EN

Şakir Seyidov yenidən “Kəpəz”ə qayıdır - Özəl

“Sabah”ın sağ cinah müdafiəçisi Şakir Seyidov 2024/2025-ci illər mövsümünün qalan hissəsində “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az saytının əldə etdiyi məlumata görə, Gəncə klubu sabiq futbolçusunu yenidən icarəyə götürmək qərarına gəlib.

Mövsümün qalan hissəsində daha uğurlu çıxış etməyi hədəfləmiş “Kəpəz”in məşqçilər korpusu Seyidovun komandanı gücləndirəcəyinə ümid edir. Bu üzdən də Gəncə klubu paytaxt klubu ilə danışıqlara start verib. Şakirin özü də “Kəpəz”ə keçməkdə maraqlıdır. Məsələ burasındadır ki, “bayquşlar”ın yeni baş məşqçisi Vasili Berezutskinin gəlişindən sonra Seyidova güvənmir. O, son oyunlarda ya heyətə salınmayıb, ya da ehtiyatda qalıb. Bu üzdən də futbolçu oynaya biləcəyi bir komandaya keçməkdə maraqlıdır.

Xatırladaq ki, Şakir Seyidov “Sabah”ın yetirməsidir. O, cari mövsümdə 10 oyuna çıxsa da, fərqlənə bilməyib. 24 yaşlı futbolçunun paytaxt klubundakı ümumi statistikası 59 oyun, 2 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Seyidov ötən mövsümü məhz “Kəpəz”də icarədə keçirib. O, Gəncə klubunun heyətində meydana çıxdığı 30 oyunda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Sabah” Seyidovu vaxtilə “Turan Tovuz”a və Latviyanın “Dauqavpils” klublarına da icarəyə verib.

Şakir Seyidov vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə keçirdiyi 18 oyunda 11 xal toplayıb cə yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Chosen
32
arena.az

1Sources