“Bəzi valideynlərin əlinə fürsət düşsə, övladlarını məktəbə göndərmək əvəzinə, birbaşa hansısa peşəyə yiyələnmək üçün müxtəlif yerlərə yönləndirərlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil psixoloqu Əhməd Əliyev deyib.
Onun sözlərinə görə, valideyn və müəllim əməkdaşlığı düzgün qurulmadıqda, şagird tərbiyə və ya təhsildən birini tam mənimsəyə bilmir:
“Məktəb-valideyn-şagird üçlüyü qarşılıqlı əlaqədə olduqda problemlər minimuma endirilə bilər. Azərbaycanda təhsil 9-cu sinfə qədər məcburidir, amma 9-cu sinifdən sonra şagirdlər istədikləri peşə sahəsinə yönəlmək imkanına sahibdirlər. Təhsilin məcburi olması bir çox şagirdin məktəbə məcburən gəlməsinə səbəb olur. Bəzi valideynlər isə övladlarını məktəbə göndərmək yerinə, birbaşa peşə öyrənməyə yönləndirirlər".
Müsahibimiz qeyd edib ki, bəzi valideynlər məktəb forması və ləvazimatlarının alınmasını əlavə yük kimi görürlər:
“Lakin Azərbaycan qanunvericiliyinə əsasən, təhsil məcburidir və valideynlər uşaqlarını məktəbə göndərməyə məcbur olurlar. Bu vəziyyətdə şagirdlər də məktəbə məcburən gəlir və nəticədə təhsilə maraq azaldığından dərslərdə iştirak etmək istəmirlər. Onlar sadəcə günlərini keçirmək üçün məktəbə gəlirlər. Bu cür problemlərin yaranmasının əsas səbəblərindən biri valideynlərin övladları ilə düzgün ünsiyyət qura bilməməsidir".
Psixoloqun fikrincə, məktəblərdə valideynlər üçün xüsusi institutlar yaradılmalıdır ki, onlar övladları ilə düzgün davranış qaydalarını öyrənsinlər:
“Çünki bəzən şagirdlər çox qapalı olur, fikirlərini ifadə edə bilmir, heç kiminlə ünsiyyət qurmurlar, dərs zamanı sakit dayanır və dərsdən yayınırlar. Bu cür şagirdlər müəllimlər üçün “ideal” görünə bilər, çünki onlar dərs prosesində səs-küy salmır, müəllimi narahat etmirlər. Lakin onların dərs göstəriciləri çox vaxt zəif olur. Bu cür şagirdlərdə passiv aqressiya formalaşır və bu aqressiya birbaşa valideynlərinə qarşı yönəlir. Lakin onlar bu aqressiyanı valideynlərinə göstərə bilmədiklərindən, bunu içlərində yaşayırlar. Bu isə özünü müxtəlif formalarla büruzə verir, məsələn, şagird dərs danışarkən kəkələyir, dırnaqlarını yeyir və s.
Aktiv aqressiyaya meyilli şagirdlər isə özlərini göstərmək, “mən də varam” demək və ya sinif yoldaşlarının diqqətini cəlb etmək üçün müəllimlə mübahisə edir, dərs prosesini pozurlar. Xüsusilə, sinifdə əks cinsdən biri varsa, özünü ona sübut etmək istəyirlər. Bunun əsas səbəbi isə valideynlərin uşağın hiss və duyğularına diqqət yetirməməsidir".
"Uşaq evdə diqqət görmədiyi üçün məktəbdə özünü göstərməyə çalışır. Bu isə məktəbdə müxtəlif problemlərin yaranmasına səbəb olur", - psixoloq qeyd edib:
“Valideynlərin övladları ilə duyğu və sevgi bağlarının olmaması təhsildə ciddi problemlərə yol açır. Valideyn övladları ilə dostluq münasibəti qura bilmədikləri üçün onların yaşadıqları stresslər, düşüncələr və hisslərdən xəbərsiz olurlar. Bu da uşağın aqressiyasının valideynə deyil, məktəbə yönəlməsinə səbəb olur".
Ə.Əliyev qeyd edib ki, yetkinlik yaşına çatmış şagirdlər sinif yoldaşları qarşısında özlərini sübut etməyə çalışırlar:
"Bəzi şagirdlər yetkinlik yaşına çatdıqda sinif yoldaşları qarşısında özlərini sübut etməyə çalışırlar. Bu dövrdə onlar xoşagəlməz davranışlar sərgiləyə bilərlər. Məsələn, dərs zamanı müəllimin sözünü kəsmək, yoldaşları ilə danışmaq və ya hər hansı xoşa gəlməyən əşyalar çıxarmaq. Bütün bunlar, əslində, şagirdlərin məktəbə deyil, daha çox valideynlərinə qarşı münasibətlərinin nəticəsidir".
Həmsöhbətimiz vurğulayıb ki, müəllimlər hər bir şagirdə fənnini sevdirməyi bacarmalıdır:
"Mükəmməl müəllim, yalnız MİQ imtahanından yüksək bal toplayan deyil, həm də sinfi idarə etməyi bacaran, şagirdlərini anlayan, onların psixoloji xüsusiyyətlərini nəzərə alan və fənnini sevdirməyi bacaran müəllimdir. Bəzi təhsilverənlər öz statuslarına görə şagirdlərin onlara tabe olmasını, hər dediklərini etmələrini gözləyirlər. Bu yanaşma isə problemlərə yol açır, çünki hadisələrə yalnız bir tərəfdən baxılır. Əgər müəllim şagirdin psixoloji vəziyyətini, yaşını və düşüncə tərzini nəzərə alaraq yanaşma sərgiləsə, daha düzgün nəticələr əldə olunar.
Bəzən isə müəllim dərsə hazırlıqsız gələn şagirdi sinif yoldaşlarının qarşısında danlayır. “Niyə hazırlıqsız gəlmisən?”, “Niyə bu mövzunu başa düşməmisən?” və s. Yetkinlik yaşına çatmış şagird, özünü sinifdə sübut etmək istəyirsə, bu cür sərt yanaşmalara təbii ki, sərt reaksiya verəcək. Bu isə müəllimə xoş gəlməyəcək və qarşılıqlı aqressiya yaranacaq. Belə hallarda müəllim, yaş və fiziki üstünlüyünə görə idarə mexanizmini əlində saxlamaq istəyəcək və şagirdə qarşı daha sərt reaksiya göstərəcək".
Psixoloqun sözlərinə görə, müəllim də insan olduğu üçün onun da şəxsi problemləri, stressi ola bilər:
“Bəzən müəllim dərsə stress içində gələ bilər və şagirdin davranışına həssas yanaşmaya bilər. Bu da şagirdlə müəllim arasında gərginlik yaradacaq. Ən vacib məsələlərdən biri valideynin övladının problemlərinə görə məktəbi məsul tutmasıdır, müəllim isə bunu valideynin vəzifəsi hesab edir. Bu halda şagird ortada qalır. Məsələn, şagird dərsə hazırlıqsız gələndə, müəllim deyir ki, “evdə oxumayıb gəlib”. Şagird məktəbdə neqativ davranışlar sərgiləyəndə isə müəllim valideyni günahlandırır: “Tərbiyə verməyib”. Valideyn isə övladının gününün yarısını məktəbdə keçirməsini əsas gətirərək, müəllimi məsuliyyətli sayır.
Valideyn və müəllim əməkdaşlıq etmədikdə, şagird təhsildən və ya tərbiyədən birini tam mənimsəyə bilmir. Digər bir problem də, oxumayan uşaqlara cəmiyyət və müəllimlər tərəfindən sərt yanaşılmasıdır. Halbuki heç kəs həmin uşağın niyə oxumadığı ilə maraqlanmır, sadəcə nəticəyə fokuslanılır".