi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb edilir. 

Dəhlizlərdən söz düşmüşkən, Zəngəzur dəhlizi ilə bağlı müşavirədə səsləndirilən müəyyən məsələləri də xatırlatmaq istərdik. Prezident İlham Əliyevin çıxışında bununla bağlı bir məqama nəzər salaq: “Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”. 

Lakin bu gün Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağına heç kim şübhə etmir. Dövlətimizin başçısının müşavirədə vurğuladığı kimi, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, ölkəmizin tələbidir və bu tələb Çindən Avropaya daşınan yüklərin daha böyük hissəsinin Orta Dəhlizə cəlbi də reallaşdıracaq. Nəticədə ölkəmizdən keçən yük həcmləri artacaq və bundan Azərbaycan və region ölkələri qazanacaq.

Ekspertlərin yekdil rəyi belədir ki, Zəngəzur dəhlizinin açılması həm qlobal, həm də regional logistika baxımından zamanı və xərci azaldacaq. İnfrastrukturun reallaşması Şərq-Qərb marşurutunda məsafəni qısaldacaq. Ən vacib məqamlardan biri isə Qara Dənizlə yanaşı, artıq Aralıq dənizinə də çıxış imkanı əldə ediləcək. Rəqabətlilik artacağı üçün qiymətlər də tənzimlənəcək, bu isə Azərbaycana cəlb edilən yük həcminin artımına səbəb olacaq. Bu yüklərin cəlbindən bütün region ölkələri qazanacaq. Məsələn, Çindən Avropa istiqamətinə 500 min TEU konteyner göndərilərsə, bunun bir qismi Gürcüstan üzərindən, bir qismi isə Zəngəzur dəhlizi vasitəsilə çatıdırılacaq ki, bu isə həm zaman, həm də məsrəflərin azalmasına səbəb olacaq.

Azərbaycanda yeni yol infrastrukturu

Müşavirədə Azərbaycanda son 20 il ərzində nəqliyyatla bağlı görülmüş işlərin statistikası da diqqətə çatdırılıb. Beləliklə, bu dövrdə:

– ölkədə 21 min kilometr avtomobil yolu salınıb və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib;

– 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. 

– Bir sıra ölkələrin, xüsusilə, Amerika Birləşmiş Ştatlarının təzyiqlərinə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib; 

– Azərbaycanda 8 beynəlxalq hava limanı inşa edilib. 9-cu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum 3 kilometr səviyyəsindədir; 

– Yeni Dəniz Ticarət Limanı inşa edilib. Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulub. Ancaq yüklərin həcminin daha çox olacağı proqnozlaşdırıldığından infrastrukturun imkanlarını 25 milyon tona çatdırmaq qərara alınıb; 

– 2008-ci ildən indiyədək metronun yeddi yeni stansiyası tikilib. Qəbul ediləcək Dövlət Proqramında isə daha 10 metro stansiyasının tikintisi nəzərdə tutulub. 266 yeni nəsil metro vaqonu alınıb;

– Ölkəyə yüzlərlə yeni sərnişin avtobusu gətirilib və cari ilin sonundan başlayaraq elektrobusların yığımına, lokalizasiyanın artımı işlərinə başlanacağı qərara alınıb. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib. 

Bu qısa statistikaya əsaslanıb deyə bilərik ki, Prezident İlham Əliyevin diqqət və dəstəyi sayəsində nəqliyyat sektoru sürətlə inkişaf edərək ölkəmizin tərəqqisinə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərərək mühüm fəaliyyət sahəsinə çevrilib, regional əhəmiyyətli təşəbbüslər sayəsində yeni mərhələyə keçid alıb. 

Göründüyü kimi, reallaşdırılan layihələr sırasında Avrasiya nəqliyyat şəbəkəsində yeni və daha səmərəli bağlantıları gerçəkləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşən magistral avtomobil yollarının və dəmir yolu infrastrukturunun yenidən qurulması xüsusi çəkiyə malikdir.

Son 20 il ərzində yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılıb. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilibsə, həmin ərazidə yeni infrastruktur yaradılıb, investisiya cəlb olunub, bir sözlə, bu, bölgədə həyatın, sözün əsl mənasında, canlanmasına gətirib çıxarıb.

Bu dövrdə mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edib ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı–Tbilisi–Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.

Azad edilmiş ərazilərdə də nəqliyyat layihələrinin icrası diqqət mərkəzində saxlanılıb: 3400 kilometrə yaxın avtomobil yolu – hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz–Ağbənd dəmir yolunun 60 faizi, Bərdə–Ağdam dəmir yolunun 94 faizi inşa edilib. 

Paytaxt nəqliyyatında idarəetmə təkmilləşdirilir

Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə müşahidə olunan XXI əsr milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər, bütövlükdə, milli təsərrüfatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, onların uğurla gerçəkləşdirilməsi nəqliyyatın iştirakı olmadan təsəvvür edilmir.

Bütün bunları dəqiqliklə nəzərə alan Azərbaycan hökuməti ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır, müvafiq proqram və layihələr hazırlayaraq uğurla reallaşdırır. Ölkə başçısının qəbul etdiyi qərar və sərəncamlar ölkəmizin nəqliyyat sistemində idarəetmənin və xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması və ümumilikdə milli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyasının hüquqi əsaslarını təşkil edir. Uğurla reallaşdırılan qərar və sərəncamların nəticəsidir ki, həyata keçirilən layihə və proqramlar mühüm nəqliyyat-tranzit qovşağı kimi Azərbaycan Respublikasında yeni bir nəqliyyat sistemi formalaşdırır.

Ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqliyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və cavabdehlik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2023-cü il 19 aprel tarixli sərəncamı da məhz vahidlik, çeviklik, mobillik və səmərəli koordinasiyanın təmin olunması zərurətindən irəli gələn addımdır.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, son 20 ildə nəqliyyat sahəsində əsaslı islahatlar aparılıb, infrastruktur yenidən qurulub, sektor ölkə iqtisadiyyatının sürətli inkişafına mühüm töhfə verib. Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifahının yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olub. 

Sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılıb.Layihənin koordinasiyasının ölkə rəhbərinin müvafiq fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilməsi qərara alınıb. Son ilyarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilmiş uğurlar Şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində mümkün olub. 

Sonda bir daha xatırladaq ki, dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir çox çağırışlarla üzləşməkdədir. Bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid etməkdədir. Təbii ki, bu keçid təkcə dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də vacibdir. Uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi isə zaman tələb edir. 

Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu zamanı qısalda bilər. Bunun üçün bir tərəfdən nəqliyyat sisteminin yetərli təklifi təmin edilməlidir. Başqa sözlə, küçə və yol infrastrukturu optimal təşkil edilməli, avtobusların sayı yetərli olmalı, dəmir yolu və metro infrastrukturu genişləndirilməlidir. 

Digər tərəfdən isə dövlət tənzimlənməsi vasitəsilə parklanma tariflərinin müəyyənləşdirilməsi, avtobus zolaqlarına riayət olunmamasına görə cərimələrin tətbiqi və tələbin idarə edilməsinə yönələn digər tələblər yeni nəqliyyat vərdişlərinin mənimsənilməsinə gətirib çıxarır. Məsələn, mikromobillik, yəni, skuterlər və velosipedlər üçün uyğun infrastrukturun olmaması mikromobilliyin təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və vərdişin, ümumiyyətlə, yaranmamasına səbəb olur. Halbuki aparılmış tədqiqatlar göstərmişdir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir.

V.BAYRAMOV, 
M.YAQUBZADƏ 
XQ

 

Seçilən
4
30
xalqqazeti.az

10Mənbələr