EN

Çində yaz festivalında 9 milyard səyahət proqnozlaşdırılır

Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı dövründə Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səyahətin reallaşacağı gözlənilir. SİA xəbər verir ki, yanvarın 14-də səyahət mövsümü başlayıb. Ənənəyə əsasən, Çində il ərzində ölkədaxili ən böyük səyahət dövrü Yeni ilə 15 gün qalmış başlayır. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədi ilə səfərlər edirlər. Elə buna görə də, bütün növ ictimai nəqliyyata tələbat artır. Səyahət dövrü fevralın 22-dək davam edəcək.

Proqnozlara əsasən səyahətlərin təxminən 80 faizi (7,2 milyard) avtomobillə, 510 milyonu qatarla, 90 milyon isə hava nəqliyyatı il reallaşacaq. Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir. Orta hesabla günə 14 min qatar, 18 min 500 təyyarə səfəri düşür ki, bu da ötənilki rəqəmlərdən müvafiq olaraq 4 və 8,4 faiz çoxdur.

Ölkədaxili səfərlərlə yanaşı xaricə səyahətlərdə də artım gözlənilir.

Yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur. Builki yaz festivalı həm də Çin yeni ilinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsindən sonra ilk bayramdır.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayacaq. Bayram tətili rəsmi olaraq 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir. Ay təqvimi üzrə Yeni il Çin ilə yanaşı, Şərqi Asiyanın digər ölkələrində, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Sinqapurda da böyük təmtəraqla qeyd olunur.

Chosen
3
2
sia.az

3Sources