EN

"Cəmiyyətin sağlam gələcəyi ailə dəyərlərinin qorunmasından asılıdır" - QHT sədri

"Ailələrə Sosial Dəstək" İctimai Birliyinin sədri Esmira Rəhimova QHT.az-a açıqlamasında 2024-cü ildə təşkilatın fəaliyyətini dəyərləndirərək bildirib ki, cəmiyyətin ilkin özəyi olan ailənin sağlam inkişafı cəmiyyətin gələcəyində mühüm rol oynayır. O, qeyd edib ki, ailə təkcə bir sosial qrup deyil, həm də şəxsiyyətin formalaşmasında, sağlamlığında və sosial keyfiyyətlərinin inkişafında həlledici təsirə malikdir.

Birlik, qızların təhsilinə diqqətin artırılmasının vacibliyini vurğulayaraq, onların cəmiyyətin sağlam gələcəyinin təminatında əsas qüvvə olduğunu bildirib. Esmira Rəhimova qeyd edib ki, təhsil almış qadın övladını daha yaxşı tərbiyə etmək və ona sağlam gələcək qurmaq üçün daha bacarıqlı olur. Lakin erkən nikah və qohumlar arasında bağlanan nikahların yaratdığı fəsadlar, xüsusilə genetik xəstəliklərin yüksək riski, cəmiyyətin sağlamlığı üçün ciddi problemlər yaradır.

Birlik bu problemlərin aradan qaldırılması üçün yeniyetmələrə və onların ailələrinə hüquqi və sosial maarifləndirmənin artırılmasını vacib hesab edir. Regionlarda erkən evliliklərin və qohum nikahlarının azalması istiqamətində təhsil və hüquqi biliklərin artırılması 2025-ci il üçün əsas prioritetlərdən biri olacaq.

Esmira Rəhimova bildirib ki, ailə dəyərlərinin qorunması Azərbaycan xalqının mənəvi irsində xüsusi yer tutur və bu dəyərlərin inkişafı cəmiyyətin sağlam gələcəyinin təminatıdır.

 

Pərvanə Fərhadqızı

Chosen
100
15
qht.az

7Sources