ABŞ Prezidenti Co Bayden oval kabinetdən vida nitqi ilə çıxış edib.
82 yaşlı lider prezidentlik müddətinin yekunlarını ümumiləşdirib, nailiyyətlərindən danışıb, ABŞ və demokratiya qarşısında duran təhdidlər barədə xəbərdarlıq edib.
Oxu.Az-ın verdiyi məlumata görə, vedomosti.ru xəbər yayıb.
Bayden çıxışına onun administrasiyası dövründə İsrail və HƏMAS arasında 8 aylıq fasiləsiz danışıqlardan sonra əldə edilmiş Qəzza sektorunda atəşkəs haqqında tarixi sazişdən bəhs etməklə başlayıb. Bayden komandasının hazırladığı saziş planı növbəti administrasiya tərəfindən həyata keçiriləcək.
Ölkədaxili nailiyyətlər arasında Bayden yeni imkanlar dövrünün başlanmasını qeyd edib: infrastrukturun modernləşdirilməsi, mikroçip istehsalının qaytarılması, dərman qiymətlərinin azaldılması, hamı üçün əlçatan internet, cinayətkarlığın azaldılması.
Xarici siyasətdəki nailiyyətlərindən danışarkən, Bayden Rusiyanı bir dəfə də olsun xatırlatmayıb. Prezident, bununla belə, onun dövründə ABŞ-nin NATO-nu gücləndirdiyini vurğulayıb.
"Ukrayna hələ də azaddır, biz Çinlə rəqabətimizdə onu üstələdik və daha bir çox şey", - deyə o əlavə edib.
Vəzifə müddəti bitmək üzrə olan prezident, həmçinin təhdidlər, o cümlədən hakimiyyətdən sui-istifadə edən ifrat zəngin oliqarxiyanın inkişafı, iqlim dəyişikliyi və onunla mübarizə addımlarına qarşı müqavimət, süni intellektin amerikalıların hüquqları və həyat tərzi üçün riskləri, dezinformasiyanın artması və azad mətbuata təhdid barədə xəbərdarlıq edib.
Bayden prezidentlərin vəzifədə olarkən törətdikləri cinayətlərə görə toxunulmazlığını ləğv etmək üçün Konstitusiyaya düzəliş edilməsinə çağırıb.
"Heç bir prezidentin vəzifədə olarkən törətdiyi cinayətlərə görə toxunulmazlığa malik olmadığını dəqiq göstərmək üçün Konstitusiyaya dəyişiklik etməliyik", - deyə o bildirib.
O, ABŞ xalqı üçün əldə edilənlərlə fəxr etdiyini bildirib və yeni hökumətə uğurlar arzulayıb.
Xatırladaq ki, ABŞ-də prezident seçkisinin 60-cı turu noyabrın 5-də keçirilib, Donald Tramp qalib gəlib. Onun andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Tramp ABŞ-nin 47-ci prezidenti olacaq.
“Cebheinfo.az”