EN

HƏMAS və İsrailin atəşkəs əldə etməsi ilə bağlı nə məlumdur?


Qətərin baş naziri Əl-Tani İsrail və Fələstinin HƏMAS hərəkatının atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyini rəsmən açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Qətər Misir və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə birlikdə danışıqlarda vasitəçi kimi çıxış edir.
“Reuters” agentliyinin mənbəsinin məlumatına görə, atəşkəs razılaşması İsrail hökuməti tərəfindən təsdiqləndikdən sonra yanvarın 19-da qüvvəyə minməlidir.
İsrail Nazirlər Kabineti bu gün – yanvarın 16-da atəşkəslə bağlı qərar qəbul edəcək.
Qətərin baş nazirindən sonra ABŞ Prezidenti Co Bayden bəyan edib ki, uzun aylar davam edən gərgin diplomatiya nəticəsində İsrail və HƏMAS yanvarın 15-də atəşkəs və girovların azad edilməsi barədə razılığa gəliblər.
Baydenin sözlərinə görə, razılaşma Qəzza zolağında döyüşlərə son qoymağa, dinc fələstinlilərin ehtiyac duyduğu humanitar yardımı artırmağa və israilli girovları ailələrinə qaytarmağa imkan verəcək.
ABŞ prezidentinin sözlərinə görə, razılaşmanın əldə olunmasında HƏMAS-a göstərilən böyük təzyiqdən əlavə Livanda atəşkəsin əldə olunması və İranın zəifləməsi də əhəmiyyətli rol oynayıb.
İsrail və HƏMAS arasında əldə olunan razılaşmanın bütün təfərrüatları hələlik açıqlanmayıb. Məlumdur ki, saziş 3 mərhələdən ibarətdir. Atəşkəsin birinci mərhələsinin 42 gün davam etməsi nəzərdə tutulub və bu müddət ərzində İsrail ordusu Qəzza zolağından tədricən geri çəkilməli və hər gün bir neçə yüz TIR humanitar yardımın ora daxil olmasına icazə verməlidir.
İsrail, ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı elan edilən HƏMAS ilk mərhələdə 33 girovu azad etməlidir. İsrailin məlumatına görə, HƏMAS-ın əsirliyində 90-dan çox girov qalıb, onlardan 30-dan çoxu artıq sağ olmaya bilər.
Xatırladaq ki, HƏMAS-ın silahlı qanadından olan qruplar 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücum edərək 1200 nəfəri öldürüb, 250-dən çox insanı girov götürüblər. Bundan sonra İsrail Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Fələstin tərəfinin məlumatına görə, 2023-cü ilin oktyabrından Qəzza zolağında 45 mindən çox insan həlak olub. Yüz minlərlə insan didərgin düşüb. Döyüş əməliyyatları və blokada nəticəsində mülki əhali humanitar fəlakətlə üzləşib.
Chosen
7
25
yeniavaz.com

10Sources