AZ

Bəxtiyar Məmmədov: "Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Həzi Aslanov" stansiyasının dalanı təmir üçün hazır vəziyyətə gətirilib" .
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
"Həzi Aslanov" stansiyasının baxış, xidmət, qulluq, kiçikhəcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb.
Metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər. Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək, podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb", - o qeyd edib.
B.Məmmədovun sözlərinə görə, təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb:
"Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb".
B.Məmmədov qeyd edib ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib:
"Davamlı təsirlər nəticəsində yan və orta divarlarda eroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb. "Evrascon" Avropa-Asiya Tikinti Korporasiyası təmir işlərini altı mərhələdə aparacaq. Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə eroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq".
O əlavə edib ki, dalan yolunun uzunluğu 280 metrdir, dörd yoldan ibarətdir:
"Metronun "Həzi Aslanov" stansiyasının dalan yolunda təmir işləri 2024-ci il noyabrın 30-da başlayıb. Ötən dövr ərzində söküntü işləri aparılıb, hazırda davam etdirilir. Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın-siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq. Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq. Bütün proses boyu müasir texnologiyaların ən son yeniliklərindən yararlanmaqla, dayanıqlı və yüksəkkeyfiyyətli materiallardan istifadə ediləcək".
Məhərrəm Əliyev
Seçilən
0
50
oxu.az

10Mənbələr