Astana, 14 yanvar, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada yanvarın 13-17-də XXI Beynəlxalq Jautıkov Olimpiadası (IZhO-2025) çərçivəsində dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın məktəbli və 150 komanda rəhbəri öz biliklərini sınayacaq. Olimpiada ənənəvi olaraq üç əsas fənn - riyaziyyat, fizika və informatika üzrə keçirilir. Beş gün davam edəcək yarışma iki turdan ibarətdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bu nüfuzlu yarışmada iki komanda ilə təmsil olunur. Komanda rəhbəri İsmət Ağayev bildirir ki, hər komandada 7 nəfər olmaqla ümumilikdə 14 istedadlı şagird mübarizə aparacaq.
"Bu olimpiada 21-ci ildir ki, keçirilir. Komandadan gözləntilərimiz çox yüksəkdir, potensiallı şagirdlərdir. Ümid edirik ki, hər biri medal alacaq. Hər bir halda biz onlara maksimum dəstəklə yanlarında olmalıyıq", - deyə İsmət Ağayev vurğulayıb.
Komandanın təcrübəli üzvlərindən olan Ayxan Dəmirli artıq ikinci dəfədir ki, olimpiadada iştirak edir. Keçən il gümüş medal qazanan gənc bu dəfə daha yüksək nəticə əldə etməyi hədəfləyir.
İlk dəfə beynəlxalq səviyyəli yarışmada iştirak edən Rəfiqə Qəmbərova isə komandanın hazırlıq prosesi haqqında danışıb: "Beynəlxalq yarışa hazırlıq ilboyu gedir. Bu, sadəcə bir günün işi deyil. Yarışda peşəkar müəllimlər şagirdləri hazırlaşdırır. Ümid edirəm, komandamız yaxşı nəticə göstərəcək və medallarla geri qayıdacaq".
Təşkilatçıların məlumatına görə, tapşırıqların çətinlik dərəcəsi ixtisaslaşdırılmış siniflərin proqramına uyğundur və beynəlxalq münsiflər heyəti tərəfindən tərtib edilib.
Komanadanın digər üzvü 14 yaşlı Hüseyn Zeynalov həyəcanını gizlətmir, lakin iştirakından məmnun olduğunu bildirir.
Riyaziyyat fənni üzrə yarışacaq Zəhra İbişova isə artıq bir sıra yerli və beynəlxalq olimpiadalarda uğurlar qazanıb. O, komandanın potensialına yüksək qiymət verir: "Builki komandamız yetərincə güclüdür. Ümid edirəm və inanıram ki, çox yüksək nəticə göstərəcəyik".
Qeyd edək ki, 2005-ci ildən keçirilən olimpiadanın əsas məqsədi şagirdlər arasında fizika-riyaziyyat elmlərinin təbliği, beynəlxalq əməkdaşlığın inkişafı, müxtəlif ölkələrin ixtisaslaşdırılmış məktəbləri arasında dostluq münasibətlərinin qurulması və təcrübə mübadiləsidir. Olimpiadanın yekunlarına əsasən, bütün iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim olunacaq. Qaliblər isə müxtəlif dərəcəli diplomlarla yanaşı, qızıl, gümüş və bürünc medallarla mükafatlandırılacaq.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana