EN

Qırğızıstan TDT ölkələrinin ticarətdə qarşılaşdıqları yeni çağırışları açıqlayıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr qaçaqmalçılıq və qeyri-qanuni ticarətlə mübarizə kimi yeni çağırışlarla üzləşir.

"Report" xəbər verir ki, bunu Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin sədri Samat İsabekov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında bildirib.

Onun sözlərinə görə, müasir gömrük xidməti iqtisadi təhlükəsizliyin təmin edilməsində, ticarətin asanlaşdırılmasında və TDT-ya üzv ölkələr arasında davamlı inkişafı üçün şəraitin yaradılmasında mühüm rol oynayır: "Başa düşürük ki, proseslərin rəqəmsallaşdırılması, qaçaqmalçılıq və qeyri-qanuni ticarətlə mübarizə, həmçinin biznes və vətəndaşların maraqlarının qorunması kimi yeni çağırışlarla üzləşirik. Bu baxımdan əməkdaşlığımızın möhkəmləndirilməsinə, birgə qərarlara və əməkdaşların peşəkar səviyyəsinin artırılmasına yönəlmiş bugünkü dialoqun əhəmiyyətini vurğulamaq istərdim. Yalnız birgə səylərlə biz dövrün çağırışlarına səmərəli cavab verə və ümumi türk ailəmiz çərçivəsində iqtisadi artıma töhfə verə bilərik".

S. İsabekov qeyd edib ki, Qırğız Respublikasının Gömrük Xidməti birgə təşəbbüslərin hazırlanması və həyata keçirilməsində fəal iştirak etməyə, ikitərəfli və çoxtərəfli əlaqələri gücləndirməyə və öz təcrübəsini bölüşməyə hazırdır: "Biz inanırıq ki, səylərimizin birləşdirilməsi ölkələrimizin biznes və vətəndaşları üçün daha əlverişli şəraitin yaradılmasına gətirib çıxaracaq".

Chosen
17
report.az

1Sources