EN

Qanlı Yanvar qırğını: Azadlığın qanla yazılan hekayəsi

1990-cı ilin 20 Yanvar gecəsi Bakı şəhəri sanki həyatla ölüm arasında amansız bir mübarizənin şahidi olmuşdu. Sovet ordusunun güclü silahları və zirehli tankları şəhərin küçələrini ələ keçirərək dinc əhalini amansızca, heç bir mərhəmət göstərmədən vurmağa başladı. O anlarda hər bir güllə sanki bir azərbaycanlının ruhunu vurur, hər bir qan damlası bir millətin müqəddəs arzusunun izini qoyurdu. Bu gecə bir xalqın yaşamaq uğrunda mübarizəsinin, azadlıq istəyinin və bütün dünyanın qarşısında baş əyməmək qərarının ən böyük sınağına çevrildi.

Gecənin qaranlığında hər addım bir fəlakətə, hər nəfəs bir qəhrəmanlığa bərabər idi. Bakı sanki qanla yazılmış bir şeirə çevrilmişdi. Tanklar səssizcə şəhər küçələrini arşınlayarkən hər bir insanın gözlərində həm qorxu, həm də sonsuz bir qətiyyət vardı. O gözlərdə azadlıq arzusunun parlaq işığı var idi; o, bir xalqın birliyini, gücünü və iradəsini simvollaşdıran, silinməyəcək bir işıq idi. Və o gecə, o işıq bütün dünyaya göstərdi ki, heç bir silah, heç bir qüvvət bir millətin azadlıq yolundakı iradəsini qıra bilməz.

20 Yanvar həm də insanın təbiətindəki ən böyük gücün, ürəklərdəki eşqin və millət sevgisinin nümayişi oldu. Şəhidlərimiz yalnız öz canlarını verməklə qalmadılar, eyni zamanda bir millətin azadlıq ruhunu, ümidini və gələcəyini öz qanları ilə mühürlədilər. Onlar həlledici anlarda qəhrəmanlıqdan heç bir zaman çəkinmədilər, qorxmadılar və sadəcə Vətən sevgisi ilə azadlıq uğrunda can verdilər.

Bu qanlı gecə Azərbaycan xalqının yuxudan oyanışıdır. O gecə şəhid olanların xatirəsi yalnız acı bir hüzünlə deyil, həm də böyük bir mübarizə, qürur və azadlıq hekayəsilə yaşamağa davam edir. Çünki hər bir şəhidin ruhu bu torpağın hər qarışında, hər bir ağacın kökündə, hər bir daşda gizlidir. O ruh müstəqil Azərbaycan dövlətinin yaradılmasının zəfər simvoludur.

Həmin günSovet imperiyasının tankları bir şəhəri vurmağa, bir milləti öldürməyə çalışsa da, nəticədə yalnız bir şeyə nail oldular: Azərbaycan xalqının müstəqillik arzusu daha da gücləndi, daha da ucaldı. Çünki bizlər 20 Yanvarın qanlı səhifələrinə baxarkən yalnız acı bir faciə görmədik; bizlər həm də o qanla yazılmış qəhrəmanlıq dastanını, əzmkarlıq və mübarizə izlərini gördük.

Bu faciə, bizə öyrətdi ki, azadlıq ən böyük qiymətə başa gəlir. O gecə şəhid olanların ruhları, bu torpaqda böyüyən hər bir fərd üçün həyatın ən müqəddəs dəyəri olan azadlığın şəhidliklə qazanıldığını göstərdi. Həmin qanlı gecə bütün dünyaya göstərdi ki, heç bir imperiya, heç bir zalım qüvvət xalqın iradəsini məğlub edə bilməz.

20 Yanvar sadəcə bir tarix deyil, bir millətin həyatının dəyişdiyi, azadlıq uğrunda canların fəda olunduğu müqəddəs bir gündür. O gündən sonra Azərbaycan xalqı yalnız bu tarixə deyil, həm də şəhidlərimizin qəhrəmanlıq ruhuna sahib çıxdı. Hər bir şəhid öz canı ilə bu torpağı, bu milləti əbədi olaraq qurtardı və onların adları bu yurdun ən böyük qəhrəmanları kimi ölümsüzləşdi.

Bəli, 20 Yanvar bir qanlı gecədir, amma o qanlı gecədə yazılan tarixdir, qəhrəmanlıqdır, ümdə bir millətin qəhrəmanlıq yoludur. Bu tarix yalnız hüznlü deyil, həm də azadlıq, güc və müstəqillik yolunun simvoludur. Və bu yol bizlərə, gələcək nəsillərə, şəhidlərimizin ruhu qarşısında daima baş əyməyi və onların yolundan gedərək heç vaxt geriyə baxmamamağı öyrədir.

Çünki bu torpaq, bu xalq, bu azadlıq heç vaxt silinməyəcək. Şəhidlərimiz ölümsüzdür! Onların ruhu əbədi olaraq bizimlədir və hər zaman bizə azadlığın nə qədər qiymətli olduğunu, onun uğrunda hər şeyin qurban verilə biləcəyini xatırladır.

Nuranə Qarayeva,
204 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Chosen
4
ikisahil.az

1Sources