AZ

Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək

Prezident İlham Əliyevin28 yanvar tarixində keçirdiyi müşavirədə nəqliyyat məsələləri müzakirə olunaraq, ölkəmizin bu sahədəki mövcud vəziyyəti və inkişaf perspektivləri dəyərləndirildi. Son illərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilsə də, Bakı şəhərində tıxacların artması və nəqliyyatın daha da səmərəli təşkili məsələləri yenidən gündəmə gəldi.

Ölkəmizin başçısı müşavirədə Bakı şəhəri və onun ətraf ərazilərinin nəqliyyat infrastrukturunun son illərdə böyük inkişaf yolundan keçdiyini xatırlatdı. Yeni metro stansiyalarının istifadəyə verilməsi, tunellərin, yol qovşaqlarının və körpülərin inşası şəhər nəqliyyatının hərəkət qabiliyyətini artırsa da, tıxac problemi hələ də aktualdır. Ölkə əhalisinin, xüsusilə Bakı şəhərində yaşayanların sayının sürətlə artması şəhər yol infrastrukturunun və metro sisteminin bu yükü tam mənimsəməsinə çətinlik yaradır. Buna görə də, yeni dövlət proqramının hazırlanması istiqamətində işlər aparılır.

Prezidentimiz son 15 ildə Bakıda həyata keçirilən nəqliyyat layihələrinin şəhər həyatına göstərdiyi böyük təsirdən də bəhs etmişdir. Əgər bu işlər icra olunmasaydı, paytaxtın nəqliyyat sistemi iflic ola bilərdi. Bununla belə, mövcud problemləri həll etmək üçün yeni strategiyaların hazırlanması zəruridir. Dövlət proqramının həyata keçirilməsi Bakı şəhərinin və ölkənin digər bölgələrinin nəqliyyat sistemində modernləşməni və optimallaşdırmanı daha da sürətləndirəcəkdir.

Cənab İlham Əliyev Bakıdan savayı, ölkəmizin digər bölgələrində də həyata keçirilmiş böyük layihələrindən bəhs etdi. Aparılan genişmiqyaslı işlər nəticəsində magistral, şəhərlərarası və kənd yolları yenidən qurulmuşdur. Cənab Prezident 20 il əvvəlki yol infrastrukturunun vəziyyəti ilə müasir dövrü müqayisə etdikdə bu sahədə də böyük irəliləyiş olduğunu vurğulamışdır. Hazırda kənd yollarının təmiri və yenidən qurulması 85-90% səviyyəsinə çatıb və bu proses hər il davam etdirilir.

Çağdaş dünyada Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycanın iştirakı olmadan təsəvvür etmək mümkün deyil. Ölkəmizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir və bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, rəqəmsallaşma sahəsində də ciddi addımlar atılır. Eyni zamanda, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılaraq müştərək müəssisələr qurulmaqdadır.

Ölkəmiz regionda mühüm nəqliyyat qovşağına çevrilmişdir. Cənab Prezident ölkəmizin dünya okeanlarına birbaşa çıxışının olmadığını xatırladaraq belə bir vəziyyətdə həyata keçirilən düzgün strateji layihələr və infrastruktur investisiyaları sayəsində Azərbaycanın Avrasiyanın əsas nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirdiyini söylədi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı bu prosesin əsas tərkib hissəsidir.

Təbii ki, beynəlxalq nəqliyyat qovşaqları okeanlara və dənizlərə çıxışı olan ölkələrdə yerləşir. Bununla belə, Azərbaycan coğrafi mövqeyindən maksimum istifadə edərək və məqsədyönlü addımlar ataraq, qlobal nəqliyyat sistemində mühüm yer tutmuşdur. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzrə yük daşımalarının həcmi sürətlə artır və bu artımı qarşılamaq üçün infrastruktur gücləndirilir. Bu istiqamətdə əlavə sərmayələr yatırılır və yeni layihələr icra edilir.

Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilmiş və beynəlxalq leksikona daxil edilmişdir. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfər bu layihənin reallığa çevrilməsi üçün əsas zəmini yaratmışdır. Zəngəzur dəhlizinin açılması regional nəqliyyat əlaqələrinin genişlənməsinə və ölkəmizin əsas hissəsi ilə onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası arasında birbaşa bağlantının təmin edilməsinə xidmət edir.

Lakin buna baxmayaraq, Hayastan postmüşaribə dövründə  qeyri-konstruktiv mövqe nümayiş etdirərək, 10 noyabr 2020-ci il razılaşmasının şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan müxtəlif bəhanələrlə və əsassız layihələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsi isə Azərbaycan olmadan heç bir dəyərə malik deyil və bunu beynəlxalq tərəfdaşlar da anlayır.

İşğalçı ölkənin  maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycan İran ilə razılaşma əldə edərək Ermənistanı oyundan kənar vəziyyətə salan avtomobil körpüsünün tikintisini başlatmışdır. Bu layihənin yaxın zamanda tamamlanması planlaşdırılır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında ikinci bir körpünün inşası da gündəmdədir.

Azərbaycanın tələbi aydındır: ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz və sərbəst keçid təmin edilməlidir. Bu, 10 noyabr razılaşmasının bəndlərindən biridir və Ermənistanın bu öhdəliyi yerinə yetirməməsi beynəlxalq hüquqa ziddir. Dövlət başçımız Azərbaycanın nəqliyyat infrastrukturunun son 20 ildə keçdiyi böyük inkişaf yolundan da bəhs etdi. Belə ki, ölkəmizin avtomobil, dəmir yolu, hava nəqliyyatı və dəniz daşımaları sahəsində həyata keçirdiyi layihələr nəqliyyat sektorunu keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilmiş və təmir edilmişdir. Bu müddət ərzində 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa edilmişdir. Azərbaycanın dəmir yolu infrastrukturu da əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. 1500 kilometrdən çox yeni dəmir yolu xətti tikilmiş, 1800 kilometr xətt isə təmir edilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş strateji layihələrdən biridir. Layihənin icrası zamanı bəzi beynəlxalq maneələrə baxmayaraq, Azərbaycan bu mühüm tranzit yolunu istifadəyə vermişdir.

Həmçinin  Abşeron dairəvi xətti, hazırda 80 % tamamlanmış Sumqayıt-Yalama, Bakı-Qəbələ dəmir yolları kimi vacib layihələr uğurla icra edilmişdir. Hazırda Ələt-Astara dəmir yolunun genişləndirilməsi gündəlikdədir.

Bundan başqa,  Bakı şəhərində ictimai nəqliyyatın inkişafı məqsədilə son illərdə 7 yeni metro stansiyası inşa edilmişdir. Dövlət Proqramına əsasən, yaxın illərdə daha 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Bundan əlavə, şəhərdə elektrobusların istifadəyə verilməsi istiqamətində ciddi addımlar atılır.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Seçilən
0
45
ikisahil.az

10Mənbələr