EN

"Uşaqların təhsildən kənarda qalmasının səbəbləri araşdırılmalıdır" - QHT sədri

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a verdiyi açıqlamada təhsilin dövlət siyasətində prioritet mövqe tutduğunu vurğulayıb. O qeyd edib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda səriştəlilik prinsipi əsas prioritetlərdən biridir. Bu baxımdan, ictimai birlik olaraq daha səriştəli valideynlərin hazırlanması və müasir təhsil yanaşmalarının inkişaf etdirilməsinə yönəlik fəaliyyətlər həyata keçirmək niyyətindədirlər.

Könül Quliyeva valideynlərin uşaqların təhsil və tərbiyəsindəki rolunun əhəmiyyətindən danışaraq ailənin uşağın fiziki və mənəvi inkişafında vacib institut olduğunu vurğulayıb. O bildirib ki, ailə mühiti uşağın dəyərlər sisteminin formalaşmasında, sosiallaşmasında və ümumilikdə dünyagörüşünün təməlinin qoyulmasında mühüm rol oynayır.

Eyni zamanda, Könül Quliyeva təhsildən kənarda qalan uşaqların vəziyyətinə xüsusi diqqət yetirməyi vacib hesab edir. O, bu vəziyyətin səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb:

  • Əgər problem valideyn himayəsindən mərhumluqla bağlıdırsa, bu halda uşaqlar üçün qəyyumluq təmin edilməsi məqsədilə aidiyyəti qurumlara müraciət edilməlidir.
  • Maddi çətinliklər səbəbindən təhsildən kənarda qalan uşaqlar üçün isə bu məsələnin ictimailəşdirilərək ictimai dəstək formasında həlli mümkündür.
  • Əgər erkən nikah, uşaqların əməyinin istismarı və ya digər sosial problemlər mövcuddursa, bunun həlli üçün dövlət orqanlarına müraciət etməyin vacibliyini qeyd edib.

Sonda Könül Quliyeva valideyn-məktəb münasibətlərinə yenidən baxılmasının obyektiv zərurət olduğunu bildirib və bu istiqamətdə görüləcək işlərin vacibliyini diqqətə çatdırıb.

 

Pərvanə Fərhadqızı

Chosen
105
15
qht.az

7Sources