AZ

Beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi ölkəmizin iqtisadi və siyasi əhəmiyyətini daha da artırıb

Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynamaqda davam edir. Şimal ilə Cənubu birləşdirən nəqliyyat qovşağına da sahiblik edən ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm hissəsi olması onun strateji əhəmiyyətini daha da artırır. Son 20 ildə ölkəmizdə nəqliyyat sisteminin yenidən qurulması istiqamətində atılan addımlar həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verib, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirilməsinə səbəb olub. Beynəlxalq standartlarına cavab verən yeni quru və dəmir yollarının tikilməsi, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidlərinin inşa olunması, yeni metro stansiyaları, yol qovşaqlarının istifadəyə verilməsi, eyni zamanda yeni nəqliyyat layihələrinin hazırlanması dövlətimizin bu sahəyə nə qədər önəm verdiyini göstərir.

“İki sahil” xəbər verir ki,  bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə  ölkəmizdə nəqliyyat infrastrukturunun yenilənməsi və təkmilləşdirilməsi istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər barədə geniş məlumat verdi: “Aparılan məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rolun əhəmiyyətini daha da artırıb. Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsi və ölkəmizin iqtisadi, siyasi nüfuzuna müsbət təsiri illər öncə aparılmış uzaqgörən siyasətin nəticəsidir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə təlabat ildən-ilə artması bu dəhlizlərin aşırma qabiliyyətinin daha da gücləndirilməsini diktə edir. Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu zamanında böyük müqavimətlə qarşılaşsa da,  xüsusilə də, ABŞ-dakı erməni diasporu və onların sözü ilə hərəkət edən siyasətçilər bu layihəyə qarşı çıxsalar da, ölkəmiz geri addım atmadı. Bir neçə il ərazində aparılan danışıqlardan sonra Gürcüstanı layihəyə razı salmaq mümkün oldu. Həqiqətən də, əgər vaxtında Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bu gün Orta Asiyadan yüklərin Avropaya daşınması çətin olardı və ya bu, ölkəmizdən kənar həyata keçiriləcəkdi. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-2026-cı illər üçün təsdiq edilmiş Fəaliyyət Planında da qeyd olunub ki, regionda baş verən geosiyasi proseslər fonunda Şərqlə Qərb arasında ənənəvi marşrutlarda problemlər yaranıb. Bu da Azərbaycan ərazisindən keçən dəhlizlər üzrə tranzit yükdaşımaların həcmində kəskin artıma səbəb olub. Artan tələbatın qarşılanması, Azərbaycanın tranzit potensialının daha da gücləndirilməsi, eləcə də ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün qısa və orta müddətli perspektivdə həyata keçiriləcək tədbirləri özündə ehtiva edən sənədin hazırlanmasına ehtiyac yaranmışdı. Son 20 il ərzində 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Azad edilmiş ərazilərimizdə də böyük nəqliyyat layihələri icra olunmaqdadır.  3400 kilometrə yaxın avtomobil yolu layihəsi icra edilib.  Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu.  Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları inşa olundu. Bu il Laçında yeni hava limanı istifadəyə veriləcək. Dəniz Ticarət Limanının inşası bu sahədə həyata keçirilmiş ən böyük layihələrdən biridir. Son məlumatlara görə, Yeni Dəniz Ticarət Limanının illik imkanları 25 milyon tona çatdırılacaq ki, bu da artan təlabatdan xəbər verir”.

Millət vəkili bildirdi ki, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür: “Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu, aparılan məqsədyönlü siyasətin, zəhmətin nəticəsidir. Bu da faktdır ki, Azərbaycanda əhalinin sayında müşahidə olunan artım, xüsusilə də Bakı şəhərinə olan axın, eyni zamanda avtomobillərin sayının ildən-ilə çoxalması paytaxtda tıxaclara səbəb olur.  Əhalinin yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasının daim dövlətin diqqət mərkəzindədir. Bakı şəhərində nəqliyyat infrastrukturunun keyfiyyətinin artırılması üçün çox böyük layihələr hazırlanıb. Müşavirədə də bildirildi ki, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək. Aydın oldu ki, Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yol yenidən qurulacaq, genişləndiriləcək. Ziya Bünyadov prospekti istiqamətində yollar genişləndiriləcək, Şamaxı yolundan Xırdalan şəhərinə yeni yollar açılacaq. Paytaxtda 10 yeni metro stansiyası tikiləcək ki, bu da sıxlığın azalmasına ciddi təsir göstərəcək”.

Sonda millət vəkili bildirdi ki, Azərbaycanın əsas hədəflərindən biri Zəngəzur dəhlizinin açılmasıdır: “Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Bu həm də bütün regional layihələrdən kənarda qalan Ermənistana yaradılmış fürsətdir. Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi müstəqil qərar verə bilsə,  Azərbaycanın bu tələbini yerinə yetirməlidir. Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq. Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olması bizim üçün vacibdir. Amma Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyəcək, həm də Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm hissəsi olacaq. Dünyanın aparıcı ölkələri ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri, Türkiyə bu dəhlizin açılmasını dəstəkləyiblər. Ümid edirəm ki, 2025-ci ildə biz Zəngəzur dəhlizi ilə bağlı bütün tərəfləri qane edəcək razılaşmaların şahidi olacağıq”.

Seçilən
0
1
ikisahil.az

10Mənbələr