AZ

Azərbaycan dünyaya intellektli, bacarıqlı və  vətənpərvər gənclik nümunəsi təqdim edir

Azərbaycanın dövlət gənclər siyasəti müstəqil ölkənin prioritet istiqaməti və ideoloji sistemin əsas tərkib hissələrindən biridir. Bunu bütün dövrlərdə gəncliyin cəmiyyətin aparıcı qüvvəsi, lokomotivi olması şərtləndirir. 

Franklin əbəs yerə demirdi ki, gəncliyi anlamayacağımız an dünyadakı işimiz bitmiş deməkdir. Təəssüf ki, müstəqilliyimizin ilk illərində gəncliyi anlamadılar. Yeni nəslə cəmiyyətin diqqəti, dövlətin qayğısı yetərli olmadı. Bu isə Azərbaycan gəncliyinin inkişafında geriləmə yaratdı, tənəzzüllə nəticələndi. Xalqın, eləcə də gənclərin təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev təkcə müstəqil Azərbaycanın deyil, azad ölkənin gənclərinin də taleyində xilaskar oldu!  Böyük Heydər Əliyev təkrar-təkrar qeyd edirdi ki, xalqımızın gələcəyi gənclərlə bağlıdır. Onlar gərək fiziki cəhətdən sağlam, zehni baxımdan yüksək bilikli, mənəvi tərəfdən əxlaqlı olsunlar. 

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı müstəqil dövlətin mükəmməl gənclər siyasətini formalaşdırdı. Ümummilli liderin 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərlə bağlı digər sənədlərin qəbul edilməsi respublikanın ictimai-siyasi həyatında yeni nəslin fəal iştirakına geniş meydan açdı.

Heydər Əliyevin təşəbbüsu ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi onların həyatında unudulmaz hadisələr oldu, talelərində tarixi rol oynadı. Ən nəhayət, Ulu öndərin sərəncamı ilə fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunması onlara hər il böyük bir təntənə, özəl bayram bəxş etdi. Beləliklə, Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti hesabına ölkəmizdə arzulanan yeni gənclik ordusu formalaşdı, onların məqsəd, prinsip və istiqamətləri müəyyən edildi.

Sonrakı illərdə Prezident İlham Əliyev bu mütərəqqi ənənəyə sadiq qalaraq gənclər siyasətini təkmilləşdirdi, onların ictimai-siyasi həyatdakı rolunun artmasına, kreativ gəncliyin formalaşmasına şərait yaratdı və gənclərin sevimlisinə çevrildi. 

Ölkəmizdə 2007-ci ilin “Gənclər ili” elan olunması Prezident İlham Əliyev tərəfindən gənclərə verilən ən böyük dəyər oldu. Bununla yanaşı, gənclərlə bağlı dövlət proqramlarının uğurla icra olunması, Bakı və bölgələrdə  “Gənclər evi”nin ərsəyə gətirilməsi onların vətənpərvər ruhda formalaşdırılmasına təkan verdi. Gənclər üçün Prezident mükafatının təsis edilməsi, gənc kadrların irəli çəkilməsi məqsədi ilə yaradılmış “Yüksəliş” müsabiqəsi qürur mənbəyimiz olan gənclərin hərtərəfli inkişafına mühum töhfələr verdi. Məhz bütün bünların davamı olaraq Azərbaycan dünyaya intellektli,  bacarıqlı, savadlı və ən nəhayət, vətənpərvərliyi örnək olan bir gənclik təqdim etdi. Biz müasir Azərbaycan gəncliyinin səsini bilik, siyasət meydanında eşitdik, qələbələrini idman saraylarında gördük. Vətənimizə düşmən münasibət göstərənlərin qarşısında  məğrur dayanan gənclərimizin qəhrəmanlığına şahidlik etdik və qürurlandıq. 44 gün çəkən haqq savaşımızda dünya bir daha şahid oldu ki, Azərbaycan gəncliyi nəyə qadirdir. 

Vətən müharibəsində yaralanmış döyüş yoldaşını belinə alıb geri çəkilməyərək düşmənlə ölüm-dirim savaşından ayrılmayan, döyüşə davam edən gənclərimiz gerçək qəhrəmanlıq nümunəsidir.

İşğalçı ordunun qalıqları özləri də etiraf edirdilər ki, Azərbaycan əsgərləri ilə açıq savaş mümkün deyil. Çünki onlar zərrə qədər ölümdən qorxmurlar. Düşmənə heç bir şans verməyən Azərbaycan gəncliyi işğalçılara həm də onu başa saldı ki, biz Vətənimiz uğrunda ölməyi şərəf hesab edirik və heç bir qüvvə bizi dayandıra bilməz! Gənclərimiz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də mübarizədən qalib ayrılaraq Vətənə sədaqət andını ləyaqətlə yerinə yetirdilər. 
Biz qayaları aşaraq  süngü, əlbəyaxa döyüşlə Şuşanı fəth edən, elmi auditoriyalarda birincilər, idman arenalarına qaliblər sırasında olan Azərbaycan gəncliyi ilə fəxr edirik. 

Prezident İlham Əliyev tərəfindən yazılan qalibiyyət salnaməsinin zəfər qəhrəmanları  olan gənclərimizlə haqlı olaraq öyünürük.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı

Seçilən
2
12
xalqqazeti.az

10Mənbələr