EN

Ermənistan irqçi, revanşist siyasətindən əl çəkməlidir

Qərbi azərbaycanlıların öz dogma yurdlarına dinc, təhlükəsiz, ləyaqətli şəkildə qayıdışı təmin edilməlidir

Hazırda Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisi ta qədimdən oğuz-türk yurdu olub. Bu torpaqlarda azərbaycanlılar min illərlə yaşayıblar. Ermənilər çar Rusiyası tərəfindən bu ərazilərə köçürüldükdən, xüsusilə Ermənistan adlı dövlət yaradıldıqdan sonra zaman-zaman soydaşlarımızın oradan qovulması hakimiyyət orqanlarının kütləvi qırğınlar törətməsi ilə xarakterizə olunan uzun və ağrılı bir proses olub. Bu zorakı proses 1828-ci ildən başlayaraq xüsusən 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə daha amansız olmuşdur. Nəticədə bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Qətiyytlə demək olar ki, ancaq irqi nifrətə, radikal millətçiliyə və zorakı ekstremizmə əsaslanan erməni faşist ideologiyası bu cür genişmiqyaslı və rəhmsiz cinayətlərin törədilməsinə səbəb ola bilərdi.

Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də Azərbaycan yerli televizya kanallalarına verdiyi müsahibəsində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi irqçilik, zorakı ekstremizm, revanşizm və militarizmin yaratdığı təhdidin miqyasını dəqiq ifadə edib. Ölkəmizin başçısı  vurğulayıb ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun: “Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin. Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

Bu günlərdə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerpaka” üzvləri qarşısındakı çıxışında səsləndirdiyi fikirlər, ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətini təsdiqləyir: “Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 il həll edə bilmədiyi problemi həll etdi. Ermənistan və Artsax tamamilə əcnəbilərdən təmizləndi. Yenə deyirəm, bu, 600 illik problem idi və onun əhəmiyyətini erməni xalqı hələ 600 il də bundan sonra hiss edəcək. Təsəvvür edin, bu gün Ermənistanda 180 min əcnəbi olsaydı, bu gün bizim dövlətimiz olmazdı. Zəngəzuru qoruya, şimal-şərq rayonlarımızı qoruya, Sevan sahilini qoruya bilməzdik, burada bir neçə yeni muxtariyyətimiz olacaqdı. Yada salaq ki, azərbaycanlılar üç bölgədə çoxluq təşkil edirdi: Vardenis, Masis, Amasiya - bütün Zəngəzur zonasında onların sayı çox idi. Bu problem həll olundu. Üstəlik, bununla biz demoqrafik problemimizi həll etdik”.

Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu bəyanat, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilməsini birmənalı şəkildə sübut edir. Bütün bunlar  yalnız Ermənistandakı etnik təmizləmənin arxasında duran sistemli planları deyil, həmçinin Qarabağ münaqişəsi zamanı rəsmi İrəvanın bölgədə apardığı işğalçı siyasətin mahiyyətini bir daha təsdiqləyir.

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının açıqlamasında bilidirilib ki, hakimiyyət illəri Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmə əməllərinin böyük hissəsinin aparıldığı dövrə təsadüf edən Ter-Petrosyanın bu bəyanatı Ermənistanın sistemli etnik təmizləmə siyasətini və bu kimi fəaliyyətlərə rəvac verən təhlükəli irqçilik ideologiyasını sübuta yetirən fövqəladə əhəmiyyətə malik bir dəlildir. O da vurğulanır ki, bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkə məktublar ünvanlayıb. Məktublarda Ermənistanın sistemli şəkildə dövlət səviyyəsində həyata keçirdiyi irqi ayrı-seçkilik və etnik təmizləmə siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanması üçün çağırış edilir: “Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyətin Ermənistanın irqi ayrı-seçkilik siyasətinə qarşı qətiyyətli mövqe tutmasına nail olmaq üçün səylərini davam etdirəcək”.

Zahid Rza, “İki sahil”

Chosen
5
ikisahil.az

1Sources