Erməni təhlilçilər NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak`ın yalnız İrəvana səfər etdiyini düşünərək, bunu Qərbin Ermənistana xüsusi üstünlük verməsi kimi qələmə verməyə çalışırdılar.
Lakin general-leytenant Y.Adamçakın Ermənistandan sonra Azərbaycana da səfər etməsi və onun bu səfərin nəticələrindən məmnunluğunu ifadə edərək, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirməsi ermənilərin pafoslu dəyərləndirmələrini növbəti dəfə alt-üst etdi.
NATO Cənubi Qafqazda təkcə Ermənistanla deyil, Azərbaycanla da əməkdaşlığa xüsusi önəm verir və istər hərbi, hərbi təhsil sahəsində, istərsə də regional təhlükəsizlik və digər məsələlər üzrə ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək fikrindədir. Çünki bu hərbi alyans reallıqla hesablaşır və Azərbaycanın bölgədə favorit olduğunu qəbul edir.
Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib.
P.S.
Yeri gəlmişkən, NATO generalları həmçinin Hərbi Qənimətlər Parkında olub, 44 günlük İknci Qarabağ müharibəsi zamanı düşməndən qənimət götürdüyümüz atıcı silahlara, zirehli texnikalara, artilleriya qurğularına, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə də baxıblar. Beləliklə, NATO generalları Cənubi Qafqazda kimin kim olduğunu bilmək və gerçək güc sahibini müəyyən etmək üçün əla imkan qazanıblar.
Bəybala Mirzəyev
visiontv.az