AZ

Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır

Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Azərbaycanın nəqliyyat imkanlarının təqdimatı kimi dəyərləndirilən həmin müşavirədə dövlətimizin başçısı İlham Əliyev «Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər. Biz isə ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq göstərmişik, səylər göstərmişik və praktiki işlər görmüşük» söyləyərək öncə diqqəti Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafına yönəltdi. Bildirdi ki, buna ehtiyac var. Son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq yenə də Bakı şəhərində tıxac müşahidə olunur. Tıxacların sayı ildən-ilə artır: «Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.»

Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat infrastrtukturunda əldə olunan uğurlu nəticələri rəqəmlər əsasında diqqətə çatdırdı. Vurğuladı ki, son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yol ötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Bu reallıq diqqətə çatdırıldı ki, əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.

Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident kimi fəaliyyətə başlayarkən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin təmin edilməsi prioritet məsələ kimi qarşıda dayandı. Dövlətimizin başçısının sərəncamları əsasında Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları təsdiqləndi, uğurla icra edildi. Həmin səndlərdə əsas diqqət göstərilən məsələlərdən biri nəqliyyat infrastrukturunun qurulması və müasir tələblərə uyğunlaşdırılması oldu. «Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil» çağırışını edən cənab İlham Əliyev buna nail olmaq məqsədilə diqqəti yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə yönəltdi. Prezident İlham Əliyevin bölgələrə davamlı səfərlərinə diqqət yetirsək açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlər sırasında yol infrastrtukturunun xüsusi yer tutduğunun şahidi olarıq. Həmçinin dövlətimizin başçısının hansısa bir bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamlara diqqət yetirsək, yenə də nəqliyyat infrastrukturu əsas yerdə dayandığını görərik. Yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verilməsi və buna nail olması da qeyd etdiklərimizin təsdiqidir.

Bu gün Azərbaycanın bütün bölgələri inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyi düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

Neft gəlirlərindən istifadə də şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Əvvəldə də qeyd etdiyimiz kimi, Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Son dörd ildən artıq dövrdə işğaldan azad edilmiş torpaqlarda da yol infrastrukturunun yaradılmasına start verilib. Bu işlər planlı şəkildə görülür. Xatırlasaq, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri zamanı ölkə Prezidenti Füzulidən Şuşa şəhərinə yolun çəkilişi ilə bağlı tapşırıq verdi. Qısa zamanda həmin yol tikilib istifadəyə verildi. Zəfər yolu adlandırılan bu yolun rəmzi mənası vardır. Sonrakı mərhələdə beynəlxalq statusa malik üç hava limanının təməli qoyuldu. 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verildi. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məqama da xüsusi diqqət yönəltdi. Bildirdi ki, son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.

Ölkə daxilində dəmir yolu nəqliyyatı sahəsində də önəmli layihələr icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Cənab İlham Əliyev müşavirədə onu da bildirdi ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Hesab edirdilər ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına da böyük maraq göstərirlər. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bütün bunlar tamamilə mümkünsüz ola bilərdi. Biz nəinki Bakı-Tbilisi-Qars dəmir yolunu Türkiyə və Gürcüstanla birlikdə razılığa gələrək inşa etdik, hətta o vaxt Gürcüstan dövlətinə bir milyard dollara yaxın çox aşağı faizlə kredit də verdik və faktiki olaraq bu vəsait hesabına Gürcüstan ərazisində işlər görüldü.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.

Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu İnkişaf Konsepsiyasının icrası ilə qüdrətli dövlətə çevrilən Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan və icrasını başa çatdıran regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişdi, infrastruktur yeniləndi, şəhərlə kənd arasındakı fərq minimuma endirildi, demoqrafik tarazlıq təmin olundu. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030:sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir.

Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Bunun üçün dörd ildən artıqdır ki, davamlı quruculuq işləri aparılır. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin quruculuq və bərpa işlərinin əsas tərkib hissəsi kimi öncə yol-nəqliyyat infrastukturunun bərpasına xüsusi diqqət göstərməsi diqqətdən yayınmır. Əsas vəzifələrdən biri azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadənin təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Son dörd ildə işğaldan azad edilmiş ərazilərimizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Salınan yeni yollar bizi 30 ilə yaxın düşmən tapdağı altında olan və bu gün tarixi sahibinə qovuşan ərazilərimizlə birləşdirir, onların potensial imkanlarının ölkə iqtisadiyyatının inkişafına yönəldilməsini təmin edəcək. Cənab İlham Əliyev müşavirədə azad edilmiş ərazilərdə görülən işləri statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Bildirdi ki, 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir: «Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi. Amma yenə də deyirəm, həyat yerində durmur. Biz indi yeni dövlət proqramı qəbul edəcəyik. Ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək. Hər şey plan üzrə gedir. Bu ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün lazımi vəsait ayrılıb.»

Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycan coğrafi mövqeyi, reallaşdırdığı layihələri ilə ölkələri, xalqları birləşdirir. Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Təkcə ikitərəfli deyil, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Hədəf Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirmək, siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır. Cənab İlham Əliyev müşavirədə onu da bildirdi ki, son illərdə vacib layihələrdən biri yeni Dəniz Ticarət Limanının inşasıdır. Köhnə liman şəhərin mərkəzindən çıxarıldı. İndi o ərazidə abadlıq işləri aparılacaq, istirahət zonaları, müxtəlif obyektlər inşa ediləcək. Bu zona şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcək və vətəndaşlar da bundan faydalanacaqlar. Ağ Şəhər bulvarına bitişik olan bu istiqamətdə master-plan hazırlanır. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu: «Ancaq biz görürük ki, yüklərin həcmi daha çox olacaq. Artıq göstəriş verildi və biz bu ildən işə başlayırıq… Biz limanın imkanlarını 25 milyon tona çatdırmalıyıq və ola bilsin, bu da bizə yetməyəcək. Çünki Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcmi o qədər sürətlə artır ki, biz bu işləri də bu artıma görə etməliyik. Bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum - AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu - bütün bu məsələləri nəzərə alacaqdır.»

Bütün bu qeyd etdiklərimiz Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir. Cənubi Qafqazın ən böyük və perspektivli dövləti, Şərqlə-Qərbin qovşağında unikal coğrafi geosiyasi şəraitə malik olan Azərbaycan bu gün regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaşa çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
10
32
ikisahil.az

10Mənbələr