AZ

Bu metroda təmirin ilkin mərhələsi yekunlaşıb- FOTO

“Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanıb. Bu dalan, stansiyanın baxış, xidmət, qulluq və kiçik təmir işləri ilə yanaşı, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün istifadə olunur.

Avtosfer.az xəbər verir ki, metropolitenin müvafiq xidmətləri, dalan yollarında təmizləmə işlərini başa çatdırıb. Təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri və təhlükəsizlik kameraları sökülərək, podratçı şirkətin işlərə başlaması üçün müvafiq şərait yaradılıb.

Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət müayinə və təhlillər aparıb. Şirkət tərəfindən yol betonunun sökülməsi təmin edilib, qrunt və qrunt sularından analizlər götürülüb. Nəticələrə əsasən, müvafiq tikinti meydançası üçün metal konstruksiyalar quraşdırılıb.

Qeyd edək ki, dalan və dalan yolları qeyri-əlverişli hidrogeoloji şərait səbəbindən istifadə müddəti ərzində ciddi problemlərlə üzləşib. Dəyişən geoloji şərait və uzunmüddətli təsirlər nəticəsində yan və orta divarlarda eroziya intensivləşib, blok və örtük panellərinin betonu qopub, işçi armaturlar isə korroziyaya uğrayıb.

“Evrascon” şirkəti təmir işlərini altı mərhələdə aparacaq. Bu mərhələlər çərçivəsində mövcud qurğuların demontajı ediləcək, dalan qurğuları və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə edilərək, örtük tavası gücləndiriləcək. Aqressiv qrunt suları və ağır geoloji şəraitin təsiri ilə zərər görmüş divar blokları və panellər yenidən qurulacaq.

Təmir işləri çərçivəsində bütün infrastruktur sistemləri müasirləşdiriləcək. Bu, enerji təsərrüfatını, dalan yollarının elektrik təchizatını və avadanlıqları əhatə edəcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, yanğın siqnalizasiya, su, kanalizasiya və havalandırma sistemləri yenilənəcək.

Layihə əsasında, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində qurulacaq. Yenidənqurma işləri zamanı, müasir texnologiyaların son yeniliklərindən istifadə edilərək, dayanıqlı və yüksək keyfiyyətli materiallardan faydalanılacaq.

Təmir və yenidənqurma işlərinin tamamlanması ilə “Həzi Aslanov” stansiyasının dalanı, daha etibarlı və müasir şəraitdə xidmət verməyə başlayacaq.

Eltac Zülfüqaroğlu

Seçilən
0
2
avtosfer.az

10Mənbələr